Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Ekspert: ‘Təzə təyinatların hamısı eyni qruplaşmanın nümayəndələridir…’


Müxalifətçilərin görüşü nələri dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:10:00 0:00

Müxalifətçilərin görüşü nələri dəyişəcək?

Ramiz Mehdiyevin Samir Nuriyevlə əvəz olunması, Hacıbala Abutalıbovun, Əli Həsənovun işdən çıxarılması, bəzi gənc, ABŞ təhsilli gənclərin vəzifəyə gətirilməsi islahatdırmı?

Hakimiyyətə yaxın media və siyasətçilər, son kadr dəyişikliklərini islahat hesab edirlər.

Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach isə deyir ki, baş verənlər sadəcə, dəyişiklikdir. Amma bütün dəyişikliklər müsbət və mənfi ola bilər. O da bir həmməruzəçi kimi hələ ki, baş verənləri müşahidə edir:

“Deyə bilmərəm ki, hakimiyyətdəki dəyişiklik avtomatik olaraq islahat sayılır. İslahat yalnız qanun vasitəsilə və ölkənin siyasi mühitini dəyişməklə həyata keçirilə bilər. Biz iki həftə əvvəl, müxalifətin yürüşündə saxlanan şəxslərlə bağlı öz narahatlığımızı ifadə etdik və hökumətə məktubla müraciət etdik. Hal-hazırda, mən uzaqdan, hakimiyyətin yeni üzvləri ilə görüşmədən deyə bilmərəm ki, bu, islahatdır, yoxsa yox”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Ölkədə hansı islahat gedir?
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Azərbaycan haqqında yeni əhvalat yaratmaq istəyirlər

ABŞ Xarici Siyasət Şurasının direktoru Svante E. Cornell keçən ay “Azərbaycan: Statik fasadın arxasındakı islahat” başlıqlı məqaləsində, hakimiyyətə gətirilən gəncləri misal çəkir, ASAN xidmətin yaradıldığını vurğulayır, vergi sahəsində islahat aparıldığını deyir. Cornell Əliyevləri müdafiə edən yazıları ilə tanınır.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hakimiyyətin daimi tənqidçisi Richard Kauzlarich isə AzadlıqRadiosuna deyir ki, gənc kadrların təyinatı maraqlıdır, amma bunun doğrudan da müsbət dəyişiklik olub olmadığını anlamaq üçün onların necə işləyəcəyini gözləmək lazımdır. Keçmiş səfir deyir ki, hələ ki, hakimiyyət yeni imic yaratmaqla məşğuldur:

“Elə hökumətin yaratmaq istədiyi imic də budur. Hətta hakimiyyəti dəstəkləyənlər, onun müttəffiqləri məqalələr yazırlar, vurğulayırlar ki, indi hakimiyyətin aparıcı postlarında daha gənc kadrlar var və dəyişiklilər baş verir. İndi bu mesaj verilməkdədir. Bilmirəm bu mesajların təsiri varmı. Amma aydın məsələdir ki, Azərbaycan haqqında yeni əhvalat yaratmaq istəyirlər. Amma bilmirəm ki, bu, səmərə verirmi?”

Richard Kauzlarich deyir ki, bu mesajların rəsmi Vaşinqtona necə təsir etdiyini də bilmir, amma hesab edir ki, hazırda Trump hökumətinin başı özünə, xüsusilə də impiçment mövzusuna qarışıb. Amma Kauzlarich-in fikrincə indi elə dönəmdir ki, hakimiyyətin islahat və dəyişiklik haqqında düşünməsi üçün səbəbləri var.

Richard Kauzlarich
Richard Kauzlarich

Hakimiyyət nümayəndələri Azərbaycanda islahatların getdiyində israrlıdırlar. Məsələn, rəsmi “Azərbaycan” qəzetinin manşeti bu gün, 5 noyabr sayında belədir: “İslahatlara yeni impuls verilir”.

Qəzet, prezident İlham Əliyevin son kadr dəyişikliyi ilə bağlı fərmanlarını islahat hesab edir.

“Qeyd edək ki, bu proses sadəcə kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsidir. Prezidentin vəzifələrə təyin etdiyi insanları qəbul etməsi, onlara tövsiyə, tapşırıqlar verməsi ictimaiyyətə çatdırılır”.

Paşayev klanının gücləndirilməsi

Böyük Britaniyanın Oksford Universitetinin araşdırmaçısı Leyla Əliyeva isə deyir ki, yeni təyinatlar o vaxt hansısa dəyişiklik üçün ümid verərdi ki, yeni adamlar yalnız hakimiyyətin özünə yaxın dairələrdən gəlməyəydi:

“Əgər bu təyinatlar sivil cəmiyyətin içindən gəlsəydi, bunu başa düşərdim və deyərdim ki, bu, ciddi işarədir. Amma təzə təyinatların hamısı eyni qruplaşmanın nümayəndələridir. Yəni, bu təyinatlarla hələ ki, dəyişiklik niyyəti haqqında bir söz demək olmaz".

Leyla Əliyeva deyir ki, islahatın birinci göstərici azad və ədalətli seçkinin keçirilməsi, vətəndaş cəmiyyətinə işləmək üçün imkan verilməsi, siyasi mühitin liberallaşması olardı, bunlar isə baş vermir.

Keçmiş ABŞ səfiri də bunları deyir və diqqəti keçən ay keçirilmiş etiraz aksiyalarında hökumətin davranışına çəkir.

“Hakimiyyət hələ də insanların öz fikirlərini ifadə etməsindən narahatdır və buna əngəl yaradır. Oktyabrın 19-da mitinqin yatırılması çox tipik idi. Biz bunu dəfələrlə görmüşük. Aksiyaya icazə verməmək, əhalini döymək, həbsə atmaq... Onların bir neçəsi hələ də azadlığa buraxılmayıb”.

Bununla belə Kauzlarich hesab edir ki, Əliyev hakimiyyətinin gerçək islahat keçirmək üçün səbəbləri var-məsələn, neftin ucuzlaşması. Keçmiş səfir deyir ki, azalan pullar fonunda hakimiyyət hansısa yeni tədbirlər görməlidir.

O sual edir ki, niyə Əliyevlər qeyri-neft sektorunu indiyə qədər inkişaf etdirməyib, niyə islahat keçirməyib.

İlham Əliyev bu ilin əvvəlindən daha tez-tez islahatlar haqda danışmağa başlayıb. Yalnız kadrlar deyil, nazirlik və komitələr birləşdirilib, struktur dəyişikliyi həyata keçirilib.

Bəzi tənqidçilər isə deyirlər ki, əslində, bütün dəyişikliyin məqsədi prezidentin atasından qalma komandadan azad olmaq, “Paşayev” klanını gücləndirməkdir. Hakimiyyət bu ittihamla bağlı şərh verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG