2026, 13 Noyabr, cümə, Bakı vaxtı 18:25

Bakı yeni öhdəliklərə görə Avropa Siyasi Birliyinin sənədlərinə qoşulmayıb

İrlandiyanın baş naziri Mişel Martin Dublində Avropa Siyasi Birliyinin sammitində Azərbaycan prezidenti İlham Əliyevi salamlayır.
İrlandiyanın baş naziri Mişel Martin Dublində Avropa Siyasi Birliyinin sammitində Azərbaycan prezidenti İlham Əliyevi salamlayır.

Azərbaycan Avropa Siyasi Birliyinin (EPC) Dublində keçirilən 9-cu Zirvə toplantısında qəbul edilmiş bir sıra sənədlərə qoşulmayıb. Söhbət Avropa təhlükəsizliyi, miqrasiya və narkotik maddələrin dövriyyəsi ilə bağlı sənədlərdən gedir.

Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə yerli mediaya açıqlamasında bu qərarı həmin sənədlərin hüquqi və siyasi cəhətdən əlavə öhdəliklər yaratması ilə əsaslandırıb: "EPC ölkələr arasında qarşılıqlı etimad və əməkdaşlığı təşviq edən qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin bu platformada iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara yanaşmaları müzakirə etmək və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Məhz bu səbəbdən Azərbaycan tərəfi əlavə hüquqi və siyasi öhdəliklər yaradan həmin sənədlərə qoşulmayıb".

Nazirlik sözçüsü konkret hansı müddəaların rəsmi Bakı üçün məqbul sayılmadığını açıqlamayıb.

"Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə"də Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə qəti dəstək ifadə olunur. Rəsmi Bakı indiyədək Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Elə Dublin sammiti çərçivəsində də prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. Zelenski Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə də elektrik avadanlıqlarının təchizatına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Bəyannamənin digər bir maddəsində onu imzalayan ölkələrin insan haqlarına və fundamental azadlıqlara sadiqliyi vurğulanır. Azərbaycan hakimiyyəti ölkədə bütün təməl hüquq və azadlıqların tam qorunduğunu desə də, yerli və beynəlxalq insan haqları təşkilatları ölkədə azı 300 siyasi məhbusun olduğunu bildirirlər.

Böyük Britaniya, Danimarka və İtaliyanın təşəbbüsü ilə hazırlanan "Miqrasiya haqqında Bəyannamə" qanunsuz miqrasiya ilə mübarizəni, sərhəd təhlükəsizliyini, miqrantların geri qaytarılmasını və ölkələr arasında məlumat mübadiləsini əhatə edir.

"Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyannaməsi" isə Fransa və İtaliyanın təşəbbüsü ilə yaradılan koalisiyanın sənədidir. Burada narkotik qaçaqmalçılığına qarşı mübarizə, cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının alınması və narkotik asılılığı ilə mübarizə məsələləri yer alır.

​
XS
SM
MD
LG