Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:37

Azərbaycanda mənzil problemi


Kirayə mənzillər bu şərtlərlə satılır
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Kirayə mənzillər bu şərtlərlə satılır

Sonuncu rəsmi məlumata görə, Azərbaycanda əhalinin hər min nəfərinə 213 mənzil düşür. İnkişaf etmiş ölkələrlə müqayisədə bu, o qədər də, uğurlu göstərici deyil. Avropa Birliyi ölkələrində hər 1000 nəfərə düşən mənzil sayı 500-ə yaxındır. Ukrayna, Rusiya, Belarus kimi postsovet ölkələrində bu göstərici 400-ü, Ermənistanda 300-ü aşır.

Azərbaycanda hər min nəfərə düşən yaşayış sahəsi də azdır. Rəsmi rəqəmlərə görə, ölkədə ortalama hər sakinə 15.5 kvadratmetr mənzil sahəsi düşür. Ölkələr üzrə adambaşına düşən yaşayış sahəsi fərqlənir. Məsələn, ABŞ-da adambaşına düşən orta mənzil sahəsi 75, Almaniyada 45, Çində 30, Rusiyada 22, Türkiyədə 18, Nigeriyada isə 6 kvadratmetrdir.

Hazırda Azərbaycanda 2 milyon 147 min mənzil var. Bu mənzillərdən 3.6 faizi 1-otaqlı, 25 faizi 2-otaqlı, 40.6 faizi 3-otaqlı, təxminən 30 faizi isə 4- və daha çox otaqlıdır. Ölkə üzrə bütün mənzillərin 26.4 faizində adambaşına yaşayış sahəsi 10 kvadratmetrdən az, 46.2 faizində isə 10-20 kvadratmetr arasında dəyişir. Yəni, hər dörd mənzildən üçündə adambaşına mənzil sahəsi 20 kvadratmetrə çatmır.

Mənzil təminatında regional fərqlər

Əksər sosial-iqtisadi göstəricilərdə olduğu kimi, mənzil təminatı ilə bağlı da Abşeron yarımadası və ölkənin digər əraziləri arasında ciddi fərqlər diqqət çəkir. Məsələn, hazırda Abşeron ərazisində hər 1000 nəfərə 553 mənzil düşür. Bu, ölkə ortalamasından təxminən 2.6 dəfə çoxdur. Əslinə baxsan, bu rəqəm həm də Bakıda yaşayan əhali sayının rəsmi göstəricidən nə qədər çox olmasının və daxili miqrasiyanın da göstəricisidir. 2015-2019-cu illərdə ölkədə mənzil sayında 222 min artım olub. Bu artımın 60 faizi məhz Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun payına düşüb.

Hər 1000 nəfərə ən çox mənzil düşən ikinci şəhər Naftalandır. Burada hər min sakinə 289 mənzil düşür. Göygöl rayonunda bu göstərici 270, İsmayıllı rayonunda 265, Gəncə şəhərində isə 265-dir. Hər min nəfərə düşən mənzil sayına görə sonuncu 5 yeri tutan rayonlarsa İmişli (183), Cəlilabad (167), Qobustan (161), Yardımlı (132) və Lerikdir (130).

Hər kəsə nəsib olmayan ipoteka

Azərbaycanda əhalinin mənzil təminatının genişləndirilməsində istifadə edilən mexanizmlərdən biri ipoteka kreditləridir. Ancaq bu kreditlər heç də hər kəsə əlçatan deyil. Ölkədə bu istiqamətdəki məsul qurum İpoteka və Kredit Zəmanət Fondudur. Fondun 2019-cu ilin yekunları ilə bağlı açıqladığı rəqəmlərdən görünür ki, il ərzində ipoteka krediti vasitəsilə ev sahibi olmaq üçün müvəkkil banklara 7 min 96 müraciət daxil olub. Həmin müraciətlərdən 2 min 652-nə müsbət cavab verilib. Yəni, müraciətlərin 63 faizi imtina ilə nəticələnib və sadəcə, təxminən hər üç müraciətçidən biri ev sahibi olmağı bacarıb.

Digər bir maraqlı məqam da ondan ibarətdir ki, bir əvvəlki ilin göstəricilərinə görə, ipoteka krediti verilənlərin 51 faizinin aylıq gəliri 1100 manatdan çoxdur. Bu isə o deməkdir ki, ipoteka krediti götürənlərin əksəriyyətinin aylıq gəliri ölkə üzrə orta aylıq əməkhaqqından təxminən 60 faiz daha çoxdur. Ölkədə hazırda median əməkhaqqının 343 manat olduğunu düşünsək, məlum olur ki, hətta rəsmi gəlirlə işləyənlərin də əksəriyyətinin ipoteka krediti alması müşkül məsələdir.

Bu məqam ipoteka krediti verilən şəxslərin peşə bölgüsündən də aydınlaşır. Axı Azərbaycanda ipoteka krediti verilən şəxslərin 62 faizi hərbçi və ya hüquq mühafizə orqanı işçisi, bank və energetika sahəsində çalışanlardır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG