Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:46

Balakəndəki yataqlardan 6 milyard manat qazanc gözlənilir


Balakən şəhəri
Balakən şəhəri

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Filizçay polimetal yatağı üzrə həyata keçirilmiş ilkin tədqiqatların nəticələrini açıqlayıb.

"AzerGold" yataq üzrə həyata keçirilmiş ilkin tədqiqatların nəticələrini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edib.

İlkin hesablamalara əsasən, yatağın 23 illik istismarı, mis, gümüş, sink və qurğuşun kimi metalların hasil edilməsi nəticəsində ölkə iqtisadiyyatına 6 milyard manata yaxın vəsaitin daxil olması gözlənilir.

“Bu yatağın mənimsənilməsinin iqtisadi qiymətləndirilməsini Kanada şirkəti SRK Consulting həyata keçirir. Şirkət bu ilin sonuna qədər qiymətləndirmə sənədinin son mətnini təqdim edəcək. Sonra ərazidə əlavə buruq-qazma işləri, metallurji testlər, mühəndisi-geoloji və hidroloji kəşfiyyat işlər aparılacaq. Kanada şirkəti sonra texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına başlayacaq”, deyə "AzerGold" QSC-nin mətbuat xidməti bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ehtiyatlarının həcmi baxımından Filizçay yatağı Avropada ikincidir. Yatağın qızıl, gümüş, mis, sink və qurğuşundan ibarət ehtiyatları 120 mln tondan artıq qiymətləndirilir.

Xatırlatma

“AzerGold” QSC 2015-ci ilin fevralında prezidentin sərəncamı ilə yaradılıb.

Azərbaycanda qızıl və gümüş, əsasən, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur.

Həmin müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.

“AzerGold” QSC yaradıldıqdan sonra başqa yataqlar üzrə də fəaliyyət göstərməyə başlayıb.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti bildirib ki, 2017-ci ilin aprel-dekabr ayları ərzində qurum 60 min 552 unsiya qızıl və 86 min 806 unsiya gümüş ixrac edib.

XS
SM
MD
LG