Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Azad Həsənovun istintaqı başa çatıb


Azad Həsənov
Azad Həsənov

Hazırda həbsdə olan Müsavat Partiyasının fəalı Azad Həsənovla bağlı istintaq başa çatıb.

Bunu Azadlıq Radiosuna dünən, yanvarın 13-də Azad Həsənovla görüşən vəkil Osman Kazımov deyib:

“Dünən, yanvarın 13-də Bakı İstintaq Təcridxanasında müəssisənin rəisi Elnur İsmayılovla ikilikdə, sonra isə Azad Həsənovun iştirakı ilə görüşdük. Azad Həsənovun aclıq aksiyası barədə müzakirə apardıq. Azad bəy müzakirənin yekunu kimi aclıq aksiyasını dayandırdı”.

Vəkilin sözlərinə görə, Azad Həsənovla bağlı aparılan istintaq yekunlaşıb və qarşıdakı həftədə məhkəmə prosesi başlaya bilər:

“İnanmaq istəyirəm ki, yaxın zamanlarda Mehman Hüseyinovla da bağlı xoş xəbər eşitmək qismətimiz olacaq”, deyə vəkil vurğulayıb:

Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi Azad Həsənov barəsində həbsin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı şikayətə baxmışdı. Şikayət təmin edilməmişdi. Prosesdən sonra vəkil Osman Kazımov vurğulamışdı ki, Azad Həsənov aclıq aksiyasına başlayıb: "Azad Həsənov məhkəmədə Mehman Hüseynova dəstək və özünün yaxın qohumları ilə görüşməsinə, telefon əlaqəsinə imkan verilməməsi ilə bağlı aclıq aksiyasına başladığını elan edib.

Bloqqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtanatma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bloqqer ittihamı qurama sayır.

Son həftələr bloqqer Mehman Hüseynovun müdafiəsi ilə bağlı Bakıda və bölgələrdə müxtəlif aksiyalar keçirilib.

Bu gün yanvarın 14-də isə cəzaçəkmə müəssisələrində siyasi məhbus sayılan şəxslərdən 5 nəfərinin Mehman Hüseynovun müdafiəsi ilə bağlı aclığa başladığı açıqlanıb. Hərçənd Penitensiar Xidmət bunu təsdiqləməyib. Üstəlik, rəsmilər ölkədə siyasi məhbusların olması fikrini də qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Azad Həsənovun özü isə 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədi ilə 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü (külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə cinayət işi qaldırılıb. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə Azad Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurma işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər.

XS
SM
MD
LG