Noyabrın 26-27-də Ermənistanda bu ölkə və Azərbaycan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa keçiriləcək.
Yerli saytların məlumatına görə, bu barədə "Sülh körpüsü" təşəbbüsünün mətbuat açıqlamasında bildirilib.
Dəyirmi masa çərçivəsində 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüslər müzakirə olunacaq.
Görüşdə, eyni zamanda, iki cəmiyyət arasında qarşılıqlı etimadın gücləndirilməsi tədbirləri, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanları nəzərdən keçiriləcək.
Müzakirələrin gündəliyinə humanitar məsələlər, gənclərlə iş, təhsil sahəsi, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri də daxildir.
"Sülh körpüsü" dialoq platforması bu iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın möhkəmləndirilməsi və davamlı dialoqun qurulması məqsədilə yaradılıb. Platforma çərçivəsində indiyədək tərəflər arasında bir neçə görüş baş tutub.
İlk görüş 2025-ci il oktyabrın 21–22-də Yerevanda keçirilib və dialoqun əsas istiqamətləri müəyyənləşdirilib. Növbəti görüş 2025-ci il noyabrın 21–22-də Bakıda baş tutub; burada hər iki ölkədən ekspertlər və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri iştirak ediblər.
Sonuncu görüş isə aprelin 10-12-də Qəbələdə təşkil olunub. Həmin görüşdə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun və birbaşa əlaqələrin təşviqi məsələləri müzakirə edilib.
Lakin onların bu ilin sentyabrında Yerevanda keçirilməsi planlaşdırılan dördüncü görüşü təxirə salınmışdı.
Media orqanlarında bu Qarabağdakı mədəni irs ətrafında "yaranan gərginliklə" izah edilirdi.
Mübahisənin Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin xarici diplomatlarla birlikdə Qarabağa səfəri zamanı yerli monastırlardan ikisini "Qafqaz Albaniyası kilsələri" adlandırmasından sonra yarandığı bildirilirdi.
Ermənistan tərəfində abidələrin erməni irsinə aid olduğunu deyir və bunun inkarının sülhə xələl gətirdiyini düşünürdülər.
Yerevan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan “Azatutyun”a açıqlamasında Azərbaycan tərəfinin görüşü “gərginlik səngiyənədək” təxirə salmaq qərarına gəldiyini bildirmişdi.
Rəsmi Bakı həmin vaxt məsələyə münasibət bildirməmişdi.
Xatırlatma
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən artıq münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Həmin sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı və qarşılıqlı iddialara son qoyduğu bəyan edilib. Orada habelə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə bağlı da razılıq əldə olunub. TRIPP Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir.