Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:51

DGK koronavirus aşkarlanan şəxslə bağlı açıqlama yayıb


Gürcüstan-Azərbaycan sərhədi

Dövlət Gömrük Komitəsi (DGK) də İrandan gələrək Azərbaycandan tranzit keçməklə Tbilisiyə gedən və koronavirus aşkarlanan Gürcüstan vətəndaşı ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, həmin şəxs fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib: «Təlimata uyğun şəkildə inzibati binaya daxilolmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb. Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postu vasitəsilə ölkəni tərk edib».

DGK-nin vurğulamasına görə, Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlardan da aydın görünür ki, xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edilib: «Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb».

Azərbaycandan keçən şəxsdə koronavirus aşkarlanması ilə bağlı rəsmi açıqlama

Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronavirus aşkarlanan Gürcüstan vətəndaşı ilə bağlı bu gün, fevralın 27-də açıqlama yayıblar.

Həmin Gürcüstan vətəndaşı İrandan Azərbaycandan keçərək ölkəsinə qayıdıb.

Açıqlamada qeyd edilir ki, fevralın 25-də İrandan gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında COVID-19 virusunun aşkarlanması haqda məlumatın əsasında Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə dərhal araşdırma aparıblar:

«Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib: Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq Astara gömrük–keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Belə ki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər».

Açıqlamaya görə, dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir.

Fevralın 25-də İrandan gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında COVID-19 virusunun aşkarlandığı bildirilir. Bu barədə rəsmi məlumat fevralın 26-da Gürcüstan Müvəqqəti Köçkünlər, Səhiyyə və Sosial İşlər Nazirliyinin keçirdiyi xüsusi brifinqdə verilib.

Bundan əvvəl Gürcüstan Çinlə birbaşa hava nəqliyyatını dayandırmışdı.

Habelə, Tbilisi İran vətəndaşlarının ölkəyə daxil olmasını iki həftə müddətinə qadağan edib.

Bu faktdan əvvəl Gürcüstanda heç kimdə koronavirus aşkarlanmamışdı.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.8 minə yaxınlaşdığı bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır.

Artıq bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı bildirilir. İranda bir çox şəxslərin bu virusdan öldüyü vurğulanır. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.

Azərbaycan isə, hələlik, İranla sərhədi bağlamayıb.

XS
SM
MD
LG