Keçid linkləri

2026, 18 İyun, cümə axşamı, Bakı vaxtı 22:32

Dünyada gübrə bahalaşıb, Azərbaycanın gübrə gəliri isə azalıb

Sumqayıtda karbamid zavodu
Sumqayıtda karbamid zavodu

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, cari ilin yanvar-may aylarında Azərbaycana 44.7 milyon dollar dəyərində müxtəlif növ gübrələr idxal olunub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə idxalın dəyəri 5.6 faiz artsa da, həcm ifadəsində ciddi azalma qeydə alınıb. Ölkəyə gətirilən gübrənin miqdarı 21.7 faiz azalaraq 90 min tondan 70.5 min tona düşüb.

Ekspertlər bu fərqi qlobal geosiyasi gərginliklər və Körfəz böhranları fonunda artan qiymətlərlə izah edirlər. Aqrar sektor üçün strateji əhəmiyyət kəsb edən bu məhsulun bahalaşması kənd təsərrüfatı xərclərini artırır. Hökumət 2026-cı ildə kənd təsərrüfatına dəstəyi genişləndirməyi planlaşdırsa da, mütəxəssislər gübrə qiymətlərinin yerli məhsulların maya dəyərini mütləq yüksəldəcəyini vurğulayırlar.

Yeni hədəf: Qarışıq gübrə istehsalı

Mayın 25-də kənd təsərrüfatına həsr olunmuş müşavirədə prezident İlham Əliyev yerli gübrə istehsalının şaxələndirilməsinin vacibliyinə toxunub. Dövlət başçısı "SOCAR Karbamid" zavodunun fəaliyyəti sayəsində Azərbaycanın bir çox ölkələri azot gübrəsi ilə təmin etdiyini xatırladıb: "Ancaq bu, cəmi bir növ gübrədir. Bizə bir çox növ gübrələr lazımdır. Ona görə bəzi xarici şirkətlərlə indi bu məsələlər müzakirə edilir, Azərbaycanda qarışıq gübrə istehsalının yaradılması və gübrələrin fasiləsiz ölkəmizə idxal edilməsi reallaşdırılmalıdır".

Qlobal bazarda vəziyyətin qeyri-müəyyən olduğunu bildirən Əliyev bəzi xarici gübrə zavodlarının bağlandığını da diqqətə çatdırıb: "Çünki qazın qiyməti kəskin artanda gübrə istehsalı iqtisadi cəhətdən səmərəli olmur və müəyyən qıtlıq yaradılır. Ona görə də, əlbəttə, praqmatizm nöqteyi-nəzərindən biz başa düşməliyik ki, bütün növ gübrələri istehsal edə bilməyəcəyik, ancaq hər halda onların çeşidini genişləndirməliyik".

İstehsal və ixracda ciddi geriləmə

Dövlət Statistika Komitəsinin rəqəmləri cari ildə yerli azot gübrəsi istehsalının da zəiflədiyini göstərir. İlk beş ayda ölkədə 200.4 min ton azot istehsal edilib (ötən il bu göstərici 256 min ton idi). İstehsalın zəifləməsi ixrac göstəricilərinə birbaşa mənfi təsir göstərib:

Maliyyə itkisi: Yanvar-may aylarında azot gübrəsi ixracı 53.5 milyon dollar təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 32.2 faiz az gəlir deməkdir.

Həcm azalması: İxracın real həcmi 269.4 min tondan 124 min tona geriləyərək 54 faiz azalıb.

Qlobal bazarda orta satış qiymətlərinin yüksəlməsi ümumi maliyyə itkisini kompensasiya edə bilməyib və Azərbaycan qlobal qiymət artımından yetərincə yararlana bilməyib.

Zavod tam gücü ilə işləmir

Sumqayıt Kimya Sənaye Parkında yerləşən "SOCAR Karbamid" zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib. İllik istehsal gücü 650–660 min ton olan və məhsulunun 70 faizi ixrac üçün nəzərdə tutulan müəssisə hazırda potensialından aşağı səviyyədə işləyir. Rəsmi qurumlar istehsal və ixracın kəskin azalma səbəbləri barədə hələlik hər hansı açıqlama verməyiblər.

XS
SM
MD
LG