Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:22

Azərbaycan Avropa Birlyi münasibətləri nə yerdədir? 


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Josep Borrell-18 dekabr , 2020
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Josep Borrell-18 dekabr , 2020

İqtisadi təhlilçi Natiq Cəfərlinin fikrincə Avropa Birliyi ilə sazişin imzalanması Azərbaycanın özünə daha çox xeyir verəcək. O hesab edir ki, bu, xarici investorlar üçün pozitiv siqnala çevriləcək və kommunikasiyaların açılmasına da burada işarə var

İyulun 8-də Azərbaycanda səfərdə olan Avropa Birliyinin (AB ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheyin «Şərq tərəfdaşlığı» ölkələrinə yeni yardım planından söz açıb. Yeni plan postkovid dövründə region ölkələrinə yardımı nəzərdə tutur və iqtisadi, sosial sahələri əhatə edir. O.Varheynin sözlərinə görə, plan Avropadan investorların cəlb olunmasını və ticarət əlaqələrinin genişləndirilməsini əhatə edir.

Bəs avropalı investorlar Azərbaycanda işləməyə can atacaqmı?

2021-ci il iyunun 1-dək Azərbaycanda 16 min 121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, bunlardan 10 min 787-nin fəaliyyəti aktivdir, 4472-nin fəaliyyəti dayandırılıb, 862-si isə ləğv edilib. Bu ilin yanvar-may aylarında dövlət qeydiyyatından keçmiş 359 xarici investisiyalı kommersiya hüquqi şəxsin 29 faizinin ticarət, 27 faizinin xidmət, 13,1 faizinin tikinti, 30,9 faizinin isə digər sahədə fəaliyyət göstərdiyi bildirilir.

Milli Məclisin deputatı Sevil Mikayılova «Turan» Agentliyinə deyib ki, Azərbaycan və Avropa Birliyi arasında münasibətlər son illərdə yüksələn xəttlə inkişaf edir : «Azərbaycan və Avropa Birliyi tam bərabər hüquqlu əməkdaşlıq müstəvisində uğurla irəliləyirlər. Bir sıra birgə layihələr həyata keçirilir. Qarşılıqlı fayda gətirən bu layihələr əlaqələri mahiyyətcə tam yeni bir səviyyəyə gətirib çıxarıb».

Azərbaycan parlamenti
Azərbaycan parlamenti

«Azərbaycana beş istiqamət üzrə…»

Deputatın sözlərinə görə, AB-nın Azərbaycanın apardığı ədalətli müharibənin nəticələrini qəbul etməsi və postkonflikt inkişafdan danışması çox müsbət haldır.O, qeyd edib ki, Avropa Birliyi Azərbaycanın Cənubi Qafqazdakı önəmini dərk edir və Azərbaycana beş istiqamət üzrə layihələrin həyata keçirilməsinin maliyyələşməsini təklif edib : «Bu layihələr özü özlüyündə innovativ inkişafı nəzərdə tutur. Burada altefnativ enerji, yüksək texnologiyalar, smart sistemlərin tədbiqi kimi məsələlər yer alıb. Biz münasibətlərin bu istiqamətdə inkişafdan çox məmnunuq. Düşünürük ki, Avropa Birliyi ilə bundan sonra da münasibətlərimiz uzunmüddətli, bərabət hüquqlu, qarşılıqlı etimad və fayda prinsipləri əsasında davam edəcək».

S.Mikayılova vurğulayıb ki, Azərbaycanın indi regionda oynadığı rol, infrastruktur layihələrinin uğurla icra edilməsi, həm Avropa, həm də Asiya qitəsində nəqliyyat habına çevrilməsi AB-nın ona artıq fərqli münasibət sərgiləməsinin əsas səbəblərindəndir : «Düşünürəm ki, bundan sonra da Azərbaycanın həm resurs baxımından zənginliyi, həm də coğrafi baxımından çox əlverişli mövqedə yerləşməsi Avropa Birliyinin daha innovativ layihələr üzərində işləməsinə və Azərbaycanla münasibətlərini digər respublikalardan fərqli olaraq daha üst səviyyəsində qurmasına gətirib çıxaracaq».

« Azad və ədalətli məhkəmə sistemi bərpa olunmalıdır »

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Avropa Birliyinin planı uzunmüddətli hədəflər üçün qurulub : «Avropa Birliyinin Azərbaycana çağırışının əsas məqsədlərindən biri strateji sazişinin imzalanmasının uzadılmamasıdır. Çünki 2018-ci ildə danışıqlar yenidən bərpa olundu, intensivləşdi, amma təəssüf ki, hələ də sazişlə bağlı son nəticə əldə edilməyib».

İqtisadi təhlilçi Natiq Cəfərli
İqtisadi təhlilçi Natiq Cəfərli

O, hesab edir ki, bu qurumla strateji sazişin bağlanması həm investorların Azərbaycana gəlməsində, həm də ticarət əlaqələrinin yüksəlməsində pozitiv siqnal rolunu oynaya bilər: «Əslində Avropa Birliyinin çağırışı ondan ibarətdir ki, Azərbaycanın daxilində investorların qorunması üçün, xarici müqavilələrin imzalanması üçün onunla sazişin imzalanması və Ümumdünya Ticarət Təşkilatına üzv olması şərtdir. İnvestorların əsas şikayəti Azərbaycanda daha çox məhkəmə sistemindəndir. Ona görə də azad və ədalətli məhkəmə sistemi bərpa olunmalıdır. Bütün bunlar yəqin ki, danışıqlarda əsas mövzu olub».

N.Cəfərlinin fikrincə Avropa Birliyi ilə sazişin imzalanması Azərbaycanın özünə daha çox xeyir verəcək : «Bu, xarici investorlar üçün pozitiv siqnala çevriləcək. Kommunikasiyaların açılmasına da burada işarə var. Cənubi Qafqaz regionunda Azərbaycanla Ermənistanın sülh müqaviləsinin bağlanması, kommunikasiyaların açılması regionun inkişafına mühüm töhfə verə bilər».

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Söhbət Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Belarus və Azərbaycandan gedir. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb.2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG