Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Pakistan AzadlıqRadiosunun İslamabad bürosunu bağlayır


İslamabad bürosunun bağlanmasından az əvvəl Pakistan ordusunun baş qərargah rəisi general Qamar Caved Bayva ABŞ-ı tənqid etmişdi
İslamabad bürosunun bağlanmasından az əvvəl Pakistan ordusunun baş qərargah rəisi general Qamar Caved Bayva ABŞ-ı tənqid etmişdi

Pakistanın Daxili İşlər Nazirliyi AzadlıqRadiosu/Mashaal radiosunun İslamabaddakı bürosunun bağlanmasına göstəriş verib. Bundan əvvəl Pakistanın Inter-Service Intelligence (ISI) kəşfiyyat agentliyi radionu “Pakistanın maraqları əleyhinə” və “düşmən kəşfiyyatın məqsədlərinə uyğun” proqramlar yayınlamaqda ittiham etmişdi.

Radio Mashaal-in direktoru Mohammad Amin Mudaqiq bildirir ki, Daxili İşlər Nazirliyinin zabitləri İslamabad bürosuna yanvarın 19-da gəliblər. Onlar burada büronun rəhbəri və inzibatçısı ilə bağlanma barədə orderi müzakirə ediblər.

Nazirliyin orderində Radio Mashaal “Pakistanı terrorizm qovşağı və terrorçular üçün sığınacaq” kimi təsvir etməkdə günahlandırılır.

Sənəddə bu da qeyd olunur ki, radio öz verilişlərində Pakistanı “öz əhalisinin, xüsusilə də azlıqların və etnik pəştuların təhlükəsizliyini təmin etmək sahəsində iflasa uğramış dövlət” kimi təqdim edir.

DİN-in orderində deyilir ki, Radio Mashaal Xeybər Paxtunkva, Bəlucistan əyalətlərindəki, habelə Əfqanıstanla həmsərhəd Federal Tayfa ərazilərindəki pəştuları “dövlətdən narazı adamlar” kimi təsvir edir.

Bu da vurğulanır ki, radio “faktları təhrif etməklə əhalini dövlət və onun təsisatları üzərinə qaldırır”.

Pakistan DİN-in orderi
Pakistan DİN-in orderi

AzadlıqRadiosunun prezidenti Thomas Kent deyib ki, o büronun bağlanmasından “son dərəcə narahatdır” və “Pakistan hakimiyyət orqanlarının niyyətləri barədə təcili informasiya toplayır”.

Kent bildirib ki, Radio Mashaal “ABŞ Konrqesi tərəfindən dəstəklənən və heç bir ölkənin kəşfiyyat agentliyi ilə əlaqəsi olmayan özəl xəbər təşkilatıdır”.

AzadlıqRadiosunun prezidenti deyib: “Radio Mashaal Pakistan auditoriyası üçün mühüm, etibarlı və balanslı informasiya mənbəyidir. Biz ümid edirik ki, bu məsələ yubadılmadan həllini tapacaq”.

Büronun bağlanma orderindən əvvəl, hələ yanvarın 12-də Pakistan ordusunun baş qərargah rəisi general Qamar Caved Bayva demişdi ki, Pakistan ABŞ-ın onu terrorla mübarizədə kifayət qədər səy göstərmədiyinə görə tənqid etməsini “xəyanət” hesab edir. General habelə ABŞ-ın İslamabada hərbi yardımı dayandırmaq qərarını pisləmişdi.

ABŞ prezidenti Donald Trump yanvarın 1-də Pakistanı “yalanlar və aldatmalarda” ittiham etmiş və demişdi ki, İslamabad, onun sözlərinə görə, Pakistanın sərhədləri arasında özünə sığınacaq tapmış Taliban və Haqqani şəbəkələrinə qarşı qətiyyətli hərəkətə keçənədək Pakistana ildə 1, 9 milyard dollar məbləğində göstərilən hərbi yardım dayandırılır.

XS
SM
MD
LG