Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:17

'Neftin qiyməti bir qədər düşən kimi panik vəziyyət olur'


«Star» neft emalı zavodu
«Star» neft emalı zavodu

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ötən ilin oktyabrında Türkiyədə istismara verilən «Star Rafineri» neft emalı zavodunun (NEZ) illik gəliri qiymətlərdən asılı olaraq 6-9 milyard ABŞ dolları təşkil etməlidir. Zavodun ümumi mənfəətinin 600-800, xalis mənfəətinin isə 500 milyon dollar olacağı gözlənir.

APA-nın məlumatına görə, bunu NEZ-in baş direktoru Mesut İlter deyib. Bu il zavodda 8 milyon ton neftin emalı nəzərdə tutulub. Lakin 2020-ci ildən etibarən «Star» ildə 10 milyon ton neft emal etməlidir.

Azərbaycanın özündə tikmək olardımı

Müəssisənin səhmlərinin 60 faizi SOCAR-a, 40 faizi isə Azərbaycan İqtisadiyyat Nazirliyinə məxsusdur. Bəs yüksək gəlirli və layihə dəyəri 6.3 milyard dollar olan bu zavodu Azərbaycanın özündə tikmək olardımı?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AzadlıqRadiosuna bildirib ki, zaman-zaman həmin sual gündəmə gəlir:


«Cəmiyyətin verdiyi sual düzdür. Çünki SOCAR-ın gəlirləri və büdcəyə ödəmələri, o cümlədən dövlətin bu şirkətin fəaliyyətindən divident kimi götürüb xərclədiyi böyük vəsaitləri hər bir vətəndaşın öz üzərində hiss etməsi bir faktdır».

İ.Şaban xatırladıb ki, SOCAR Türkiyə bazarına 2008-ciildə daxil olub: «Türkiyə hökuməti dövlətə məxsus neft-kimya şirkəti «Petkim»in 51 faizinin özəlləşdirilməsi ilə bağlı beynəlxalq tender elan etmişdi. Tenderin qalibi Rusiyanın «Troyka dialoq» investisiya şirkəti oldu. Ancaq Türkiyənin müvafiq tənzimləyici orqanları tenderin nəticələrini təsdiq etmədilər. Türkiyə hökuməti tenderin qalibi kimi 2.04 milyard dollar təkliflə ikinci olmuş SOCAR-ı elan etdi. Bu, imkan verdi ki, SOCAR yarandığı 1992-ci ildən sonra ilk dəfə öz fəaliyyətində Azərbaycan hüdudlarından kənarda istehsalla məşğul olsun».

İ.Şaban
İ.Şaban

Ekspert qeyd edib ki, SOCAR «Petkim» şirkətinin nəzarət paketini əldə etmək üçün özünün maliyyə resurslarından istifadə etməyib: «Ona görə ki, sadəcə, o resurslara malik deyildi. Bu baxımdan həmin kapital xarici maliyyə bazarlarından əldə edilərək, sonradan «Petkim»in fəaliyyətindən əldə edilən mənfəət hesabına ödənilib. Həmçinin, SOCAR 11 ilə yaxın müddətdə «Petkim»də istehsalın genişləndirilməsi və buraxılan məhsulların çeşidinin artırılması üçün daha 1 milyard dollar investisiya etməyə nail oldu. Bunun nəticəsi olaraq Türkiyə hökuməti SOCAR-ı ciddi bir partnyor kimi gördü…».

İ.Şabanın vurğulamasına görə, SOCAR «Petkim» şirkətində istehsal edilən məhsulların maya dəyərinin aşağı salınması, yerli bazarda rəqabətdə daha inamla irəliləmək məqsədilə strateji planlar üzərində düşünürdü: «SOCAR üçün vacib idi ki, Türkiyədə özünün neftayırma zavodu olsun».

«Nəticə çox yaxşıdır…»

Ekspert deyir ki, nəticədə SOCAR 2018-ci ildə həmin layihəni 6.3 mlrd dollara reallaşdırıb: «Hazırda STAR – «Petkim» birgə orqanizm kimi çalışır. Nəticə çox yaxşıdır, bazarlarda SOCAR məhsulları rəqabətədavamlıdır. Artıq 2020-ci ildə yeni neft kimya kompleksi tikiləcək, artıq BP ilə birgə. Bu layihələr artıq açıqlanıb. STAR hər il 500 milyon dollar xalis mənfəət əldə edəcək».

«Neftin qiyməti bir qədır düşən kimi…»

İ.Şaban əlavə edib ki, Azərbaycanda iri NEZ-in tikilməməsinin səbəbini hökumət rəsmilərindən soruşmaq lazımdır: «Neftin qiyməti bir qədır düşən kimi panik vəziyyət olur, hansısa kapitalyönümlü investisiya proqramını gerçəkləşdirməkdə maraqlı olmur. Buna görə də, Qaradağda yeni NEZ tikmək əvəzinə H.Əliyev adına zavodu modernləşdirmək fikrinə düşdülər…».

N.Bəydəmirli
N.Bəydəmirli

İqtisadçı, keçmiş deputat Nazim Bəydəmirli isə hesab edir ki, Azərbaycan bu illər ərzində yalnız xam neft istehsalı və satışı ilə məşğul olub:

«Gürcüstan və bəzi digər ölkələr artıq bizdən dizel almaqdan imtina etdilər…».

«Azərbaycanda iki neft emal zavodu var. Sovet İttifaqı dövründə bu zavodların neft emalı gücü ildə 20 milyon tona çatırdısa, müstəqillik dövründə azala-azala təqribən 5 milyon tona düşüb. Azərbaycanda avrodizel, Aİ-95 markalı benzin və superbenzin istehsal olunmur. Yəni, vəziyyət qənaətbəxş deyil. Gürcüstan və bəzi digər ölkələr artıq bizdən dizel almaqdan imtina etdilər. Çünki o, müasir standartlara cavab vermir. Vəziyyəti düzəltmək üçün heç zavod da tikmək lazım deyil. Sadəcə, mövcud olan emal sahələrində modernizasiya aparmaq lazım idi».

İqtisadçı hesab edir ki, illər boyu Tarif Şurası müxtəlif formalarda SOCAR üçün münbit şərait yaradıb: «İnhisarçı olaraq, SOCAR həm xarici kontraktlara nəzarət edir, həm də xarici istehsalçıları Azərbaycana buraxmır. Yerli istehsalçılara isə arenaya çıxmağa imkan vermir. Halbuki, onlar maraqlı olardı ki, neft mənbəyi olan ölkədə, onun emalı həyata keçirilsin. Yəni, hökumət nefti xam şəklində yox, məhsul şəklində satsın».

İqtisadçı hesab edir ki, neft ölkəsində emal zavodu olmalıdır. Onun fikrincə bunun xeyri daha çox olar.

V.Əhmədov
V.Əhmədov

«Türkiyəyə yatırım elə Azərbaycanın özünə yatırım deməkdir»

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da bildirib ki, indiyədək Azərbaycan Türkiyəyə 20 milyard dollara yaxın investisiya yatırıb: «Ən çox investisiya qoyduğumuz qardaş ölkədir. «Star» zavodu çox böyük bir layihədir. Bu layihədən hər iki dövlət böyük gəlirlər əldə edəcək. Türkiyə özünün nefti olmayan bir ölkədir. Müəyyən protokollar var ki, 2023-cü ilədək onlara riayət etməlidirlər. Nefti əsasən xaricdən idxal edir, neft emalı sahəsində xeyli çatışmazlıqları var. Bu zavodun işə düşməsi bu problemlərin xeyli hissəsini həll edir».

Deputatın fikrincə, zavodun Azərbaycan üçün də əhəmiyyəti böyükdür: «Böyük, dünya səviyyəli bir müəssisədir və tam olaraq Azərbaycana məxsusdur. Digər tərəfdən, mən həmişə demişəm ki, Türkiyəyə yatırım elə Azərbaycanın özünə yatırım deməkdir».

Yazıda səslənən fikirlərə, hələlik, hökumət üzvləri və SOCAR rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, deyirlər ki, ölkə iqtisadiyyatında inhisarçılığın yaranmasında maraqlı deyillər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG