Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:24

Problem AzTV-dir, yoxsa ona verilən təlimatlar?


AzTV-də nələr dəyişir?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

AzTV-də nələr dəyişir?

Ümumiyyətlə AzTV necə televiziyadır? Bu sual yenidən, televiziyanın rəhbəri Arif Alışanov yanvarın 15-də vəzifəsindən çıxarıldıqdan sonra bird aha aktuallaşıb. Arif Alışanov bu vəzifədə 13 il idi ki, qalırdı.

Keçmiş direktor barəsində mətbuatda zaman -zaman tənqidlər səslənib, AzTV -nin büdcənin, xalqın pulu ilə maliyyələşməsinə baxmayaraq, xalqın səsini çatdırmadığını, reallıqları göstərmədiyini deyənlər çox olub.

AzTV-nin keçmiş əməkdaşı Qulu Məhərrəmli Qafqazinfo saytına müsahibəsində AzTV barəsində tənqidi danışıb:

“Arif Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı. Hesab edirəm ki, bir az gecikmiş, amma çox düzgün qərardır. Alışanov Azərbaycan televiziyasını min arşınlıq quyunun dibinə saldı, onu öz fəaliyyət səviyyəsinə endirdi. Televiziyanın ənənələrini davam etdirə bilmədi. Həm də onun adı digər korrupsiya faktlarında, maliyyəni düzgün xərcləməməklə bağlı məsələlərdə hallandı. Hesab edirəm ki, Alışanov televiziya tarixində ən uğursuz kadrlardan biri idi. Prezident çox müdrik addım atıb”.

Böyük büdcə pulları

Media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, bu il AzTV dövlət büdcəsindən mediaya ayrılmış vəsaitin 58 milyon manatın yarısını əldə edib. Hər il dövlət büdcəsindən AzTV-ə təqribən 30-40 milyon manat vəsait ayrılır. Alışanovun rəhbərlik etdiyi 13 ildə ümumilikdə büdcədən bu telekanala 100 milyonlarla manat ayrılıb. Ələsgər Məmmədlinin sözlərinə görə, bu vəsaitin necə xərclənməsinə dair şübhələr araşdırılmalıdır.

Televiziyanın işdən çıxarılmış başqa bir əməkdaşı, rejissor Nərgiz Cabbarlı deyir ki, Arif Alışanov barədə yerli məhkəmələrdə iddiası təmin olunmayandan sonra Avropa Məhkəməsinə şikayət verib:

“2006-cı ildə Alışanov gələndən sonra bizə maaş vermirdi. Kimə istəyirdi, verirdi - 800 manat, 1000 manat. Bizə üç il pul vermədi. Məcbur oldum verdim məhkəməyə.

Arif Alışanov gündəmə başqa bir məhkəmə ilə də gəlib.

Bu məhkəmədə AzTV sədri ona qarşı sui-qəsd törədildiyin iddia edirdi. AzTV sədri iddia edirdi ki, Şücaət Əkbərov onu öldürmək istəyib. Guya məqsədi də onun Şamaxıdakı 4.5 milyon manatlıq əmlakını ələ keçirmək olub. Şücaət Əkbərov isə ittihamı rədd edir və AzTV sədrinin özünü Şamaxıda bir gənc qızı öldürməkdə ittiham edir. Onun sözlərinə görə, Alışanovun bu əməlini bildiyinə görə AzTV sədri onu təcrid etmək istəyir, bu məqsədlə şərləyir.

AzTV sədrinin vəkili Zaur Abbasov bu deyilənlərlə razılaşmır:

“Alışanova qarşı hansısa ittiham yoxdur. Çıxışlarda deyilənlər sübuta yetirilməyib, çıxışlarda deyilənlər sadəcə kiminsə şəri və böhtanıdır”.

Bu iddialarla bağlı keçmiş AzTV direktorundan mövqe öyrənmək mümkün olmayıb.

Hələlik dövlət televiziyasının rəhbəri vəzifəsini icra etmək, telekanalın xəbərlər proqramının aparıcısı Rövşən Məmmədova tapşırılıb.

"Almaniya dağılır, Azərbaycan sabitlikdir” üslubu

“Turan” agentliyinin direktoru Mehman Əliyev AzadlıqRadiosuna deyib ki, əslində quruma kimin rəhbərlik etməsi AzTV-nin necə çalışmasında həlledici deyil:

“Alışanov olsun, Vəliyev olsun, fərqi yoxdur, yuxarıdan göstəriş verirlər. Məsələn, deyirlər ki, "Almaniya dağılır”, “Azərbaycan stabillik adasıdır”, deyin. Bunu da millət qəbul eləmir. Çünki indi alternativ resurslar böyükdür”.

Mehman Əliyevin fikrincə ola bilsin, hakimiyyətdə artıq qəbul edirlər ki, birtərəfli televiziyanın təsir imkanları qalmır, ona görə də dəyişiklik qərarına gəliblər.

Onun sözlərinə görə, AzTV bundan sonra tamaşaçı yığmaq istəyirsə, onda gərək həqiqətə xidmət etsin, doğrunu xəbərləsin.

Başqa bir media mütəxəssisi, hüquqşünas Ələsgər Məmmədlinin fikrincə indi sual budur ki, AzTV hələ də dövlət büdcəsinə yük olaraq qalsınmı? Onun sözlərinə görə, AzTV -nin səhmdar cəmiyyətə çevrilə, özəlləşdirilməyə çıxarıla bilər, bununla da dövlətin yükü azalar. Ələsgər Məmmədli bildirir ki, bu halda rəsmi xəbərləri İctimai TV verə bilər, çünki bu telekanal da dövlət büdcəsindən maliyyələşir.

Azərbaycan Avropa Şurasına qəbul edilərkən, tövsiyələrdən biri də AzTV yayımını ictimai yayıma çevirmək idi. Amma Azərbaycan hakimiyyəti dövlət televiziyasını saxlayıb, paralel olaraq ictimai televiziya yaradıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG