Son bir gündə Azərbaycanda koronavirusa 131 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və bir nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 19-da yaydığı məlumata görə, vəfat edən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü ölkə vətəndaşı olub:
“Hazırkı dövrədək ölkəmizdə 3518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2198 nəfəri müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib, 1279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.
Qərargahdan vurğulandığına görə, Azərbaycanda bu virusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240.220 test aparılıb.
Xatırlatma
2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 4 milyon 924 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 320 mindən artıq şəxsin vəfat etdiyi açıqlanıb.