Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Azərbaycanda internetə nə olub?


Server
Server

Aprelin 21-də ölkədə internetlə bağlı problem yaranıb, müştərilər bir neçə saat oflayn olublar. Az sonra problemin aradan qaldırılması haqqında açıqlanma verilsə də, bugün də internet kəsintisi, onun keyfiyyətinin aşağı olması haqqında məlumatlar gəlməkdədir. Məsələn, iqtisadçı Rövşən Ağayev Facebook səhifəsində yazır: "Xırdalan hələ də internetsizdir. Tam bir gün. "Aztelelekom" telefonlara cavab belə vermir".

O, həmçinin sual edir: "Bəs keyfiyyətsiz xidmətə görə öhdəlik, cəza, sanksiya olmamalıdırmı?".

Problem açıqlanmır

"Delta Telecom"dan AzadlıqRadiosuna bildirilib ki, problem artıq dünəndən aradan qaldırılıb. Amma bir neçə dəfə sual verilsə də, problemin nədən ibarət olduğu açıqlanmayıb.

Qurumdan hazırda yaşanan problemlərə görə başqa şirkətlərin cavabdehlik daşıdıqlarını deyiblər: "Biz başqa provayderlərə interneti satırıq. Onların müştərilər ilə problemi yaşanırsa, bunun bizə dəxili yoxdur".

İnternet problemi yaşayanların bir qismi KATV müştəriləri olub. Bu haqda sosial mediada yazanlar da var. KATV-dən AzadlıqRadiosuna aprelin 21-də problemin aradan qaldırıldığı deyilsə də, səbəb açıqlanmayıb.

İlkin məlumatlarda qazıntı zamanı internet xəttinin zədələndiyi, bu üzdən problem yarandığı deyilirdi. Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Facebook səhifəsində yazmışdı: "İlkin məlumatlara görə, "Delta Telecom"un 2-ci əsas Mərkəzi, ATS 66-da yerləşən Mərkəzi ilə "Delta Telecom"un əsas Mərkəzini birləşdirən fiber-optik xətlərdə (Heydər Əliyev Mərkəzi qarşısında) zədələnmələr baş verib. Bu qəzanın kimlərsə tərəfindən, xəbərdarlıq edilmədən aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Bunun nəticəsində "Delta"nın 2-ci əsas Mərkəzində yerləşən resurslarda problem yaranıb".

V.Qasımov
V.Qasımov

İnformasiya texnologiyaları üzrə mütəxəssis Vahid Qasımov başqa ölkələrdə də bu cür qəzaların baş verməsini mümkün sayır. "Ancaq bizdəki qədər axmaq səviyyədə olmur", - deyə əlavə edir. Onun sözlərinə görə, adətən, belə qəzalar təbii fəlakət zamanı ola bilər: "Bu, infrastrukturun düzgün səviyyədə qurulmamasının nəticəsidir. İnfrastruktural şeylər elə döşənməlidir ki, onların müdafiəsi olsun. Yəni, ekskavator rahat şəkildə şəhər əhəmiyyətli kommunikasiya xəttini qıra bilməməlidir. Belə təhlükə varsa, orda işarələr qoyulmalıdır. Optik xətlərin qorunması işıqdan, qazdan, sudan daha əhəmiyyətlidir. Qazdır, sudur, dəmir borularla aparılır və qırılma ehtimalı daha azdır. Telefon, optik xətlərin təmiri daha bahadır və onların qorunmasına ikiqat diqqət yetirilməlidir".

V.Qasımov buna görə məsuliyyəti dövlət qurumlarının daşıdığını, dövlətin optik xətlərin çəkilməsinə milyardlar ayırdığını vurğulayır. Onun sözlərinə görə, belə hadisə birinci dəfə deyil baş verir və cəzasız qaldıqca, bu qəzalar təkrarlanır.

Nazirlik təkzib edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə mətbuata verilən açıqlamada deyilir ki, internet təchizatında yaranan problemin hər hansı elektron ATS-in xidmət ərazisində təmir və ya qazıntı işləri ilə bağlı olması haqda deyilənlər həqiqəti əks etdirmir.

Nazirlikdən Qafqazinfo-ya bildirilir ki, problem ölkəyə internet gətirən kommersiya provayderi ilə bağlıdır: "Ölkə ərazisində COVID-19 virusu ilə əlaqədar tətbiq edilən karantin rejimində bir çox şirkətlər işlərini onlayn rejimdə davam etdirir. Eləcə də, təhsil sistemində dərslər onlayn qaydada həyata keçirilir. Bununla əlaqədar genişzolaqlı internet şəbəkəsində əhəmiyyətli dərəcədə yüklənmə var. Bəzən internetlə əlaqəli vətəndaşın seçdiyi qurğu və evində yerləşdirdiyi cihaz bu günlərdə artan tələblərə cavab vermir".

Nazirlik göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral internet xətlərinə daim nəzarət edildiyini, ölkə ərazisində internetlə təminatın davamlı şəkildə həyata keçirildiyini vurğulayır.

O.Gündüz
O.Gündüz

"Rezerv yoxdur"

O.Gündüz də Azərbaycanda xətlərin həddən artıq yükləndiyini, dolub-daşdığını söyləyir. Onun sözlərinə görə, bu da təhlükəsizliyə təhdidlər yaradır. Mütəxəssis hesab edir ki, nazirlik yaranmış durumda tədbirlər görməli, eyni zamanda, ictimaiyyəti məlumatlandırmalıdır: "Bütün internet rezervləri, alternativləri işə salınıb. Əvvəl boş olan xətlər, kanallar – provayderin üç kanalı vardısa, birindən istifadə edirdi və ikisi rezerv dururdu – hamısı indi istifadə edilir. Bu halda daha təhlükəsizlik təhdidləri daha çox artır. Yəni, istənilən balaca problem böyük problemə çevrilir. Əvvəl balaca problem olan kimi onu boş xəttə yönəltmək olurdu. Amma artıq rezerv yoxdur. Bu baxımdan, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin laqeydliyi, ciddi reaksiya verməməsi, qüvvələri səfərbər etməməsi, provayderləri bir yerə toplayıb onlayn müzakirə keçirməməsi anlaşılan deyil".

O.Gündüz deyir ki, ölkədə internetlə bağlı yaşanan problemə görə rəsmi qurumlar münasibət bildirməlidir: "Dünəndən hadisə baş verib. Azərbaycan internetini sabah hansı təhlükə gözləyir? Buna cavab verilməlidir".

AzadlıqRadiosu gün ərzində dəfələrlə cəhd etsə də, NRYTN-dən deyilənlərə münasibət ala bilməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG