Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

'Azərenerji'də gedən kimdir, gələn kim


İ.Əliyev və E.Pirverdiyev Mingəçevir Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında. 2017
İ.Əliyev və E.Pirverdiyev Mingəçevir Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında. 2017

«Etibar Pirverdiyev vəzifəyə 2001-ci ildə təyin olunmuşdu. Heç bir il keçmədi, Azərbaycan 2002-ci ilin yayında birinci dəfə qaranlığa qərq oldu. Maraqlı olan o idi ki, onda Pirverdiyevi tapa bilməmişdilər».

Enerji məsələləri üzrə ekspert İlham Şaban «Azərenerji» ASC-nin sentyabrın 4-də işdən azad edilmiş prezidenti Etibar Pirverdiyevi xarakterizə edərkən 16 il əvvəlki əhvalatı xatırlayır. O, fikrinə belə davam edir: «Bu sahənin mütəxəssisi deyildi. Yəni menecer kimi bacarığı yox idi. Bununla belə, 17 il vəzifədə qaldı. Azərbaycan reallığıdır».

Bu il iyulun 3-də ölkənin üzləşdiyi elektrik enerjisi böhranından düz iki ay sonra dövlət başçısı qərarını verdi. «Azərenerji»nin rəhbərini işdən azad etdi. Yerinə isə «Azərişıq» ASC-nin rəhbəri Balababa Rzayev gətirildi. Beləliklə, dövlət başçısının müşavirədə «Siz utanmalısınız» deyib sözünü kəsdiyi, qəzanın kəskin istilər ucbatından baş verməsi versiyasını ortaya atan E.Pirverdiyevlə bağlı suallara qismən də olsa cavab verildi. Həmin sualsa beləydi: «Qəzaya məsul olanlar niyə cəzalandırılmadı?».

İndi isə başqa sual gündəmə gəlib, keçmiş prezident həbs ediləcəkmi?..

Əslində, E.Pirverdiyevin həbsi ehtimalı daha əvvəllər də səslənib.

Kimdir Etibar Pirverdiyev

O, 2001-ci ildə bu vəzifəyə gələndə 37 yaşında idi. Əslən Qusardan olan E.Pirverdiyev mərhum prezident Heydər Əliyevin kabinetindən qalan kadrlardandır.

«Azərenerji»nin rəsmi saytında yerləşdirilən qısa məlumatda deyilir ki, o, 1964-cü il iyunun 23-də anadan olub. İxtisasca mühəndisdir. Ailəlidir, 3 övladı var.

«Vikipediya» isə yazır ki, o, 1983-1987-ci illərdə Rusiyada Kalmıkov adına Taqanroq Radiotexnika İnstitutunda təhsil alıb.

1988-1991-ci illərdə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, Bakı Qazan-Mexaniki Zavodunda müxtəlif vəzifələrdə çalışıb.

2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş səhmdar cəmiyyətlərində dövlət payının tənzimlənməsi şöbəsinin rəisi, «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində işləyib.

Vəzifədə olduğu ilk illərdən Pirverdiyevin işinin yarıtmazlığı, korrupsiyaya bulaşması haqda ittihamlar səslənməkdədir. Buna rəvac verən səbəblərdən biri də milyardlarla vəsait yatırılan bu sektorun işinin səmərəsizliyi, vaxtaşırı baş verən qəzalar olub.

E.Pirverdiyev
E.Pirverdiyev

Xatırlayaq:

2002-ci il iyulun 14-də taxıl zəmilərində yanğın baş verib, alov yüksəkgərginlikli xəttə keçib. Nəticədə ölkə elektriksiz qalıb.

2006-cı il yanvarın 29-da Abşeron DRES-də qısa qapanma nəticəsində paytaxt da daxil olmaqla Azərbaycanın yarısı qaranlığa qərq olub.

2010-cu il fevralın 9-da yüksəkgərginlikli xətdə qəza baş verdiyindən Bakı və regionlar işıqsız qalıb, metro işləməyib.

