Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 03:33

Yoluxmalar artır, həftəsonu qadağalar tətbiq edilə bilər


Bunu bugün, iyunun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“Artıq yoluxanlarla sağalanlar arasında fərq 200-ü keçir. Öncədən müəyyənləşdirilən alqoritmə uyğun olaraq bu fərq 200-ü keçdiyi üçün biz bu müraciəti etdik”, deyə o qeyd edib.

Ramin Bayramlı deyib ki, müraciətlərində cümə axşamından (iyunun 5-dən) bazar ertəsinə qədər (8-i) Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmağın qadağan olunması təklif edilib:

“Bu həftəsonu, bəlkə də irəlidəki bir, iki ay ərzində həftə sonları, bayramlarda da tam şəkildə küçəyə çıxmaq qadağasının tətbiq olunmasını təklif etmişik. Bu təklifin detalları müzakirədədir. Bu, beynəlxalq təcrübədə, o cümlədən Türkiyə və İsrail təcrübəsində var. Təklif Operativ Qərargah tərəfindən qəbul olunub, detallar müəyyənləşir."

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədovun da deməsinə görə, həftəsonu məhdudlaşdırma, hərəkətin məhdudlaşdırılması, fərdi avtomobillərin küçəyə çıxmasının qadağan olunması gözlənilir:

“Mağazalar bağlansın və hərəkətin tam məhdudlaşdırıldığı bir rejim yaradılsın. Bunun detalları ilə bağlı Operativ Qərargahın rəhbəri, baş nazir Əli Əsədovun sabah (iyunun 4-də) müraciəti olacaq. Baş nazirin çıxışında bu məsələlər detallı şəkildə elan ediləcək”.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, son gündə Azərbaycanda 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və 5 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün, iyunun 3-də yaydığı məlumata görə, vəfat edənlər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü şəxslər olub:

“Hazırkı dövrədək ölkəmizdə 6260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib, 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Qərargahdan açıqlamaya görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 315.527 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Bu rəqəm fevralın 28-dən bəri Azərbaycanda yoluxmada rekorddur. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən mərhələlərlə bir xeyli yumşaldılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6 milyon 400 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 383 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG