Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 14:52

Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək uzadılıb


Bakıda karantin
Bakıda karantin

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb.

Bu barədə bugün, mayın 1-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək karantin rejimi mayın 31-i, saat 00:00-dək uzadılıb.

Açıqlamada qeyd edilib ki, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.

Bildirilib ki, məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı, yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu üzrə mərhələ ilə həyata keçirilir.

Bununla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə mayın 4-ü saat 00:00-dan etibarən bəzi yumşaldılmalara gediləcək: "Dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcək). "DOST" mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir".

Habelə, müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi, fiziki şəxslərin fəaliyyətinin də bərpa ediləcəyi bildirilir. Bu sıraya bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyətlər də daxildir.

Bakıda SMS-lə icazə qalacaq, amma...

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində, habelə Naxçıvan Muxtar Respublikasında mayın 4-dən yumşaldılmalar isə belədir: "Yaşayış yerini SMS icazə ilə, icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur...".

Qeyd edilən bölgələrdə dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur: "Restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla). Bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür. Qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla)...".

Açıqlamada yazılıb ki, xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Məktəblər mayın 31-nə kimi açılmır

"Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır".

Qərargah vurğulayıb ki, növbəti mərhələdə sanitar-epidemioloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərar veriləcək. "COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür", - qurum əlavə edib.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasını pandemiya elan edib. Artıq dünyada bu virusa yoluxanlardan 234 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə hazırkı dövrədək 1804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24 nəfərin vəfat etdiyi açıqlanıb.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb.

Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Karantin rejimi daha sonra mayın 4-nə kimi uzadılıb. Aprelin 27-dən isə karantin rejimindəki qaydalarda müəyyən yumşalmalar olub. Artıq bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb.

XS
SM
MD
LG