Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:55

Azərbaycan 2 hərbçisinin yaralandığını, Ermənistan 3 hərbçisinin öldüyünü bildirir-Yenilənir


Azərbaycan-Ermənistan sərhəddi
Azərbaycan-Ermənistan sərhəddi

İyulun 28-də Azərbaycan və Ermənistan qarşılıqlı atəşkəsin pozulması ilə bağlı məlumatlar yayıblar. Azərbaycan iki hərçisinin yaralandığını, Ermənistan isə 3 hərbçisinin öldüyünü, iki hərbçisinin yaralandığını bildirir.

Ermənistan itkiləri açıqlayıb

Ermənistan Müdafiə Nazirliyi iyulun 28-də iki ölkənin sərhəddəki silahlı toqquşma ilə bağlı yekun məlumat yayıb. Məlumatda ölən üç hərbçinin adları qeyd olunub.

Bunlar baş leytenant Hayk Hovhannes Qorqyan, sıravi Koryun Arayik Harutyunyan və sıravi Davit Qarnik Köçəryandır.

Məlumatda qeyd olunur ki, Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində, Sotk-dan Verin Şorjaya qədər olan döyüş əməliyyatlarında üç itkidən başqa Ermənistanın üç hərbçisi yaralanıb, biri isə itkin düşüb.

Rusiyanın təşəbbüsü ilə atəşkəs

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın təşəbbüsü ilə atəşkəs elan olunduğunu bildirir:

"Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilmişdir".

Nazirliyin yaydığı sonuncu məlumatda qeyd olunur ki, "buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir".

Bu məlumata , hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

***

Azərbaycan MN: «Kəlbəcər istiqamətində gərginlik davam edir»

Azərbaycan Müdafiə Nazirliyi (MN) Kəlbəcərdə vəziyyətlə bağlı bu gün, iyulun 28-i səhər saat təqribən 10 radələrində növbəti açıqlama yayıb.
Həmin açıqlamada isə vurğulanır ki, iyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir:

«Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılmışdır.Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır »

Nazirliyin bildirməsinə görə, Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq öz ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.

Açıqlamada qeyd edildiyinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar, vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa dəvət edirlər :

«Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. »
Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

***

Azərbaycan Kəlbəcər rayonunda mövqelərinin növbəti dəfə intensiv atəşə tutulduğunu bildirir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yazıb.

Məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir.
Açıqlamaya görə, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis ( Basarkeçər ) rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşə döyüş mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Nazirlik bildirir ki, qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçuları yaralanıb: «Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur »

Ermənistan Müdafiə Nazirliyi: Ermənistan tərəfdən 3 nəfər ölüb, iki nəfər yaralanıb

Ermənistan müdafiə nazirliyinin yaydığı son məlumatda qeyd olunur ki, səhər saat 9: 20-dək erməni mövqelərinə hücum edən Azərbaycan bölmələri itki verərək əvvəlki mövqelərinə geri çəkilib.

Ermənistanın Müdafiə Nazirliyi 8:0-a olan məlumatda bildirir ki, 3 hərbçisi ölüb, iki nəfəri yaralanıb. Məlumatda döyüşlərin davam etdiyi vurğulanır.

Ermənistanın Müdafiə Nazirliyi isə atəşkəsin 28 iyul saat 03:4-da pozulduğunu bildirir.

Nazirlik iddia edir ki, iyulun 28-i saat 03:40 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətində yerləşən erməni mövqelərinə hücuma başlayıb. Məlumata görə, səhər saat 7-dən etibarən yerli döyüşlər davam edib.

Ermənistanın Müdafiə Nazirliyi hər iki tərəfdən itkilər olduğunu bildirir və daha sonra bu məlumatların dəqiqləşdirldiyini əlavə edir. Nazirlik daha sonra saat 7:30 olan məlumatı təqdim edir və məlumatda bildirilir ki, Ermənistanın iki hərbçisi yaralanıb.

Həm də nazirlik vəziyyətin gərginləçməsində Azərbaycanı günahlanbdırır.

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur.Artıq, tez-tez istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir.

Atəşkəsin pozulmasına görə, onlar bir-birlərini günahlandırırlar. Hətta, ölən və yaralananların olduğu da bildirilib.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG