Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:23

Seçki məsələsində Azərbaycan Gürcüstandan nəyi götürsün?


Gürcüstanda prezident seçkisi, səsvermə, Tiflis, 28 noyabr 2018
Gürcüstanda prezident seçkisi, səsvermə, Tiflis, 28 noyabr 2018

Azərbaycan 28 noyabr Gürcüstanda baş tutan prezident seçkilərinin ikinci turundan nələri öyrənə bilər və yaxud nələri əxz etməlidir? Bu sualın aktuallaşmasına səbəb Gürcüstandan fərqli olaraq Azərbaycanda indiyə qədər keçirilən seçkilərdə ikinci turun olmaması və yalnız bir komandanın qalib gəlməsidir.

“Gürcüstan Azərbaycandan əxz etsin”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı-nın qənaətincə, Gürcüstan seçkilərindən əxz etməli heç nə yoxdur. Hətta hesab edir ki, yaxşı olardı, qonşu ölkə Azərbaycandan əxz etsin.

“Azərbaycan niyə seçki ilə bağlı əxz etməlidir? Düzdür, 1990-cı illərdə nələrisə öyrənə-öyrənə gəldik, sonda Qərb demokratiyasının da mahiyyətini başa düşdük ki, nəyə xidmət edir. Rusiya imperiyasının da mənafeyini anladıq, ona görə Azərbaycan mövqeyindən çıxış edən namizədlərə üstünlük verdik”, - Məhərrəm Zülfüqarlı deyir.

Məhərrəm Zülfüqarlı , 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı , 10 noyabr 2010

“Seçki qanunvericiliyi, seçki islahatları və dəyişikliklərlə bağlı çox şey öyrənməliyik”

Ancaq seçki üzrə ekspert Bəşir Süleymanlı fərqli düşünür və Azərbaycanın Gürcüstandan öyrənəcəyi çox şeyin olduğunu bildirir. Onun sözlərinə görə, Gürcüstanda 2003-cü il dəyişikliyindən sonra seçki qanunvericiliyində ciddi təkmilləşdirmə və islahatlar aparılıb. Bəşir Süleymanlı fikrini əsaslandırmaq üçün deyir ki, 2003-cü ildən Azərbaycanda bir prezident hakimiyyətdədirsə, Gürcüstanda üçüncü prezident seçilir.

“Baxmayaraq ki, qonşu respublikada prezidentin səlahiyyətləri azaldılıb, amma bütün hallarda seçki yolu ilə dəyişiklik ölkəni inkişafa aparan prosesdir. İnsanlar artıq dövlət idarəçilyində öz rollarını görürlər. Düzdür, Gürcüstan seçkiləri inkişaf etmiş Avropa ölkələrindəki kimi demokratik deyil, pozuntular qeydə alınır, ancaq dəyişiklik həmişə inkişafa aparır. Bir şəxsin, bir qrupun, bir komandanın uzun müddət hakimiyyətdə qalması isə həm iqtidara pisdir, həm də dövlətin inkişafı, rifahı və islahatların aparılması üçün yetərli deyil. Ona görə də Azərbaycan Gürcüstandan öyrənməlidir. Ən azı seçki qanunvericiliyi, seçki islahatları və dəyişikliklərlə bağlı çox şey öyrənməliyik”, - Bəşir Süleymanlı söyləyir.

Bakı, 9 oktyabr 2013
Bakı, 9 oktyabr 2013

“Azərbaycanda əksinədir, o sivil və müstəqil ölkə olduğundan...”

Məhərrəm Zülfüqarlı Gürcüstanda noyabrın 28-də keçirilən prezident seçkiləri ilə Azərbaycanda aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri arasında müəyyən fərqin olduğunu istisna etmir. Amma o, bu fərqin seçki mühiti ilə bağlı olduğunu düşünür:

“11 aprel seçkiləri qarşıdurma olmadan, sabitlik şəraitində keçdi. Gürcüstanda isə Rusiya ilə Qərbin maraqları toqquşur, iki namizədin hər biri bu güclərin maraqlarına xidmət edir. Bu baxımdan Gürcüstan seçkilərində Qərblə Rusiya mübarizə aparır. Azərbaycanda əksinədir, o, sivil və müstəqil ölkə olduğundan 11 aprel seçkilərində başqa xarici dövlətin marağından çıxış edən namizəd olmadı”.

“Seçkilərin qarşıdurmasız keçməsi indikator deyil”

Bəşir Süleymanlı, 2010
Bəşir Süleymanlı, 2010

Amma B.Süleymanlı bildirir ki, seçkilərin qarşıdurmasız keçməsi indikator deyil. Onun fikrincə, indikator seçkilərin xalqın iradəsini ifadə etməsi, azad və ədalətli şəraitdə keçməsidir. Bəşir Süleymanı əlavə edir ki, bəzən Azərbaycanın hakimiyyətinin təmsilçiləri və müdafiəçiləri rəqabətli şəraiti, tərəfdarların namizədlərini coşğun şəkildə müdafiə etməsini, onların meydanlara çıxıb səslərini qorumasını qarşıdurma kimi təqdim edirlər.

“Amma bu ifadə azadlığıdır, onlar öz səslərini müdafiə etmək üçün iradələrini ortaya qoyurlar. Həm də həmin proses seçki dövründə baş verir, davamlı olmur ki, qarşıdurma kimi qiymətləndirilsin. Seçkidən sonra fərqli mənzərə yaranır, onlar ictimaiyyətin başqa komandaya səs verməsi ilə barışırlar”, - seçki eksperti söyləyir.

Xatırlatma

Noyabrın 28-də Azərbaycanın qonşusu Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Birinci turda hakim “Gürcü arzusu” blokunun dəstəklədiyi Salome Zurabishvili səslərin 38,66, müxalifətçi “Güc birlikdədir” blokunun namizədi Grigol Vashadze isə 37,7 faizini toplamışdı.

İkinci turdan sonra Zurabishvilinin səslərin 60, Vashadzenin isə 40,5 faiz səs yığdığı açıqlanıb.

Bu il aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində isə son 15 ildə Azərbaycana rəhbərlik edən İlham Əliyevin elə birinci turda 7 rəqibinə böyük üstünlüklə - 86 faiz səslə qalib gəldiyi bildirilib. Aparıcı müxalifət partiyaları seçkini boykot ediblər. Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bəyan edib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyi, ölkədə ifadə azadlığının təmin edilmədiyi, digər namizədlərin İ.Əliyevi tənqid etməkdən çəkindikləri bildirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG