Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 08:34

'Xəzərdəki faciənin məsuliyyəti...'


Xəzərdə neftçilərin itkin düşdüyü yer

“Azadlıq.info” saytı bir qrup demokratik siyasi qüvvənin yaratdığı Milli Şuranın Xəzərdə neftçilərin itkin düşməsi ilə bağlı bəyanatını yayıb.

Milli Şura öz bəyanatında göstərir ki, Xəzər dənizində ötən il və bu il yaşanan faciələr “təbiət hadisəsindən daha çox məmur özbaşınalığı, korrupsiya, əlaqədar orqanların və şəxslərin cinayətkarcasına səhlənkarlığı, səriştəsizliyi və məsuliyyətsizliyinin nəticəsidir:

“5 dekabr faicəsi zamanı məlum oldu ki, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən idarə olunan dərin özüllərdə iş şəraiti xarici şirkətlər tərədindən çalışdırılan platformalarla müqayisəedilməz dərəcədə ağır və təhlükəlidir. ADNŞ-in tabeliyində olan platformalarda elementar təhlükəsizlik tələblərinə riayət olunmur, neftçilər lazımi keyfiyyətdə və miqdarda hidravlik kostyumlar və xilasedici jiletlərlə təmin edilməyib. Xilasetmə qayıqları (şlupkalar) müasir tələblərdən və təhlükəsizlik standartlarından çox geri qalır, platformalar yenə də təhlükəsizlik tələblərinə zidd olaraq onilliklər boyu təmir edilməyib və istismara yaralı vəziyyətədə deyil”, bəyanatda ötən il baş verən və 30 neftçinin həlak olduğu hadisə belə qiymətləndirilir.

Milli Şuranın bəyanatında deyilir ki, artıq bu cür hadisələrin məsuliyyəti təkcə Dövlət Neft Şirkətində yox, həm də ilk faciələrdə cavabdehləri məsuliyyətə cəlb etməyən və növbəti faciələrə yol açan siyasi hakimiyyətdədir.

“Akif Çovdarovun viranə qalmış 3 milyonluq binası”

Akif Çovdarov, məhkəmədən aparılarkən
Akif Çovdarov, məhkəmədən aparılarkən

Eyni sərlövhəli məqalə “Yeni Müsavat” qəzetində dərc olunub. Qəzetin əməkdaşları ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi general Akif Çovdarovun əmlaklarının vəziyyətini araşdırıb.

“Akif Çovdarovun Bakının Nəsimi, Səbail, Binəqədi, Xətai, Nərimanov, Nizami, Yasamal, Sabunçu və bölgələrdə- Qəbələ, Kürdəmir, Xızı, Abşeron, Şamaxı rayonlarında olan və üzərinə həbs qoyulan əmlaklarının ümumi dəyəri 32.256.900 manat təşkil edir. Həbs qoyulan əmlaklar arasında evlər, ticarət obyetkləri və torpaq sahələri də yer alır”, qəzet yazır.

Qəzetin əməkdaşları Akif Çovdarovun olduğu iddia edilən Bakının 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadrat metr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı binasının vəziyyətini öyrənib:

“Generalın həbsindən sonra əmlaklarına həbs qoyularkən adı çəkilən bu tikilinin dəyəri 3 milyon 178 min manat qiymətləndirilib. Qısa zaman ərzində ucaldılan binanın tikintisi Çovdarovun həbsi ilə yarıda qalıb. Hazırda hasara alınan yarımtikilinin nəzarətçisi belə yoxdur”.

"Məni diləndirdilər"

"Modern.az" saytı dekabrın 17-də sosial şəbəkələrdə itkin düşdüyü bildirilən Bakı məktəblisinin taleyi ilə maraqlanıb.

Bakı, küçədə qalan uşaqlar 06 yanvar 2011
Bakı, küçədə qalan uşaqlar 06 yanvar 2011

“95 nömrəli orta məktəbin 3-cü sinif şagirdi, dünən saat 14.00 radələrindən itkin düşən Amin Abbasov özü evə gəlib.“Aminin anası bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib: “Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır”.

Uşağın anası Arzu Abbasova bildirib ki, Amil günorta məktəbdən gəldikdən sonra həyətə velosiped sürməyə düşüb və bir daha geri qayıtmayıb:

“Qardaşı da onunla olub. Lakin əli üşüdüyündən evə qalxıb. Amil isə həyətdə qalıb”, o, oğlunun necə yoxa çıxdığını xatırladarkən deyib.

Ermənistanda yeganə Azərbaycan bayrağı olan yer

Bakı, Bayraq meydanı, 18 oktyabr 2013
Bakı, Bayraq meydanı, 18 oktyabr 2013

Ermənilərin işğalçılıq siyasəti nəticəsində Ermənistanla Azərbaycan arasında bütün diplomatik münasibətlər pozulsa da, Ermənistanda bir yerdə Azərbaycan bayrağı dalğalanır.

"Publika.az " bildirir ki, həmin yer İrəvandakı "Ararat" konyak zavodunun sexlərindən birindədir. Bu bayraq "Sülh Çəlləklər"inin yanındakı yeganə Azərbaycan bayrağıdır.

Konyak dolu çəllək bura 1994-cü ildə, mayın 12-də Dağlıq Qarabağda gedən müharibənin dayandırılması məqsədilə atəşkəs haqqında Bişkekdə saziş imzalanandan sonra qoyulub.

Ermənilərin iddiasına görə, həmin çəlləyin ağzı Qarabağ münaqişəsi birdəfəlik həll olunandan sonra açılacaq. Hətta hamı bu çəlləyin tez açılmasını və oradakı konyakın içilməsini istəyir, - publika.az yazır.

"Futbolçular topu hiss edə bilmirdilər" - Qurban Qurbanov ​

“Futbolçuların çıxışından razı qaldım. İlin sonları olsa da, yaxşı oynadılar. Onlara göstərdikləri oyuna görə təşəkkür edirəm. Oyuna gələn azarkeşlərə də təşəkkür edirəm. Bu cür havada komandanı dəstəklədilər. Belə havada oynamaq çətin idi".

"Qol.az "-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 14-cü turunda "İnter"lə oyundan (0:0) sonra deyib.

Qurban Qurbanov, 13 avqust 2009
Qurban Qurbanov, 13 avqust 2009

"İlk hissədə həddən artıq soyuq idi.Futbolçular hətta topu hiss edə bilmirdilər. Səbəb axtarmazdım, amma diqqətli olsaydıq, qələbə qazana bilərdik" - deyə o bildirib.

Qurbanov 2016-cı ildə xeyli sayda uğurlu oyun keçirdiklərini, amma çatışmayan yeganə məqamın Avropa Liqasında qrupdan çıxa bilməmələri olduğunu söyləyib:

"Ölkə çempionu olduq, kuboku qazandıq və Avroliqada qrupa vəsiqə qazandıq. Minimum vəzifəni yerinə yetirdik. Qrupdan çıxmaq istəyirdik. Ancaq alınmadı. Ötən illərə nisbətən daha çox xal toplasdıq. Bəzi oyunçuların çıxışından narazı qaldım. Ancaq ümumi götürəndə razıyam".

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG