Azərbaycan xəbərləri
Azərbaycanda doğum azalmaqda davam edir
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 31 min 462 körpənin doğuşu qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10.0-dan 9.4-ə düşüb. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 33 min 575 körpə doğulduğu açıqlanmışdı.
Rəsmi məlumatlara görə, Azərbaycanda əhali artımı davam etsə də, son 10 ildə doğum 60 faiz azalıb.
2006-cı ildən Azərbaycanda ünvanlı sosial müavinətlərin verilməsi ilə bağlı 18 yaşa qədər uşaqlar üçün nəzərdə tutulan aylıq müavinətlər ləğv edilib. Müxalifət tez-tez bu müavinətin (uşaqpulu) verilməsinin bərpa olunmasını tələb etsə də, ölkə parlamentindəki çoxluq belə təkliflərə müsbət yanaşmır.
Bütün xəbərləri izləyin
AXCP: Nizami rayon şöbəsinin sədr müavini 30 sutka alıb
Dünən, noyabrın 6-dan haqlarında hər hansı məlumat əldə edilmədiyi açıqlanan iki AXCP üzvündən birinin taleyinin bəlli olduğu bildirilir.
AXCP-dən verilən məlumata görə, Nizami rayon şöbəsinin sədr müavini Fərid Quliyevin 30 sutka müddətinə inzibati qaydada həbs edildiyi bəlli olub.
Amma onun nədə günahlandırıldığı açıqlanmayıb.
Bu məlumata Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
AXCP-nin iki üzvündən xəbər yoxdur
Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) Nərimanov rayon şöbəsinin üzvü Vəlisan Həsənov və Nizami rayon şöbəsinin təşkilati işlər üzrə sədr müavini Fərid Quliyevlə əlaqə saxlamağın mümkün olmadığı bildirilir.
AXCP-dən onların saxlandığı ehtimal edilir. Hər iki şəxs son vaxtlar şəxsi avtomobilləri ilə AXCP sədrini tədbirlərə aparırmışlar.
AXCP-dən vurğulandığına görə, Əli Kərimliyə şəxsi avtomobilləri ilə ictimai əsaslarla sürücülük edən şəxslərdən biri cinayət məsuliyyətinə cəlb edildiyindən, digərinin isə maşınına həbs qoyulduğundan onu bəzi fəallar tədbirlərə aparıb-gətirməyi könüllü öz öhdələrinə götürüblər.
Ə.Kərimli də bir müddət öncə demişdi ki, ona ictimai əsaslarla sürücülük və mühafizəçilik edən 10 civarında şəxs bu il əsassız yerə həbs edilib.
Bu məlumatlara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 390-dan çox siyasi məhbus var.
SOCAR Çin şirkəti ilə çərçivə sazişi imzalayıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Çin Xalq Respublikasının "Sinopec Engineering" şirkətinin prezidenti Çjan Sinmin ilə görüşüb.
Bu barədə noyabrın 7-də SOCAR məlumat yayıb.
Məlumata görə, görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.
Habelə bildirildiyinə görə, söhbət zamanı neftin, qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb. Amma sazişin detalları açıqlanmır.
Xatırlatma
Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşma müşahidə edilir. 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Bu il isə "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" qüvvəyə minib.
Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda, Azərbaycan Çinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla əməkdaşlığı da gücləndirib. Amma Azərbaycan müxalifəti hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri inkişaf etdirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.
Yaşı 7 ildən çox olan avtomobillərə aksiz vergisi artırılır
2026-cı ildən Azərbaycana gətirilən istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz vergisi artırıla bilər. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana gətirilən minik avtomobillərinin istehsal tarixi 7 ildən çox olduqda mühərrikin həcminə görə hesablanmış aksiz məbləği 1.5 (benzin) və 2 (dizel) əmsalına vurulacaq. Hazırda bu əmsal, müvafiq olaraq, 1.2 və 1.5-ə bərabərdir.
Rəsmilər bu addımı ölkəyə daha çox yeni avtomobillərin gətirilməsinə təkan verilməsi kimi izah edirlər. Sosial şəbəkələrdə bunu dəyərləndirən ayrı-ayrı vətəndaşlar isə vurğulayırlar ki, ölkəyə neft pullarının gəlişi azaldıqca, hökumət vergiləri, aksiz dərəcələrini artırmaq yolunu tutub.
Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda hər kubsantimetrinə görə 0.30 manat, 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat hesablanır.
Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18 min 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat, 5000 kubsantimetrdən çox olduqda 53 min 600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün isə hər kubsantimetrə görə 70 manat müəyyən edilir.
Xatırlatma
Gələn ilin büdcəsində müxtəlif sahələr üzrə vergilərin artacağı gözlənilir. Layihədə 2026-cı ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43.8 faizini və ya 16 milyard 821 milyon manat təşkil edəcək. Bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 321 milyon manat və ya 8.5 faiz çoxdur.
Əliyev: Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır
Prezident İlham Əliyev noyabrın 6-da Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın bu qurumdakı daimi nümayəndələrinin müavinləri daxildir.
AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda ölkəsi ilə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub.
Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olunub, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.
Xatırlatma
Azərbaycan-NATO əməkdaşlığı 1994-cü ildən başlanıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib. 2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İ.Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.
Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb. Müxalifət bunu hökumətin islahatlara hazır olmaması və Rusiya ilə yaxınlıq kimi izah edir.
Həbsdəki işçi hüquqları fəalından xəbər var
Həbsdə olan işçi hüquqları fəalı Ayxan İsrafilovun Bakı İstintaq Təcridxanasına köçürüldüyü bildirilir. Bu barədə onun yaxınları məlumat yayıb. Onların sözlərinə görə, fəal həbs müddətinin üçdə ikisini tamamladığı ilə bağlı şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Məhkəmə onun vəsatətini təmin etməyib və A.İsrafilov Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Yaxınlarının əlavə etməsinə görə, onun şikayəti üzrə noyabrın 12-də apellyasiya iclası təyin olunub və A.İsrafilov saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına (BİT) köçürülür.
O, ailə üzvləri ilə telefon danışığında bildirib ki, BİT-də qapalı rejim hökm sürür, bu isə onun səhhəti üçün əlverişli deyil: "İstintaq təcridxanası isə qapalı şəraitdir. Bu, birbaşa olaraq mənə verilən hökmə əsasən, hüquq pozuntusudur".
Yaxınlarının vurğulamasına görə, fəalın ayağında zədə var, o, idman hərəkətləri etməlidir, qapalı rejimdə isə bu mümkün deyil. Onların sözlərinə görə, A.İsrafilov həm də bildirib ki, BİT-də ona ailə üzvləri ilə yalnız şüşə arxasında görüşə biləcəyi deyilib: "O əlavə edib ki, onun saxlanıldığı 10 kvadratmetrlik kamerada altı nəfər qalır".
Bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
A.İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə ötən il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il müddətinə azadlıqdan məhrum edilib. A.İsrafilov ittihamı qəbul etmir.
2022-ci ildə yaradılan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
Azərbaycanda yaşayış minimumu 5 faiz artır, istək 100 faiz idi
Azərbaycanda yaşayış minimumu artır. Bu, "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb.
Gələn il ölkə üzrə yaşayış minimumunun 15 manat - təxminən 5.3 faiz artırılması nəzərdə tutulur.
Sənədə əsasən, 2026-cı ildə yaşayış minimumu ölkə üzrə 300 manat (+5.3 faiz), əməkqabiliyyətli əhali üçün 317 manat (+4 faiz), pensiyaçılara 245 manat (+5.6 faiz), uşaqlara isə 260 manat (+5.7 faiz) məbləğində müəyyən ediləcək.
Layihə qəbul ediləcəyi təqdirdə, 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Müstəqil iqtisadçılar isə bundan əvvəl demişdilər ki, əslində Azərbaycanda yaşayış minimumu təqribən iki dəfə artırılmalıdır.
Yaşayış minimumu qida, geyim və s. yaşamaq üçün vacib olan şeyləri almağa kifayət edəcək məbləği nəzərdə tutan əməkhaqqıdır.
Gələn il yol vergisi 3 dəfədən çox artacaq
Gələn ilin büdcəsində müxtəlif sahələr üzrə vergilərin artacağı gözlənilir. Onlardan xüsusilə yol vergisi üzrə artım diqqət çəkir.
Hesablama Palatasının 2026-cı il büdcə layihəsi ilə bağlı rəyində bildirilir ki, növbəti ildə yol vergisi üzrə proqnoz 334.4 milyon manat nəzərdə tutulur. Bu göstərici 2025-ci ilin proqnozu ilə müqayisədə 228.6 milyon manat və ya 3.2 dəfə çoxdur.
"Yol vergisinin artırılması növbəti ildən İcbari Tibbi Sığorta Fondunun gəlir mənbələri ilə bağlı dəyişikliklərdən irəli gəlir. Belə ki, avtomobil benzini, dizel yanacağı və maye qazın idxalı və daxili istehlakından toplanaraq Fonda yönəldilən vəsaitlər dövlət büdcəsinə yönəldiləcək. Eyni zamanda, bu vergi növü üzrə vergi dərəcələrinin artırılması da proqnoz məbləğinin artırılmasına təsir edən amillərdəndir", - rəydə vurğulanır.
Yol vergisi nədir?
Yol vergisi xarici dövlətlərin avtonəqliyyat vasitələrinə ölkə ərazisinə daxil olduqda, yaxud çıxdıqda tətbiq edilir. Həmçinin, ölkə ərazisində avtomobil benzininin, dizel yanacağının, maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisi ödəyiciləridir.
Layihədə 2026-cı ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43.8 faizini və ya 16 milyard 821 milyon manat təşkil edəcək. Bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 321 milyon manat və ya 8.5 faiz çoxdur.
2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon manat müəyyən edilib. Gələn il dövlət büdcəsinin gəlir və xərclərində bir neçə yüz milyon manatlıq artım proqnozlaşdırılır.
Sabirabad xəstəxanasının şöbə müdiri hakim qarşısına çıxarılacaq
Baş Prokurorluq bildirir ki, saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi əvəzində rüşvət almaqda şübhəli sayılan vəzifəli şəxslər barədə ibtidai istintaq tamamlanıb.
Rəsmi açıqlamada söhbət, əsasən, Sabirabad rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri və Həkim məsləhət komissiyasının üzvü olmuş Əlişir Əliyevdən gedir. Vurğulandığına görə, onun "e-tabib" sisteminə tibbi diaqnozlara dair yalan məlumatlar daxil edib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərmək müqabilində xəstəlikdən əziyyət çəkməyən şəxslərdən rüşvət almasına şübhələr yaranıb: "Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, ...barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib".
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İttihama Ə.Əliyev və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb. Həmin maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.
Xatırlatma
Rəsmilərin bildirməsinə görə, son illər ölkədə bir neçə yüz min saxta əlillik dərəcəsi ləğv edilib. Onlar bunu əlilliyin təyin edilməsində yol verilən pozuntuların aradan qaldırılması ilə izah edirlər. Amma bəzi şikayətlərə görə, bu proses zamanı "qurunun oduna yaş da yanır", haqlı yerə əlillik dərəcəsi almış insanlar bundan məhrum edilirlər. Üstəlik, ekspertlərin fikrincə, son illər Azərbaycanda əlillik dərəcəsi almaq qanunvericilikdə də çətinləşdirilib. Onlar bunu ölkəyə gələn neft pullarının azalması, hökumətin "qənaət" tədbirləri ilə əsaslandırırlar.
Palata: AzTV-də 26 milyon manatlıq yanlışlığa yol verilib
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV) fəaliyyətində dövlət vəsaitlərinin və əmlakın idarə olunması zamanı yanlışlığa yol verib.
Bu barədə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi"ndə bildirilir.
Sənəddə deyilir ki, audit nəticəsində AzTV-də əmək müqaviləsi ilə işləyən işçilərə əməkhaqqı kimi ödənilməli olan vəsaitlərin qonorar adı ilə rəsmiləşdirildiyi müəyyən edilib. Ümumi məbləğ 26 milyon manat təşkil edir — bunun 11.3 milyonu 2023-cü ildə, 11.6 milyonu 2024-cü ildə, 3.1 milyonu isə 2025-ci ilin ilk rübündə ödənilib.
Hesablama Palatası vurğulayıb ki, bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarını məhdudlaşdırıb.
AzTV-dən cavab
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən "Qafqazinfo"ya bildirilib ki, qonorar sistemindən tam imtina və maaşların yalnız əməkhaqqı formasında ödənilməsi ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparılır: "Prosesin çətin tərəfi odur ki, televiziya yarandığı gündən maaş və qonorar sistemi ilə işləyib. Əməkdaşlar ortaya qoyduğu məhsulun sayına və keyfiyyətinə əsasən həm maaş, həm də qonorar alıblar. Düşünürük ki, qonorar sisteminin tamamilə yığışdırılması, vahid və standart ödəniş sisteminin yaradılması məhsuldarlığa, işin keyfiyyətinə mənfi təsir edəcək".
Habelə vurğulanıb ki, istənilən halda, əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina ilə bağlı məsələ gündəlikdədir və yaxın zamanlarda bu problem aradan qaldırılacaq: "Tam maaş sisteminə keçid prosesi ötən ildən başlayıb. QSC-də əməkdaşların sayını nəzərə alsaq, məsələnin gələn il tam olaraq həll olunacağını söyləyə bilərik".
Xatırlatma
Hesablama Palatası 2001-ci ildən fəaliyyət göstərir. Hər il Milli Məclisə hesabat verməli olan bu qurum dövlət büdcəsinin həm gəlirlərinə, həm də xərclərinə nəzarət etməlidir. Ölkə parlamentindən fərqli olaraq bəzi müxalif qüvvələr onun fəaliyyətini tam yetərli saymır. Onlar hesab edirlər ki, bu qurum büdcə vəsaitlərinin mənimsənilməsinə aid ciddi pozuntuların üzərinə qətiyyətlə gedə bilmir. Hərçənd, Palata rəhbərliyi belə fikirləri qəbul etmir.
'Mətbuat azadlığının düşmənləri' siyahısında İlham Əliyevin də adı var
Noyabrın 2-də dünyada Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü qeyd olunur. "Sərhədsiz Reportyorlar" (RSF) təşkilatı 2025-ci ildə jurnalistlərə və informasiya azadlığına hücum edən 34 "mətbuat azadlığı yırtıcısı"nın profilini hazırlayıb.
Qurum siyahıda olanları mətbuat azadlığına nifrətin birləşdirdiyini yazır. Onların metodları fərqlənsə də, məqsədləri eynidir: müstəqil media səslərini susdurmaq, xəbər və informasiya hüququnu tapdalamaq. Sükutu təmin edən vasitələr isə qətl, həbs, şantaj, propaqanda, troll ordusudur, - RSF bildirir.
RSF-in siyahısında Çin Kommunist Partiyası və başçısı Si Cinpin, Səudiyyə Ərəbistanının de-fakto lideri Məhəmməd bin Salman, Rusiya prezidenti Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko, İranın ali dini lideri Əli Xamenei, Macarıstanın baş naziri Viktor Orbanın adları yer alıb. Onların hər biri bu il jurnalistlərə və mediaya qarşı güclü təqiblərlə fərqlənə biliblər.
İsrail ordusu, Myanmanın Dövlət Sülh və Təhlükəsizlik Şurası, Burkina Fasonun hərbi xuntası da siyahıdadır.
2025-ci ildə mətbuat azadlığının ovuna çıxanların texnologiyadan getdikcə daha çox istifadə etdiyi vurğulanır. Məsələn, amerikalı milyarder İlon Mask X sosial mediasından jurnalistlərin təqibi üçün yararlanır.
Azərbaycan prezidenti İlham Əliyev də RSF-in "mətbuat azadlığının düşmənləri" siyahısındadır.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Sonradan çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 390-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.
Amma beynəlxalq insan haqları qurumları da hakimiyyəti azad səslərə qarşı təqibləri dayandırmağa, haqsız tutulanları buraxmağa çağırır.
Fərid Mehralızadə beynəlxalq mətbuat azadlığı mükafatına layiq görülüb
ABŞ Milli Mətbuat Klubunun 2025-ci il üzrə Con Obyuşon Mətbuat Azadlığı Mükafatı ABŞ Qlobal Media Agentliyi (USAGM) ilə əlaqəli doqquz məhbus jurnalistə təqdim olunacaq. Agentliyin bu ilin əvvəlində ləğvindən sonra onlar hələ də həbsdədirlər.
AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də mükafatçılar arasındadır.
F.Mehralızadə hazırda "AbzasMedia" korrupsiya araşdırmaları nəşrinə qarşı cinayət işi üzrə 9 il həbs cəzası çəkir. O, qaçaqmalçılıq və digər iqtisadi cinayətlərdə təqsirli bilinib. F.Mehralızadə və bu cinayət işi üzrə həbs olunmuş digər jurnalistlər ittihamları qəbul etmirlər, araşdırmaçı və tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
Milli Mətbuat Klubunun direktorlar şurasının bəyanatında deyilir ki, mükafatın məqsədi həm də ABŞ hökumətinin söz azadlığı ideallarını təbliğ edən fəaliyyətlərinə görə həbs olunan reportyorları qoruya bilməməsinə diqqət çəkməkdir.
"Onların həbsi Amerikanın azadlığa sadiqliyinə inanan hər kəsi qəzəbləndirməlidir", - Klubun prezidenti Mayk Balzamo bildirib. "Bu reportyorlar Amerikanın şəffaflıq və söz azadlığı dəyərlərini təbliğ edirdilər, lakin unuduldular. Onları atıb getmək ölkəmizin nüfuzuna ləkədir və mətbuat azadlığını qorumaqdan geri çəkildiyimiz zaman nə baş verdiyinin xatırladıcısıdır".
USAGM əvvəllər Birləşmiş Ştatların dəstəyi ilə xaricdə fəaliyyət göstərən müstəqil media qurumlarını maliyyələşdirirdi. Tənqidçilərin sözlərinə görə, onun ləğvi onlarla jurnalisti repressiyalar qarşısında həssas vəziyyətdə qoyub və ABŞ hökumətini onların azadlığa buraxılmasına nail olmaq imkanından məhrum edib.
2025-ci ilin martında ABŞ prezidenti Donald Tramp büdcə xərclərinin optimallaşdırılması məqsədilə yeddi dövlət agentliyinin maliyyəsinin azaldılmasını nəzərdə tutan fərman imzalayıb. Bu qurumlar arasında USAGM də var idi.
2025-ci il üçün Obyuşon mükafatlarının təqdimatı dekabrın 9-da Vaşinqtonda olacaq.
Araik Arutyunyan və daha 14 nəfərin işi üzrə məhkəmə istintaqı yekunlaşdı
Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikasının prezidenti" olmuş Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət 15 nəfərin məhkəməsi yekunlaşır.
Onların işinə baxan Bakı Hərbi Məhkəməsinin hakimlər kollegiyası oktyabrın 31-də məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib.
Noyabrın 3-də keçiriləcək növbəti məhkəmə iclasında prokurorlar çıxış edəcək, təqsirləndirilən şəxslərə cəza istəyəcəklər.
Harutyunyan və onunla mühakimə olunan daha 14 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Məhkəmə önünə çıxarılan 15 nəfərin bir neçəsi özünü qismən təqsirli bildiyini deyib, bəziləri isə, ümumiyyətlə, təqsirli bilməyib.
Qarabağdakı keçmiş separatçı rejimin "dövlət naziri" olmuş milyarder Ruben Vardanyan isə tək mühakimə olunur. Onun da işinə Bakı Hərbi Məhkəməsinin sədri və iki hakimindən ibarət eyni kollegiya baxır.
Vardanyan məhkəmədə ifadə verməkdən imtina edib.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.
'Hürriyyət'in baş redaktoru Vüqar Məmmədov həbs edilib
Oktyabrın 31-də "Hürriyyət" qəzeti və "Hürriyyət TV"nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) hakim önünə çıxarılıb. Bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.
Səbail rayon Məhkəməsinin qərarı ilə V.Məmmədov 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib.
Vurğulandığına görə, o, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
"Hürriyyət" Səbail rayon Məhkəməsinin bu qərarını sifarişli və tamamilə əsassız hesab edir.
30 oktyabr
'Hürriyyət TV'nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb
"Hürriyyət TV" internet televiziyasının, eyniadlı qəzetin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) saxlanılıb.
AzadlıqRadiosunun məlumatına görə, oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları bu media orqanlarının yerləşdiyi redaksiyada əməliyyat keçirib. Redaksiyada axtarış aparılıb, kompüterlər, sənədlər götürülüb.
"Vüqar Məmmədovla yanaşı, başqa əməkdaşlar da saxlanılaraq DTX-ya aparılıb. Lakin onlar sonradan buraxılıb", – AzadlıqRadiosunun əldə etdiyi məlumatda bildirilir.
