Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:40

C.Eldaroğlu: 'Günah futbolçularda deyil'


C.Eldaroğlu
C.Eldaroğlu

«Azərbaycanın futbol üzrə yığma komandasının uduzması ölkədə bu idman növünün inkişaf etməməsi ilə bağlıdır».

Bunu AzadlıqRadiosuna idman yazarı Coşqun Eldaroğlu deyib. Ekspertin sözlərinə görə, ölkədə futbolun əsas göstəricisi milli komandadır və yığmaya seçilən futbolçular ölkədə yetişməlidir.

C.Eldaroğlu deyir ki, Azərbaycan Respublikasında futbolun inkişafı Dövlət Proqramı (2005-2015-ci illər) kağız üzərində qalıb.

««Qəbələ»dən başqa çempionatda bölgələrdən klub yoxdur»

Onun fikrincə, AFFA futbolu necə inkişaf etdirmək lazım olduğunu bilmir: «Proqram əks effekt verib. Bu müddət ərzində ölkədə futbolu sanki tam öldürdülər. Bunu ölkə çempionatında görmək olar. «Qəbələ» klubundan başqa, çempionatda bölgələrdən klub yoxdur, hamısı Bakıdandır. Onların hamısını AFFA-nın baş katibi Elxan Məmmədov idarə edir. Bunun nəticəsidir ki, milli komanda üçün futbolçular yetişmir və yığmamız uduzur. Qurumun prezidenti Rövnəq Abdullayev və baş katibi Elxan Məmmədov futbol sahəsinə yad adamlardır».

Yazarın sözlərinə görə, günahı futbolçuların üzərinə qoymaq düzgün deyil: «Milli komanda klub deyil və onun üçün futbolçunu almaq olmaz. Gərək futbolçu ölkədə yetişə. Düzdür, bəzi legionerləri milliləşdirirlər, amma bu məhdud sayda olur».

«Belə getsə, Azərbaycan seçmə mərhələni 0 xalla bitirə bilər»

C.Eldaroğlu xatırladıb ki, seçmə mərhələsində qrupda artıq 3 oyun keçirilib, Azərbaycan 3 qol vurub və 10 qol buraxaraq bütün oyunlarda uduzub: «Belə getsə, Azərbaycan milli komandası seçmə mərhələni 0 xalla bitirə və ilk dəfə belə biabırçı nəticə göstərə bilər».

Bu fikirlərə, hələlik, AFFA rəsmilərindən münasibət almaq mümkün olmayıb.

«İstefa» deyən azarkeşlərin polisə aparıldığı bildirilir

İyunun 11-dә Bakıda «Bakcell Arena» stadionunda keçirilən Azərbaycan-Slovakiya futbol yığmaların oyununda «istefa» tələbi səsləndirən azarkeşlərin polis bölməsinə aparıldığı bildirilir.

Azarkeşlərin deməsinə görə, 20-yә yaxın gənc saxlanaraq Nizami Rayon Polis İdarəsinin 24 saylı Polis Bölməsinə aparılıb.

«İstefa» şüarı səsləndirən bəzi azarkeşləri polislər saxlayaraq aparıblar
«İstefa» şüarı səsləndirən bəzi azarkeşləri polislər saxlayaraq aparıblar

«Turan» agentliyinə həmin qarşılaşmada saxlanıb, buraxıldığını bildirən gənclərdən biri vurğulayıb ki, hələ oyunun 1-ci hissəsində Azərbaycan yığması bir neçə qol buraxandan sonra azarkeşlər ayağa qalxıb «istefa» şüarları səsləndirməyə başlayıblar: «Oyunun ikinci hissəsi başladı. Daha bir qol buraxıldı və azarkeşlər daha aqressivləşdi. Mülkigeyimli şəxslər məni və bizim sektordan 16 nəfəri bölməyə apardı. Bizə izahat yazdırdılar. Dedilər ki, izahatda elə qeyd edin ki, guya etirazlar baş məşqçiyə ünvanlanıb».

Həmin gənc əlavə edib ki, əslində «İstefa» şüarları AFFA-nın rəhbərliyinə ünvanlanmışdı: «İzahat alınandan sonra saat 23:00 radәlәrindә mənimlə saxlananlar sərbəst buraxıldı».

Bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyindən və baş məşqçisi Nikola Yurçeviçdən münasibət almaq mümkün olmayıb.

AFFA Yurçeviçdən hesabat istəyir

Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra «Bakcell Arena»da Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.

Bu barədə qurumun bu gün, iyunun 12-də yaydığı məlumatda bildirilir.

Məlumatda yazılıb ki, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda son iki oyunda göstərilən uğursuz nəticələr müzakirə olunub: «Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq. İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərilərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər».

Bu açıqlamaya, hələlik, Azərbaycan yığmasının futbolçularından münasibət almaq cəhdləri nəticə verməyib.

İyunun 11-də futbol üzrə Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində «Bakcell Arena»da Slovakiya yığmasını qəbul edib. Oyun qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.

Bu ağır məğlubiyyət azarkeşlərin stadionda şüar səsləndirmələrinə səbəb olub. Oyunun gedişi zamanı «Bakcell Arena»da tez-tez azarkeşlərin «istefa» şüarları eşidilib. Onların AFFA rəhbərliyini istefaya çağırdıqları bildirilib.

Stadionda olan jurnalistlərin və bəzi yerlı saytların yaydığı məlumata görə, «istefa» şüarı səsləndirən bəzi azarkeşləri polislər saxlayaraq aparıblar. Amma bu məlumata da, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycan Avro-2020-nin seçmə mərhələsində bundan əvvəl keçirdiyi iki oyunda da məğlub olub. Əvvəlcə səfərdə Xorvatiya yığmasına 2:1 hesabı ilə məğlub olan Azərbaycan millisi iyunun 8-də Bakıda Macarıstan yığmasına 1:3 hesabı ilə uduzmuşdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG