Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:57

150-yə yaxın süni göl ləgv edilib


Arxiv foto
Arxiv foto

Azərbaycanda 147 süni gölün ləğv edildiyi bildirilir. Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, həmin göllər torpaq qanunvericiliyi pozulduğuna görə, ləğv olunub.

Məlumatda bildirilir ki, komitə ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlilini aparıb. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə ümumilikdə 529 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb.

“Hazırda ölkədə 382 təbii və süni göl fəaliyyət göstərir. Bu göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fondu qış otlaq sahələrində yaradılıb. Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir. Süni balıq göllərindən 14-ü meşə fondu torpaqlarında, 37-si su fondunda, 298-i isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb”.

Buna da bax: 'Məmurların balıqçılıq təsərrüfatıma gözü düşüb' - Sahibkar​

Komitə bildirir ki, təyinatına uyğun olmayan torpaq sahələrində mövcud olan 188 hal barədə inzibati protokol tərtib edilib, onların sahiblərinə 85 min manat cərimə yazılıb.

Habelə, qeyd edilir ki, 25 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsindən ötrü hüquq mühafizə orqanlarına göndərilib. Hazırda 45 gölün fəaliyyətinin araşdırmaları davam etdirilir.

Monitorinqlər zamanı balıq göllərinin əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında yaradıldığının məlum olduğu vurğulanır.

Süni göllərin ən çox Neftçala, Salyan, Biləsuvar, Sabirabad rayonlarında yaradılmasının aşkar edildiyi qeyd edilir.

Buna da bax: Kiçik göllər ətrafında böyük çəkişmə...

Komitə bu tədbirlərin torpaq sahələrinin səmərəli istifadəsi məqsədi ilə aparıldığını bildirir.

Ancaq açıqlamada ləğv edilən gollərin dəqiq ünvanları göstərilmir. Məsələyə həmin göllərin sahiblərinin münasibətini, hələlik, əldə etmək mümkün olmayıb.

XATIRLATMA

Azərbaycanda torpaq sahələrindən səmərəli istifadə mövzusu 2016-cı ilin əvvəlində gündəmə gəlib. Həmin vaxt prezident İlham Əliyev ölkədə torpaqların təyinatına uyğun səmərəli istifadəsi və torpaqların qeyri-qanuni zəbt olunmasının qarşısının alınması ilə bağlı göstərişlər vermişdi.

Ardınca Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan torpaqlarının dövriyyəyə qaytarılması ilə bağlı xüsusi qaydalar hazırlamışdı.

Torpaqlardan səmərəli istifadə sahəsində reallaşdırılan tədbirlər birmənalı qarşılanmır.

Bir çox rayonların fermerləri deyirlər ki, yerli rəsmi qurumlar torpaqlardan səmərəli istifadə edilməməsi əsası ilə onların icarəyə götürmüş olduqları və heyvandarlıqda istifadə etdikləri torpaqları əllərindən alırlar.Üstəlik, bu məsələdə balıqçılıqla məşğul olan sahibkarların da narazılığı eşidilir.

Ekspertlər görə, ölkədəki belə icarə torpaqları bir əldə cəmləşməkdədir.

XS
SM
MD
LG