Müsəlmanlar müqəddəs Ramazan ayını qarşılayır. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin məlumatına görə, Azərbaycanda Ramazan mayın 17-də başlayır.
Bəs Azərbaycanda hər bir müsəlman öz dinini istədiyi kimi təcrübə edə bilirmi? Müsəlmanların din azadlığı necə təmin olunur? Faiq Mustafa, İçəri Şəhərdə Aşurbəy, Ləzgi Məscidi kimi tanınan məscidin imamıdır, deyir ki, məscid bir ildir ki, təmirə bağlanıb, amma onlar məscidin əslində təmir olunduğuna inanmırlar. Faiq Mustafa deyir ki, bu məscid, islamı daha doğru təbliğ etdiyi üçün bağlanıb:
“Heç məscidlərimiz var ki?! Olanları da bağlayıblar. Bu boyda sünni olan ərazidə cəmi iki məscid var. Bir İlahiyyət, bir də Qaraçuxur məscidi. Özü də ağzına kimi dolu olur. Camaat da məcbur qalır şəhərdən kənara gedir - Qala, Əzimkənd məscidlərinə. 40 km, 50 km yol gedirlər. Belə işmi olar?”
Faiq Mustafa deyir ki, hələ də sələfiləri saqqal saxladıqlarına görə, işə götürmürlər, onlar yalnız ticarətlə məşğul ola bilirdilər, son zamanlar isə ticarətə də məhdudiyyətlər başlayıb.
Rəsmi statistikaya görə Azərbaycanda əhalinin əksəriyyəti müsəlmanlar, onların da çoxu şiə təriqətinə mənsub olan müsəlmanlardır. Amma başqa islam ölkələrindən fərqli olaraq şiə və sünnilər arasında təriqət ziddiyəti barədə məlumatlara demək olar rast gəlinmir. Ayrı-ayrı dini qruplar, o cümlədən də sünniliyin qolu olan sələfilər digər təriqətlərə mənsub adamların deyil, dövlət qurumlarının basqılarından şikayətlənirlər.
İslam tarixi alimi Altay Göyüşov deyir ki, sələfilər ölkədə artırlar, hakimiyyət bunun qarşısını almaq üçün məscidləri bağlamağa başladı, amma bunun əks təsiri oldu:
“Məscidlərin bağlanması gətirib ona çıxartdı ki, onlar artıq başqa məscidlərə getməyə başladılar, bu məscidlərin çoxu əvvəllər sələfi məscidləri deyildilər. Amma sələfilər həmin məscidləri də nəzarətə götürdülər. Rayonlarda da sələfilər artmağa başladılar”.
Altay Göyüşov deyir ki, hakimiyyəti narahat edən dinin siyasiləşməsidir. Belə ki, məscidlərdə insan haqları, idarəçiliyin vəziyyəti və sair söhbətlər aparılır və bu söhbətlər məscidlərdə sadə dildə, Allahın ədalətinə bağlanaraq aparılanda daha təsirli olur:
“Din dindarın əslində şəxsi məsələsi olmalıdır. Amma bizdə din narazıların öz fikrini ifadə formasına çevrilib. İstər moizələrdə özünü göstərir, istər internet saytlarındakı məlumatlarda və sair. Basqı artan kimi, başqa ifadə vasitələri məhdudlaşdırıldığı üçün camaatın narazılıqdan dindarlaşması prosesi gedir. Və bizdə bu dindarlaşma o yolla davam edir”.
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının bu ilin aprelində açıqladığı hesabatda deyilir ki,Azərbaycanda əslində müsəlman təşkilatlar, başqa dinlərə aid qruplardan daha çox məhdudiyyətlə üzləşirlər. Hesabata görə, ölkədəki siyasi məhbusların iki mövcud siyahısında təxminən 160 nəfər var və bunlardan 90-100-nün dini fəaliyyətlərinə görə həbs edildiyi düşünülür. Həbsdəki dindarlardan biri də Nardaran hadisələrində həbs olunmuş Tale Bağırzadədir. Onun xanımı Leyla Bağırzadə deyir ki,həyat yoldaşını da yalnız çıxışlarına görə həbs ediblər:
“Hacı Tale əvvəl də məhbus olub. O söhbətlərində hicaba qadağalara etiraz edirdi. Həmçinin qadınların şəxsiyyət vəsiqəsində başıbağlı foto çəkdirməsinə qoyulan qadağaya etiraz edirdi. Bu, əlbəttə ki, hamımızı narahat edir. Biz naməhrəmdən özümüzü qoruyuruq, şəxsiyyət vəsiqələrinə isə sərhəd məntəqələrində kişilər baxır. Bu da bizimçün çox qəbuledilməzdir. Onun çıxışlarında korrupsiya da var idi, insanların hüquqlarının pozulması da var idi”.
Tale Bağırzadə və təşkilatının üzvləri dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və sairdə ittiham olunaraq, 2015-ci ildə həbs olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı keçən ay AzadlıqRadiosuna müsahibəsində deyib ki, ölkədə heç kim əqidəsinə və etiqadına görə sıxışdırılmır:
“Əgər qanuna görə məsuliyyətə cəlb olunan, yaxud barəsində inzibati tədbir görülmüş şəxslər arasında hər hansı dini cərəyanın mənsubu varsa, bu, onların əqidəsindən deyil, qanunazidd əməllərindən qaynaqlanır”.
Azərbaycanda inanclı, dindar insanların hansı problemləri var? AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin fikrilərini öyrənib.
İslam tarixi alimi Altay Göyüşov deyir ki, Azərbaycanda fundamental azadlıqlar sıxıldıqca dinə meylin artması gözləniləndir. Onun sözlərinə görə, ölkədə ümumiyyətlə dindarların sayı artır, təkcə rəsmi rəqəmlərə görə, şiələrin Aşuradan sonrakı Ərbəin mərasiminə qatılan dindarların sayı bu il, keçən ilə nisbətən 33 faiz çox olub.
Beynəlxalq hesabatlarda, Azərbaycanın insan haqları reytinqi aşağıdır, hökumət söz, ifadə, sərbəst toplaşmaq və sair azadlıqların pozulmasına görə tənqid olunur.