V.Məmmədovun saxlandığını onun yaxınları da AzadlıqRadiosuna təsdiqləyib. Əlavə ediblər ki, redaksiyadan sonra evdə də axtarış aparılıb.
"Hürriyyət"in redaksiyasında əməliyyat keçirilməsi, baş redaktorunun saxlanması barədə məlumatlara DTX-dan şərh almaq mümkün olmayıb.
V.Məmmədov 2023-cü ilin iyununda "Hürriyyət TV"nin efirində qadağan edilmiş məlumatın yayılmasında günahlandırılaraq 1 ay həbs olunmuşdu.
V.Məmmədov Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun, hazırda xaricdə yaşayan hüquqşünas Qurban Məmmədovun bacısı oğludur.
Q.Məmmədov barəsində Baş Prokurorluqda araşdırma gedir. O, bəzi digər mühacirlər kimi, dövlət əleyhinə və kütləvi iğtişaşlara çağırışlarda suçlanır.
Xaricdə yaşayan bəzi bloqerlər barədə bu və digər ittihamlarla qiyabi həbs qərarı çıxarılıb. Onlar ittihamları qəbul etmir, tənqidi çıxışlarına görə təqib olunduqlarını deyirlər.
Azərbaycan qızılın hesabına qeyri-neft ixracını artırıb
Azərbaycanın qeyri-neft ixracında birinci yeri qızıl tutur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın oktyabr sayında bəhs edilir.
İcmalda bildirilir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.7 faiz artaraq 2.6 milyard ABŞ dolları təşkil edib: "İxrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (238 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (157.2 milyon dollar) ikinci, pambıq lifi (134.7 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb".
İİTKM-in bir il əvvəl yayılan icmalında isə deyilirdi ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2.5 milyard ABŞ dolları təşkil edib: "İxrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (150.7 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (139.6 milyon dollar) ikinci, qızıl (115.3 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb".
İcmallardan bəlli olur ki, qeyri-neft sektorunun ixracında artım 100 milyon dollardır. Elə bu qədər də qızılın ixracında artım var.
Bu il dünyada qızıl təqribən 50 faiz bahalaşıb. Azərbaycan bu ilin əvvəlindən də qızıl idxalını kəskin artırıb.
Xatırlatma
2015-ci ildə dünyada neft kəskin ucuzlaşanda Azərbaycan hökuməti qeyri-neft sektorunda ixracı artırmağı qarşısına əsas vəzifə qoyduğunu açıqlamışdı. Amma ekspertlər hesab edirlər ki, keçən bu illər ərzində Azərbaycanın qeyri-neft ixracı əhəmiyyətli şəkildə artmayıb. Məsələn, onlar xatırladırlar ki, 2017-ci ilin doqquz ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1 milyard 69 milyon ABŞ dollarına bərabər olmuşdu. Yəni 2.4 dəfə artım var. Amma elə bütünlükdə ölkənin ixracında da 2.4 dəfə artım olduğu vurğulanır. Nəticə etibarı ilə ixracın yenə 80-90 faizi neft və qazın payına düşür.
Eyni şəxs iki dəfədən artıq Vəkillər Kollegiyasının sədri seçilə biləcək
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi sahəsində məhdudiyyət ləğv olunur. Bu, Milli Məclisin bu gün, oktyabrın 31-də keçirilən iclasında müzakirəyə çıxarılan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri hazırda Anar Bağırovdur. O, bu vəzifəyə 2017-ci ildə seçilib. İkinci beş illik səlahiyyət müddəti 2027-ci ildə başa çatır.
Xatırlatma
Azərbaycan müstəqilliyinin ilk dönəmində bir şəxsin iki dəfədən artıq ölkə prezidenti seçilməsinə də məhdudiyyət var idi. 2009-cu ildə ölkə konstitusiyasına edilən dəyişikliklə bu məhdudiyyət aradan qaldırılıb. Nəticədə hazırkı prezident İlham Əliyev 2003-cü ildən ölkəyə rəhbərlik edir. Konstitusiyaya həmin dəyişiklikdən sonra ölkənin bir sıra qanunlarına da oxşar dəyişikliklər edilib. Bir sıra vəzifələrin, o cümlədən ombudsmanın seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb.