Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 15:57

Əfqanıstan olaylarının Azərbaycana mümkün təsirləri...


Talibançılar Kabildə

Avqustun 15-də bir çox ölkələrin terror təşkilatı kimi tanıdığı "Taliban" silahlıları Əfqanıstan paytaxtı Kabilə daxil oldular. Onlar prezident sarayını tutublar, prezident Əşrəf Qaninin isə ölkəni tərk etdiyi deyilir. Bu hadisələr ABŞ-ın öz hərbçilərini Əfqanıstandan çıxartması ilə baş verib.

Hazırda Azərbaycan ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Kabil hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir. Bundan başqa, Azərbaycan NATO-nun Əfqanıstana qeyri-döyüş yüklərini daşıyan təyyarələrinin ölkənin hava məkanından keçməsinə və hava limanından istifadəyə icazə vermişdi.

İndi bəzi müşahidəçilər sual edir. Əfqanıstandakı hadisələr ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edə bilər? Azərbaycanın bölgədə əhəmiyyəti azalmayacaq ki? Əfqanıstanı tərk edən qaçqınlar Azərbaycana da gələ bilərmi?

R.Musabəyov
R.Musabəyov

"Azərbaycan vaxtilə antiterror koalisiyasının üzvü idi..."

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov "Turan"a bildirib ki, ABŞ-ın Əfqanıstanla bağlı Azərbaycanın hava məkanından istifadə etməməsi Azərbaycanın bölgədə əhəmiyyətinə heç bir təsir göstərməyəcək: "Azərbaycanın nüfuzuna heç bir təsir görmürəm. Azərbaycan vaxtilə antiterror koalisiyasının üzvü idi və öz ərazisindən qeyri-döyüş yüklərinin keçirilməsini təmin edirdi".

"Ölkəyə qaçqınların kütləvi axını olmayacaq"

Deputat habelə qeyd edib ki, Azərbaycana qaçqınlar yalnız İrandan keçərək gələ bilər: "Biz isə İranla sərhədi çox möhkəm qoruyuruq. Ona görə də belə bir kütləvi keçid gözləmirəm. Az sayda qaçqınlar, Azərbaycan icazə verərsə, gələ bilər, amma ölkəyə qaçqınların kütləvi axını olmayacaq".

Azərbaycan hökuməti Taliban administrasiyasını tanıyacaqmı?
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan son illər Əfqanıstanla sıx əlaqələr qurmuşdu: "1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə "Taliban" idi, ölkə qapalı ölkəyə çevrilmişdi. Sonra isə ABŞ Şimal koalisiyası ilə birgə Kabili tutandan sonra NATO qüvvələri tərəfdaş ölkələrə müraciət etdi ki, Əfqanıstana dəstək olaq. Azərbaycan da antiterror əməliyyatları çərçivəsində sülhməramlıları Əfqanıstana göndərdi".

Politoloq qeyd edib ki, bundan sonra Azərbaycanın ABŞ üzərindən deyil, Əfqanıstanın özü ilə əlaqələri yaranmağa başladı.

E.Şahinoğlu
E.Şahinoğlu

"İndi buna ehtiyac yoxdur"

Ekspert vurğulayıb ki, ABŞ-Azərbaycan əməkdaşlığının ən vacib istiqamətlərindən biri Əfqanıstana daşınan yüklər idi: "Hansılar ki, Azərbaycanın hava məkanı vasitəsilə həyata keçirilirdi və bunu Vaşinqton yüksək qiymətləndirirdi. İndi buna ehtiyac yoxdur. Bu vəziyyətdən Amerikada olan erməni lobbisi istifadə edə bilər. Erməni lobbisi Dövlət Departamentinin Azərbaycana təzyiq göstərməsini təşviq edəndə Dövlət Departamentinin əsas arqumenti bu idi ki, Azərbaycan üzərindən NATO yükləri Əfqanıstana daşınır. İndi bu yoxdur".

"Azərbaycan İranla sərhədini gücləndirməlidir"

E.Şahinoğlu hesab edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələni diqqətdə saxlamalıdır. Politoloqun vurğulamasına görə, müəyyən ehtimallar var ki, Əfqanıstandan olan qaçqınlar İran üzərindən Azərbaycana keçməyə çalışa bilər: "Ona görə də Azərbaycan İranla sərhədini gücləndirməlidir".

XS
SM
MD
LG