“Azərbaycan Afrika ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirməkdədir. Bu əlaqələrin inkişaf etdirilməsi üçün son illər mühüm addımlar atılıb”.
Azərbaycanın baş naziri Novruz Məmmədov Afrika İttifaqı Komissiyasının enerji və infrastruktur məsələləri üzrə komissarı Amani Abu-Zeydlə görüşündə belə deyib.
Nazirlər Kabinetinin məlumatına görə, iyulun 25-də keçirilən görüşdə Azərbaycanla Afrika İttifaqı arasında “yüksək səviyyəli” dialoqun keçirilməsinin, hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.
Novruz Məmmədov iqtisadiyyatın müxtəlif istiqamətlərində, xüsusən energetika sahəsində Azərbaycanla Afrika İttifaqı arasında əməkdaşlıq üçün böyük potensial mövcud olduğunu vurğulayıb.
Ölkənin neft-qaz hasilatı və ixracı sahəsində zəngin təcrübəsinin olduğunu bildirən baş nazir deyib ki, Azərbycan bu təcrübəni Afrika İttifaqı ölkələri ilə bölüşməyə hazırdır.
Novruz Məmmədov bu ölkələrin Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyini dəstəkləyəcəklərinə ümid etdiyini də qeyd edib.