Azərbaycanlı bloqçu Azər Kazımzadə Gürcüstanda həyatına təhlükə olması barədə sentyabrın 19-da Facebookda status paylaşıb:
"Dostlar Tiflisdə həyatıma təhlükə var. Bildirirəm ki başıma gələcək hər hansı hadisəyə görə birbaşa İlham Əliyev məsuliyyət daşıyır".
Bundan sonrakı statusunda isə o, polisə aparıldığını yazıb.
AzadlıqRadiosu polis idarəsində olduğunu deyən A.Kazımzadə ilə əlaqə saxlayıb:
“Bu gün naməlum şəxslər yaşadığım evin qapısını 4-5 dəfə döyüb qaçdılar. Üç nəfər idilər. Biri hətta özünü polis kimi təqdim edirdi. Mən bu vaxt Gürcüstan polisinə zəng edib, qışqırdım ki, evimə basqın var. Bu vaxt onlardan biri azərbaycanca dedi ki, “əcilaf şüvən saldı sonra baxarıq”. Ondan sonra uzaqlaşdılar. 20 dəqiqə sonra da polislər gəldi”.
Azər Kazımzadə deyir ki, izahat almaq üçün üçün onu polis idarəsinə dəvət ediblər. O bütün bunları Azərbaycan hakimiyyətinin sifarişi hesab edir. Və özünün junralist, bloqqer fəaliyyəti ilə əlaqələndirir:
“Mənim başqa bir fəaliyyətim olmayıb. 9 aydır Gürcüstanda yaşayıram heç kəslə də problemim olmayıb. Bu birbaşa ilham Əliyev hakimiyyətinin sifarişdir”.
Azər Kazımzadə deyir ki, 2017-ci ilin noyabr ayında Azərbaycanı tərk edib. Amma indi Gürcüstanda da özünü təhlükəsiz hesab etmir:
“İki gün əvvəl ailə üzvlərimə xəbərdarlıq etmişdilər ki, Heydər Əliyevin plakatları üzərində yazılarlarıı Facebook hesabımdan silməsəm harada olsam, məni tapacaqlar. İndi bilmirəm polis bu məsələni araşdıracaq, ya araşdırmayacaq. Əfqan Muxtarlını İlham Əliyev hakimiyyəti burdan oğurlayıb apara bilibsə, məni çoxdan aparar. Apara bilməsə də burada mənə hər hansı şəkildə təhlükə, hətta ölüm halı da ola bilər”.
AzadlıqRadiosunun Gürcüstan xidməti bloqçunun saxlandığı polis bölməsi ilə əlaqə saxlayıb.
Bu, Gürcüstan paytaxtının mərkəzi rayonlarından biri olan - Vakesaburtalo rayonunun polis bölmələrindən biridir.
Növbətçi polis bildirib ki, naməlum şəxslərin hücumuna məruz qaldığını iddia edən bir Azərbaycan vətəndaşı hazırda bölmədədir. O nə gürcü, nə də rus, ingilis dillərini bilmədiyi üçün izahatının alınması üçün tərcüməçiyə ehtiyac yaranıb.
Bloggerin dediklərinə Azərbaycanın hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.