Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:15

Azərbaycanda həyat standartı haqqında fərqli düşüncələr


Bir ildə rəsmi işsizlik 4 dəfə artıb
Bir ildə rəsmi işsizlik 4 dəfə artıb

Yanvarın 22-də prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində «Strateji baxış: Avrasiya» mövzusunda keçirilən panel iclasında iştirak edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı panelin moderatorunun suallarını cavablandırıb.

Dövlət başçısı moderatorun «...Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, siz onlara nə deyərdiniz?» sualına cavab olaraq bunları bildirib: «Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar».

İ.Əliyev sonda da əlavə edib: «Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır».

«Gedib qayıtmayanlar...»

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna deyib ki, dövlət başçısının sualın Azərbaycana aid hissəsinə aid verdiyi cavablar səmimiyyətdən uzaqdır. Onun fikrincə, əhalinin, o cümlədən gənclərin küçələrdə olmamasının bir səbəbi sərbəst toplaşmaq azadlığına imkan verilməməsidir: «Azərbaycanda insan haqlarının hansı dərəcədə tapdandığını kim bilmir ki?...».

N.Əliyev
N.Əliyev

N.Əliyevə görə, daha bir səbəb gənclərin iş dalınca xarici ölkələrə getməsidir: «2017-ci və 2018-ci illərdə Azərbaycandan Rusiyaya gedib qayıtmayanların sayı 20 min nəfərdən çoxdur, bir o qədər də insan Türkiyəyə gedib, qayıtmayıb. Hələ başqa ölkələrə də gedənlər var».

«250 manat alan gənc bu pulla necə yaşasın?»

İqtisadçı vurğulayıb ki, Azərbaycanda əmək haqları çox aşağı səviyyədədir:


«Ölkədə rəsmi əməkhaqqı alan insanların təxminən 60 faizi hər ay 250 manat orta aylıq əməkhaqqı alır, bu isə 1 milyon 500 min muzdlu işçinin 900 min nəfərini əhatə edir. Bunların arasında gənc, ortayaşlı, yaşlı şəxslər var. İndi 250 manat alan gənc bu pulla necə yaşasın, ailə qursun, ailə dolandırsın?».

N.Əliyev hesab edir ki, Azərbaycanda standart həyat və yaşam şərtləri həddən artıq ağırdır. Onun fikrincə, hökumət potensial narazılıqları aradan qaldırmaq üçün, nə qədər gec deyil, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıran gerçək islahatlar aparmalı, iş yerləri açmalı, əmək haqlarını, pensiyaları dəfələrlə artırmalıdır.

Q.İbadoğlu
Q.İbadoğlu

«İşsizlik artır, işsizliyə görə ödəniş alanlar azalır»

İqtisadçı Qubad İbadoğlu isə Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən qeyd edib ki, ötən bir ildə rəsmi işsizlik 4 dəfədən çox artıb, işsizlikdən sığorta ödənişi alanların sayı isə iki dəfədən çox azalıb.

Q.İbadoğlu bildirib ki, 2020-ci il yanvarın 1-nə məşğulluq xidməti orqanlarında qeydə alınan işsiz şəxslərin sayı 81272 nəfər olsa da, onlardan işsizliyə görə ödəniş alanlar cəmi 540 nəfərdir:

«2019-cu il yanvarın 1-nə məşğulluq xidməti orqanları tərəfindən işsizlik statusu verilmiş şəxslər 20088 nəfər, işsizlikdən sığorta ödənişi alanlar isə 1117 nəfər olub».

Q.İbadoğlu vurğulayıb ki, məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayının artım tempinə görə, Azərbaycan nəinki, MDB-də, hətta dünya ölkələri arasında liderdir.

Z.Oruc
Z.Oruc

«Prezident haqlıdır»

V çağırış Milli Məclisin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə deyib ki, Azərbaycan gəncliyi bu gün öz tale və gələcəyini İlham Əliyevlə bağlayır. O hesab edir ki, məmurdan, parlament üzvündən, hakimdən narazı olan gənclik belə prezidentə inamla yanaşır: «Gəncliyin müəyyən qismi hakimiyyətin müxtəlif həlqələrində təmsil edilirlər və müəyyən qismi iqtisadi sahələrdə özlərinə meydan qazanıblar. Hətta hökumət səfində yer alan bəzi məmurlara görə problemləri olan gənclərimiz belə, yekun olaraq yenə də hesab edirlər ki, prezidentin apardığı islahatlar siyasəti onların mənafe və gələcəklərinə xidmət edir».

Z.Oruc hesab edir ki, bu baxımdan, prezidentin cavabı haqlıdır: «Ona görə də, böyük əksəriyyət ölkənin sabahını İlham Əliyevin liderliyində görür. Bu üzdən Davos tribunasından söylənilən fikir gerçəkliyi, Azərbaycan insanın mövqe və rəyini əks etdirir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG