Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:48

Azad Həsənovdan xəbər var


Azad Həsənov
Azad Həsənov

Həbsdə olan Müsavat Partiyasının üzvü Azad Həsənovun vəziyyətinin normal olduğu bildirilir.

Bu barədə Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli məlumat verib. O əlavə edib ki, avqustun 1-də təcridxanada Azad Həsənova vəkil Nemət Kərimli baş çəkib.

Mustafa Hacıbəylinin sözlərinə görə, Azad Həsənov aclıq keçirəndə yerləşdirildiyi sanitar hissəsindən çıxarılaraq, kameraya köçürülüb:

"Aclıq aksiyasından sonra A. Həsənov halsız olsa da, səhhəti qaydasındadır, əhvalı yaxşıdır".

Mustafa Hacıbəyli qeyd edib ki, vəkilin sözlərinə görə, Azad Həsənov məhkəmənin onun barəsində ədalətli hökm çıxaracağına inanır.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan Azad Həsənovun iyulun 31-də aclıq aksiyasını dayandırdığı açıqlanıb.

Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirmişdi.

Həmin məlumatı Azad Həsənovun vəkili də təsdiq etmişdi.

Vəkil Osman Kazımov Azad Həsənovun aclıq aksiyasını dayandırmasını ona çoxsaylı müraciətlərin olması ilə izah etmişdi.

Azad Həsənov aclıq aksiyasını cinayət işi üzrə məhkəmə prosesinin süni uzadıldığını bildirərək elan etmişdi.

Onun, yoxsa onu tutan polislərin doğru danışdığını aydınlaşdırmaqdan ötrü məhkəmə xeyli vaxtdır Bakı Şəhər Baş Polis İdarəsinə sorğu göndərib.

İyulun 22-də də hakim İradə Həsənzadə deyib ki, polis idarəsindən hələ də cavab ala bilməyiblər. Elə həmin iclasda da Azad Həsənov aclıq aksiyasına başlayacağını elan etmişdi.

Sonrdan müdafiə tərəfi onun səhhətinin pisləşdiyini, sanitar hissəyə köçürüldüyünü açıqlamışdı.

Amma həmin məlumatı rəsmi qurumlardan təsdiqlətmək mümkün olmamışdı.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada mühacir həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb.

Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə Azad Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. A.Həsənov da məhkəmədəki ifadəsində ittihamı qəbul etməyib.

Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.

XS
SM
MD
LG