2018-ci il iyulun 3-də isə Mingəçevirdəki İES-də baş verən qəzadan sonra, demək olar, bütün ölkəyə elektrik verilməsində böyük fasilə yaranıb. Saatlar sonra ikinci qəza baş verib.

Bu qəzalardan öncə də, sonra da yerli mətbuat vaxtaşırı E.Pirverdiyevin həbsi, işdən azad edilməsi haqda yazıb. Amma bütün bunlara baxmayaraq o, 17 il vəzifədə qala bilib.

«Mingəçevir hadisələri ilə yadda qalacaq»

«Pirverdiyev Mingəçevir hadisələri ilə yadda qalacaq», – ReAL Partiyasının təmsilçisi, iqtisadçı Natiq Cəfərli deyir. O da, İ.Şaban da son olaylardan sonra E.Pirverdiyevin yola salınmasının gözlənilən olduğunu bildirirlər.

«Belə olmasaydı, prezident həmin müşavirədə, ictimaiyyət arasında ona o cür sözlər deməzdi. Komissiyanın rəyi iki ay çəkdi. İyulun 3-də qəza baş verdi, sentyabrın 4-də isə qərar verildi. Pirverdiyevin gedəcəyi bəlli idi», – İ.Şaban söyləyir.

«Mingəçevirdə baş verən hadisə gec-tez onun uzaqlaşdırılması gözləntisini yaratmışdı. Sürpriz olmadı», – N.Cəfərli əlavə edir.

O ki qaldı, «Azərenerji»nin köhnə rəhbərinin aqibətinə, ekspert təcrübəyə söykənərək deyir ki, yaxın günlərdə onun işi, varidatı haqda çoxlu kompromatlar sızdırılacaq: «Bu da araşdırmalara səbəb ola bilər…».

B.Rzayev
B.Rzayev

Yeni gələn Balababa Rzayev kimdir

Balababa Rzayev (bəzi sənədlərdə Baba Rzayev kimi də təqdim olunur) ilə bağlı rəsmi məlumatlarda bunlara rast gəlinir:

2006-2015-ci illərdə «Bakıelektrikşəbəkə» ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyib. 2015-ci ildən isə «Bakıelektrikşəbəkə»nin adı dəyişdirilərək «Azərişıq» ASC adlandırılıb, prezident onu quruma sədr təyin edib.

B.Rzayev də sələfi kimi korrupsiya ittihamları ilə az üzləşməyib. Hakimiyyətə yaxın KİV-lərsə məlum qəzadan sonra, yəni ötən ay «Azərişıq»ın abunəçilərə fırıldaq gəlməsi, işlətdikləri elektrik enerjisindən iki-üç dəfə çox işıqpulu qəbzi göndərilməsindən yazıblar.

Hələ 6 il öncə AzadlıqRadiosunun apardığı araşdırmada isə deyilirdi: «Uzaq ölkələrdən Azərbaycana qonaq gətirən təyyarələrin yolunu işıqlandıran projektorlardan tutmuş, Bakı sakinlərinin evində közərən lampalara qədər ölkə paytaxtında yandırılan elektrik enerjisinin hər kilovatından qazanan bir ailə var. Dövlətin rəsmi sənədlərini saf-çürük edəndən sonra bu qənaətə gəlmək olur...».

Araşdırmaya görə, Rzayevlər ailəsinin üzvlərinə Azərbaycanda elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər ciddi işlərlə məşğul olan bir neçə şirkətin təsis sənədlərində rast gəlinir: «Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan «Santral Elektrik LTD» şirkətinin səhmlərinin rəsmi sənədlərə görə, 70 faizi Balababa Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur».

B.Rzayev hakim ailəyə yaxınlığı ilə seçilir, o, parlament seçkilərində deputatlığa namizəd Mehriban Əliyevanın Qala və Zirə kəndlərində təmsilçisi olub.

İ.Şaban
İ.Şaban

«Hökumətdəki əlaqələrindən, ona inamdan istifadə edib...»

Amma maraqlıdır ki, ekspertlər B.Rzayevi «işbilən kadr» kimi xarakterizə edirlər.

«Müstəqillik illərində institusional, oturuşmuş qurumlar inkişaf etmədiyindən kadrlara üstünlük verirlər. Hər hansı şəxs konkret sahənin lokomotivi ola, onu dartıb apara, idarə edə bilərmi? Azərbaycanda indiyəcən bu praktika davam edir. Biz bunu bir daha «Azərişıq»da müşahidə etdik. Baxmayaraq ki, Baba müəllim energetik kimi bu sahədə böyük təcrübəyə malik deyil, ancaq özünü idarəçilik qabiliyyəti olan şəxs kimi göstərdi. Hətta 2015-ci ildə regionlarda paylayıcı şəbəkələrin «Azərişıq»a verilməsi ilə bağlı prezidentin şərəncamından sonra biz dəyişikliyi sezə bildik. Yəni «Azərenerji»nin idarəçiliyi vaxtındakı işlərlə «Azərişıq»ın təxminən iki ildə gördüyü işlər arasında yerlə göy qədər fərq vardı», – İ.Şaban danışır.

Onun sözlərinə görə, «Rzayev nüfuzundan, hökumətdəki əlaqələrindən, ona inamdan istifadə edib qısa müddətdə dönüş yaradıb». Yeri gəlmişkən, «Azərişıq» rəhbəri özü bu ilin əvvəlində «Report»a deyib ki, işçilərin əməkhaqqı iki dəfədən çox artırılıb, orta aylıq əməkhaqqı 320 manatdan 710 manata qədər artırılıb.

N.Cəfərli
N.Cəfərli

«Amma «Azərenerji» «Azərişıq» deyil»

N.Cəfərli də bu fikridədir ki, B.Rzayev ona tapşırılan işin öhdəsindən pis gəlməyib. Ancaq iqtisadçı başqa məqamlara diqqət çəkir, deyir, o, əvvəlki nəticəni burda çətin təkrarlasın: ««Azərenerji» ilə «Azərişıq» arasında fərq var, birincinin böyük miqdarda borcu var, özü də həm daxili, həm də xarici. Bunun idarə edilməsi, borcların minimuma endirilməsi, «Azərenerji»nin gəlirli sahəyə çevrilməsi çətin işdir və burda ümumilikdə idarəçilik dəyişməlidir».

İ.Şaban da idarəçilik məsələsinin üzərində dayanmaqla bağlı kadr məsələsinə də toxunur: «Bu gün «Azərenerji»də ixtisaslı kadrlar qalmayıb. Çünki vaxtilə oradakı kadrlar «Azərişıq»a axın ediblər. Burdakı menecment axsayırdı. İndi onları geri qaytarmaq olacaqmı?».

İqtisadçılar hesab edirlər ki, rəhbər kadrın dəyişməsi çox az şeyi həll edir, kosmetik dəyişikliklərə səbəb olur, ciddi nəticələr əldə etməkdən ötrü Azərbaycanda qurulmuş idarəetmə sistemi özü dəyişməlidir.

Mingəçevirdəki qəzadan sonra idarəetmədə dəyişiklik olacaqmı

«Fakt odur ki, yeni şəxs dəyişikliklərə gedəcəkmi? Azərbaycan praktikasında hər yeni rəis işə köhnə məmurun adamlarını işdən çıxararaq özününküləri təyin etməklə başlayır. Çox güman ki, birinci bunu görəcəyik. İndiki sistem daxilində köklü dəyişiklik olacağını düşünmürəm», – N.Cəfərli deyir.

Dövlət başçısı isə məlum qəzanı «ciddi siqnal» adlandırmışdı. Bu siqnal hakimiyyəti hərəkətə gətirəcəkmi?..

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG