Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:06

Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə olunub


ATƏT-in bayrağı
ATƏT-in bayrağı

“ATƏT çərçivəsində təhlükəsizliyin bölünməzliyi fundamental prinsipdir. Bütün üzv dövlətlərin Helsinki Yekun Aktı üzrə öhdəliklərinə sadiq olması vacibdir”.

Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşündə belə deyib. Bu haqda nazirliyin məlumatında bildirilir.

E.Məmmədyarov Ermənistanın ATƏT üzv dövləti qismində Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğunu, Dağlıq Qarabağ və ətraf regionların işğalını davam etdirdiyini vurğulayıb. Nazir ATƏT-in Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından ötrü səylərini artırmasının vacibliyini qeyd edib.

Nazirin Azərbaycanın ATƏT məkanında iqtisadi əməkdaşlığın və uzlaşma xətlərinin yaradılması istiqamətində gördüyü işlərdən də bəhs etdiyi bildirilir.

Görüşdə ikitərəfli əlaqələrin inkişafında parlament diplomatiyasının rolu qeyd edilib. Bu xüsusda, ATƏT-in Parlament Assambleyası ilə əməkdaşlıq təqdir olunub.

Tərəflərin Azərbaycan və ATƏT arasında əməkdaşlıq proqramlarını nəzərdən keçirdiyi də qeyd edilir.

ATƏT-in baş katibinin Azərbaycana səfəri bu gün, sentyabrın 12-də başlayıb. O, bundan əvvəl Ermənistanda işgüzar səfərdə olub.

Sentyabrın 12-də Tomas Qremingeri prezident ilham Əliyev də qəbul edib. Həmin görüşdə Azərbaycan prezidenti Ermənistan hakimiyyətini Qarabağ münaqişəsi ilə bağlı danışıqlara xələl gətirməkdə günahlandırıb.

Xatırlatma

Azərbaycan 1992-ci ilin yanvarında ATƏM-ə (1995-ci il yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı-ATƏT adlanır-R) üzv qəbul edilib.

ATƏT Qarabağ münaqişəsinin həllində vasitəçidir. Münaqişənin nizamlanması ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədrləridir.

1999-cu ildən Bakıda ATƏT-in ofisi fəaliyyət göstərib. Ancaq 2015-ci ildə Azərbaycanın istəyi ilə həmin ofis baglanıb.

ATƏT-in Bakı ofisinin statusu Azərbaycan tərəfinin istəyi ilə hələ 2014-cü ilin yanvarında azaldılaraq “layihə koordinatorunun” ofisinə çevrilmişdi.

Missiyanın statusunun azaldılmasını xahiş edən Azərbaycan hökuməti Bakıda 1999-cu ildə ATƏT ofisi açılandan bəri ölkənin “əhəmiyyətli tərəqqi” etdiyini bəyan etmişdi.

Ölkə müxalifətə isə bununla razılaşmır.

XS
SM
MD
LG