Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:13

Ətin idxalı da artıb, qiyməti də


Fermer: “Ətin qiyməti qalxacaq da. Örüş yerlərimizi alıb pambıq əkirlər”
Gözlə

No media source currently available

0:00 0:15:16 0:00

Fermer: “Ətin qiyməti qalxacaq da. Örüş yerlərimizi alıb pambıq əkirlər”

Dövlət Gömrük Komitəsinin statistikasına baxanda məlum olur ki, bu ilin ilk üç ayında xaricdən ət idxalı ötən illə müqayisədə təqribən 50 faiz artıb.

Əgər 2018-ci ilin ilk üç ayında ölkəyə 8 700 ton ət gətirilmişdisə, bu ilin üç ayında bu rəqəm 13 min tona qədər olub.

İmişlidə maldarlıqla məşğul olan Nadir Ağayev deyir ki, hakimiyyət 2017-ci ci ildə pambıqçılığın inkişafı ilə bağlı proqram qəbul edəndən sonra yerli əti istehsalı çətinləşib. Sahibkarın sözlərinə görə, pambıq istehsalı genişlənəndən sonra onların otlaq yerlərini əllərindən alıb, pambıq əkməyə başladılar:

“Bir dəfə gəldilər 15 hektar yerimi pambıq əkmək adı ilə şumladılar, qara şum vəziyyətində qoydular getdilər. Sonra yenə gəldilər, altı hektar yerimi də əkdilər, yalandan əkdilər, qoyub qaçdılar. Ondan sonra yonca sahəmdə vələmir əkdi. Heyvan məhv olursa, ət qalxmalıdır. Əti də qalxmalıdır, südü də, pendiri də”.

Nadir Ağayev deyir ki, o da, başqa sahibkarlar da bu torpaqları 15 illiyinə icarəyə götürübmüş, amma torpaq qəfildən pambıq əkmək üçün əllərindən alınıb. Sahibkarın sözlərinə görə, onun tanıdığı azı 30 fermer pambıq və taxıl əkininə görə otlaq sahələrini itirib.

Nadir Ağayev deyir ki, onlara bu torpaqları alanda bu işin arxasında hakimiyyətə yaxın böyük holdinqlərdən birinin durduğunu deyiblər.

Deputat deyir ki, əhalinin vəziyyəti yaxşıdır

Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvü Cavanşir Paşazadə isə pambıq əkininə görə otlaqların əkin sahəsinə çevrilməsi iddiası ilə razılaşmır. O deyir ki, ona belə bir hal məlum deyil və Azərbaycanda ümumiyyətlə yerli ət problemi yoxdur.

Bakı bazarlarının birində çalışan satıcı işləyən Emin Əliyarov isə deyir ki, yerli ət indi iki-üç il əvvəlkinə nisbətən 40 faizə qədər bahadır, alıcılıq qabiliyyəti də düşüb. Emin Əliyarovun sözlərinə görə, onlar əti rayonlardan baha alırlar deyə qiyməti qaldırmağa məcburdurlar:

“Ot bahadır, yem bahadır. Bu dəqiqə ot presinin biri 4-5 manatdır. Arpa yemi 45 qəpikdir. Camaatın imkanı yoxdur ki, ət alsın”.

Cavanşir Paşazadə
Cavanşir Paşazadə

Deputat Cavanşir Paşazadənin isə yerli ətin bahalaşmasına və idxalın artmasına başqa izahı var.

Cavanşir Paşazadə deyir ki, ət idxalının artması onunla bağlıdır ki, əhalinin sosial durumu yaxşılaşır, tələbat artır, ona görə də idxal artır. O ki qaldı qiymətin bahalaşmasına, deputat deyir ki, ola bilsin ki, bunu fermerlər özləri edir:

“Bahalaşma ətin azalması və ya çoxalması ilə bağlı deyil. Bəzi fermerlər mütəmadi birləşirlər bəzən, sözü bir yerə qoyurlar, qiymətləri qaldırmaq xəyalına düşürlər. Təbii ki, dövlət də hökumət də, bunun qarşısını almağa çalışır. Çünki Azərbaycanda ət problemi yoxdur, ətin qiymətinin qalxması kimi problem yoxdur”.

Qiymətin qalxacağı gözlənilən idi

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmov isə deyir ki, yerli ətin bahalaşacağı və qıtlığın yaranacağı gözlənilən idi, çünki dövlət öz siyasətini düzgün qurmamışdı.

Onun sözlərinə görə, dövlət bu prosesdə öz aktiv iştirakını azaldıb, sahibkarlara daha çox imkan versəydi, pambıqçılığın və maldarlığın paralel inkişafına nail olmaq olardı:

“Örüş sahələrində əkin həyata keçirmək olmazdı, bu torpaqlarda mineral elementlər kifayət qədər deyil, humus qatı azdır. Orda məhsuldarlığı artırmaq mümkün deyil. Ona görə nə taxılçılıqda məhsuldarlığı artıra bildilər, nə də pambıqçılıqda. Digər tərəfdən də həmin sahələri fermerlərin əlindən alıb yararsız hala saldılar”.

Azərbaycanda pambıqçılığın inkişafı üçün kampaniya 2014-cü ilin sonunda, dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin dünya bazarlarında kəskin ucuzlaşmasından sonra başladı.

2017-ci ildə prezident İlham Əliyev pambıqçılığın inkişafına dair dövlət proqramı imzalayıb. Bu proqram 2020-ci ilə qədər davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG