Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:21

Azərbaycandan Suriyaya gedən pullar


Qardaş qardaşı polisə verdi ki, 'İŞİD-ə qoşulmasın'
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Qardaş qardaşı polisə verdi ki, 'İŞİD-ə qoşulmasın'

Hazırda Azərbaycanda cəzaçəkmə müəssisələrində BMT-nin terror təşkilatı kimi tanıdığı «İraq-Şam İslam Dövləti» adlı təşkilatın (İŞİD) tərkibində Suriyada döyüşlərdə iştiraka görə cəzalandırılmış xeyli məhbus var. Bir müddət öncə isə Suriyada döyüşənləri maliyyələşdirməkdə suçlanan üç nəfər həbs olunub. İndi məhkəmə qarşısına çıxarılan Sahil İbrahimov, Namiq Məmmədov İlqar Ağayev Azərbaycanda pul toplayıb, Suriyaya göndərməkdə ittiham olunurlar. Söhbət yarım milyon manatdan çox vəsaitdən gedir.

Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Təqsirləndirilən şəxslərdən Sahil İbrahimovun qardaşı Samir Suriyada vuruşub. O, 2016-cı ilin avqustunda Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Suriyaya gedib. İddia olunur ki, Samir Suriyaya gedəndən sonra qardaşı, eləcə də Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən başqa tanışlarıyla əlaqə saxlayıb. Xahiş edib ki, Suriyada onunla birlikdə vuruşan azərbaycanlıların və başqa əcnəbilərin İsveç, Rusiya, Norveç, Finlandiya, Almaniya və başqa ölkələrdə yaşayan yaxınlarıyla əlaqə saxlasınlar. Onların göndərəcəkləri pulları toplayıb Suriyaya yollasınlar.

Xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradan isə...

İttihama əsasən, pul göndərişləri banklar vasitəsilə həyata keçirilib – xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradan da Suriyaya göndərilib. İddia edilir ki, 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manata yaxın, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə onlar birlikdə yenə 135 min dollar pul göndəriblər.

İŞİD qovulandan sonra kişilər bərbərxanaya axışır
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

İttihamda göstərilib ki, təqsirləndirilən Namiq Məmmədov bu prosesə sonradan qoşulub. 2018-ci ilin may-iyun aylarında onun adına Rusiya, Qırğızıstan, İspaniyadan 21 dəfəyə 40 min manata yaxın pul göndərilib. O da həmin pulları çıxarıb İlqar Ağayevə verib. İlqar da bu vəsaitləri toplanan başqa pulların üstünə qoyub və Sahil İbrahimovla birlikdə Türkiyəyə mayda 50 min dollar, iyunda da 75 min dollar pul göndəriblər.

Adları çəkilən üç nəfərə qarşı CM-in 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsiylə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. İlqar Ağayevə isə bundan əlavə, CM-in 228.4 (qanunsuz olaraq, qaz silahı, soyuq silah əldə etmə, gəzdirmə və ya satma) maddəsiylə də ittiham verilib.

«Bu vəziyyətdə məhkəmə araşdırması mümkün deyil»

Sentyabrın 6-da məhkəmə iclasında prokuror ittiham aktında yazılanları elan edəndə 27 yaşlı Namiq Məmmədov və 29 yaşlı Sahil İbrahimov özlərini təqsirli bilmədiklərini deyiblər. Ancaq bundan artıq ifadə verməyiblər.

İlqar Ağayevin isə fikrini öyrənmək mümkün olmayıb. O, məhkəmədə davranışları, danışıqlarıyla diqqət çəkib. Məhkəmədə özü ilə gətirdiyi oyuncaq topla oynayan İlqar Ağayev hakimlərə «buraxın gedim dostlarımla görüşüm, çox uzaqdan gəliblər, məni gözləyirlər» deyib.

Onun vəkili məhkəmədə vəsatət qaldıraraq, 28 yaşlı İlqarın psixiatrik ekspertizadan keçirilməsini istəyib. Vəkil deyib ki, o, məhkəmə qarşısında dayanıb mühakimə olunacaq durumda deyil: «Bu vəziyyətdə məhkəmə araşdırması mümkün deyil».

Hakimlər bildirib ki, bu vəsatət müzakirə olunub qərar veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG