Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 08:44

5.5 milyardı ölkədən çıxaranlara cəza kəsildi


Pul

2013-2015-ci illərdə yalnız adı olan, əslində isə heç bir fəaliyyəti olmayan şirkətlər vasitəsilə ölkədən 5 milyard 551 milyon manatın çıxarılıb ofşor hesablara köçürülməsi ilə bağlı məhkəmə yekunlaşıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə görə cinayət məsuliyyətinə cəlb olunan iki nəfərə 28 il həbs cəzası verilib. Təqsirləndirilən şəxslərdən Rüfət Vəliyev 15 il, Malik Əliyev isə 13 il azadlıqdan məhrum edilib. Onlar CM-in 193-1 (cinayət yolu ilə əldə edilmiş pulları və ya digər əmlakı leqallaşdırma), 313 (vəzifə saxtakarlığı) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə) maddələri ilə təqsirli bilinib. Ancaq 313-cü maddə ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə cəza təyin edilməyib.

R.Vəliyev 2018-ci ilin avqustundan həbsdədir. Məhkəmə onun ölkədən çıxarılan pullar, onun sahibləri ilə bağlı səmimi ifadə vermədiyi qənaətinə gəlib və bunu ağırlaşdırıcı hal kimi qiymətləndirib.

M.Əliyev isə 2016-cı ildən həbsdədir. O, 10 il cəza almışdı. Amma həmin hökm də nəzərə alınmaqla, ona qəti 13 il həbs cəzası kəsilib.

Hökmdən öncə təqsirləndirilən şəxslər son sözlərini deyiblər. R.Vəliyev ədalətli hökm çıxarılmasını istəyib. M.Əliyev isə özünü təqsirli bilmədiyini, ittihamı əsassız hesab etdiyini deyib.

Vəkilləri də müdafiə çıxışında onlara bəraət istəyiblər.

Ölkədən 5.5 milyard manat pul çıxarmaqda suçlananlardan R.Vəliyev taksi sürücüsü, M.Əliyev isə lisenziyası ləğv olunmuş «Royalbank»ın filiallarından birində müdir müavini olub.

Aylardır davam edən məhkəmə prosesində dəfələrlə onlardan soruşulub ki, ölkədən çıxarılan pulların əsl sahibi kimlər olub? Ancaq onlar suallara konkret cavab verməyiblər.

Xatırlatma

Pullar Azərbaycandan təqsirləndirilən R.Vəliyevin adına yaradılan və ya sonradan onun adına keçirilən şirkətlərin (Provision Group, İmpeks+, Blast, Qalaksi A, Asin Co. LTD, Primo A, İTEK MMC, Elektromaş, Aveo) bir neçə il öncə Türkiyədəki firmalardan aldıqları malların ödənişi kimi rəsmiləşdirilməklə çıxarılıb.

Cinayət işinin materiallarında yazılıb ki, «Azəriqazbank»ın Xətai filialının yerləşdiyi ofisdə otaq ayrılıb. M.Əliyev və daha bir neçə nəfər orada qeyri-rəsmi işləyib. Onlar R.Vəliyevin gətirdiyi torbalarla pulları sayıb, onların saxta olub-olmadığını yoxlayıb, daha sonra «Azəriqazbank», «United Credit Bank» və Beynəlxalq Bank vasitəsilə xarici ölkələrə, ofşor şirkətlərin hesablarına köçürülüb.

R.Vəliyev və M.Əliyevin heç biri özünü təqsirli bilmir.

R.Vəliyev deyir ki, taksi sürücüsü idi, 2011-ci ildə «Sədərək» Ticarət Mərkəzindəki «Qlobal karqo» şirkətində işləyən Əli Can adlı Türkiyə vətəndaşını müştəri kimi aparıb-gətirirdi. O, Fəvvarələr Meydanında yaşayırmış.

Günlərin birində Ə.Can ona şəxsi telefonunu verib, onun şirkətlərində işləməyi təklif edib. R.Vəliyevin dediyinə görə, o, Ə.Canın pullarını banklara daşıyırmış: «Məni 9 ayrı şirkətə direktor təyin etmişdi. Pulları banka tək aparmırdım, Əli Canın öz adamları da mənimlə banka gedirdi. Orada adıma olan şirkətlərdən xarici firmalara göndərirdik. Mən yalnız sənədlərə qol çəkirdim. Əli Can sənədləri hazır şəkildə mənə verirdi. Mən 700 manat maaşa işləmişəm».

Digər təqsirləndirilən M.Əliyev deyir ki, «Royalbank» bağlanandan sonra – 2013-cü ildə Rüfətlə tanış olub. R.Vəliyev ona deyib ki, Türkiyə vətəndaşının yanında işləyir, geniş mal dövriyyəsi var. Rüfət ona birlikdə işləməyi təklif edib: «Mən də köhnə bank işçisi olduğum üçün onunla işləməyə razı oldum. Əvvəl 300 manat maaş alırdım, sonra çoxaldı».

İttihamda adıçəkilən Ə.Canın kim olduğu bilinmir. Yalnız o məlumdur ki, bu şəxs 2015-ci ildə Azərbaycandan gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG