Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

49 yeni yoluxma, 1 ölüm


Son bir gündə Azərbaycanda koronavirus infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb, bir nəfər vəfat edib.

Bu barədə bugün, aprelin 29-da Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ölən koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxan, xronik obstruktiv ağciyər xəstəliyi və ürəyin işemik xəstəliyi olan 1944-cü il təvəllüdlü şəxs olub:

“Hazırkı dövrədək ölkəmizdə 1766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1267 nəfəri müalicə olunaraq sağalıb, 23 nəfər vəfat edib, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.”

Qərargahdan vurğulandığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 137 min 379 test aparılıb.

Operativ Qərargahın aprelin 16-dan etibarən açıqladığı gündəlik statistikda sağalanların sayının virusa yeni yoluxanların sayını üstələdiyi görünürdü.

Ancaq bu açıqlamada yenidən əks göstərici yer alıb.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasını pandemiya elan edib. Artıq dünyada bu virusa yoluxanlardan 219 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb.

Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Karantin rejimi daha sonra mayın 4-nə kimi uzadılıb. Aprelin 27-dən isə karantin rejimindəki qaydalarda müəyyən yumşalmalar olub. Artıq bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb.

XS
SM
MD
LG