Azərbaycan Kəlbəcər rayonu ərazisində mövqelərinin intensiv atəşə tutulduğunu bildirir.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi iyulun 26-sı səhər saat təqribən 05 radələrində məlumat yayıb.
Məlumatda yazılıb ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.
Açıqlamaya görə, iyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri ərazisindəki döyüş mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub.
Bildirildiyinə görə, Azərbaycan ordusunun həmin istiqamətdə yerləşən bölmələri adekvat cavab tədbirləri görürlər.
Ermənistan Azərbaycan tərəfdən atəş açıldığını bildirir
Ermənistan Müdafiə Nazirliyi isə xəbər verir ki, iyulun 26-sı saat 03.30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhədinin Geqarkunik hissəsindəki erməni mövqelərinə müxtəlif çaplı odlu silahlardan atəş açıblar.
Ermənistan Müdafiə Nazirliyi həmçinin bildirir ki, 26 iyul saat 11: 30-dan etibarən Azərbaycan silahlı qüvvələri Ararat bölgəsi, xüsusilə Yerasx istiqamətində atəşkəsi pozaraq müxtəlif çaplı odlu silahlardan erməni mövqelərinə atəş açıb. Məlumatda qeyd olunur ki, Ermənistan tərəfi əks tədbirlər görür.
***
Azərbaycan Kəlbəcərdə mövqelərinin atəşə tutulduğunu deyir
Azərbaycan Kəlbəcər rayonu istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirir.
Bu barədə bu gün, iyulun 25-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, iyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri öz ərazilərindən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutublar.
Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur,
qarşı tərəfə cavab atəşi açılıb.
Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.
Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Artıq, tez-tez istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir. Atəşkəsin pozulmasına görə, onlar bir- birlərini günahlandırırlar. Hətta, ölən və yaralananların olduğu da bildirilir.
Xatırlatma
2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.