Türk Hava Yolları 84 uçuşu dayandırıb
«Türk Hava Yolları» (THY) «Atatürk» hava limanında gözlənilən fırtına səbəbindən Bakı-İstanbul reysini ləğv edib.
Şirkətin saytında verilən məlumata görə, bu il yanvarın 6-sı və 7-də nəzərdə tutulan 84 uçuş dayandırılıb.
Həmin reyslər arasında yanvarın 7-də İstanbul-Bakı (08.15 ) və Bakı-İstanbul (04.45-də ) uçuşları da var.
THY hava şəraitinin əlverişsizliyi səbəbi ilə dekabrın 31-i və yanvarın 1-də də bəzi reyslərini təxirə salmışdı
Twitter işarə sayını artıra bilər
Twitter sosial şəbəkəsi işarə sayına qoyduğu məhdudiyyəti qaldırmağı düşünür. Bu, 300 milyondan çox istifadəçiyə daha geniş ifadə imkanı verəcək.
Texnologiya xəbərləri saytı olan Re/Code yanvarın 5-də yazıb ki, Twitter işarə sayının 140-dan 10 minə artırılmasını nəzərdən keçirir. On ildir bu sosial şəbəkədə 140 işarəlik limit mövcuddur.
Şirkət elə bir versiya üzərində işləyir ki, mesajda yalnız 140 işarə görünsün, ancaq tvitin üstünə basanda davamı çıxsın.
Neft yenə ucuzlaşır
Çərşənbə günü – yanvarın 6-da «Brent» neftinin qiyməti bir neçə gündən bəri qalxdığı səviyyədən enməyə başlayıb, son 11 ilin ən aşağı həddi ətrafında var-gəl edib. Səbəb Yaxın Şərqdə iki əsas istehsalçı arasında gərginlikdir.
Səudiyyə Ərəbistanında şiə ruhaninin edamından sonra İranla gərginlik bu həftə neftin qiymətini elə də qaldıra bilmədi. Əksinə, OPEK üzvlərinin qiymət artımı naminə istehsalı azalda biləcəyinə dair spekulyasiyalara da son qoyuldu.
«Reuters» agentliyi xəbər verir ki, yanvarın 6-da GMT vaxtilə 06:13-də «Brent» markalı neftin barreli 36.45 dollara bərabərləşib. Ötən ilin dekabrında bu rəqəm 35.98 dollar, yəni son 11 ildə ən aşağı həddə idi.
Əliyev devalvasiyadan sonra hansı islahatları aparıb?
«Azadlıq» qəzeti yazır ki, monopoliya, korrupsiya, qiymət artımı, yüksək faizli kreditlər hələ də qüvvədədir: «Həmişəki kimi hökumət yenə də boş vədlərlə vəziyyəti dəyişmək istəyir. Guya, ciddi işlər görülür, böhrandan çıxış yolları tapılıb və s. Hətta mətbuatda da bu istiqamətdə təbliğat başlayıb. «İlham Əliyev ciddi islahatlara başladı», «Hakimiyyətdən qətiyyətli addımlar» başlıqlı yazılar dərc olunur. Amma diqqət edəndə heç bir islahatın işartısı görünmür».