Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

‘Azərbaycan vətəndaşlığından imtina edirəm, aclığa başlayacağam...’


İllüstrasiya
İllüstrasiya

‘Azərbaycan vətəndaşlığından imtina edirəm, aclığa başlayacağam...’

Gəncə hadisələrinə görə həbs edilən Tural Bayramov belə deyib

“Bu ittiham aktı dövlət adından yazılıb, baş prokurorun birinci müavini imzalayıb. Burada yazılıb ki, guya bizim polislərə müqavimət göstərdiyimizi əks etdirən videogörüntülər var. Hanı? Niyə qoymursunuz ortaya? Yoxdursa, niyə mənə 8 il həbs cəzası vermisiniz?”, - Gəncə olaylarına görə həbs olunan Tural Bayramovun sözləridir.

Həmin olaylarla bağlı həbs edilən 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Turalın 24 yaşı var. O, daha 10 nəfərlə birgə hakim önünə çıxarılıb.

Onlara 7 il 6 aydan 9 ilədək cəza kəsilib. Bu hökmdən verdikləri şikayətə Bakı Apellyasiya Məhkəməsində, ancaq Gəncə Apellyasiya Məhkəməsinin hakimləri baxır.

Təqsirləndirilən şəxslər istər birinci instansiya məhkəməsində, istərsə indi işgəncələrdən şikayətləniblər. Vəkillər də vəsatət veriblər ki, bu adamlar istintaq təcridxanasına gətiriləndə həkim müayinəsindən keçiriliblərsə, nəticələr məhkəməyə bildirilsin.

İyulun 18-də hakim istintaq təcridxanasından gələn cavabı açıqlayıb. Cavabda yazılıb ki, bu qrupdakı təqsirləndirilənlər – Tural Bayramov, Orxan Yağnəliyev, Ruslan Həsənov və başqaları Bakı istintaq təcridxanasına gətirilən gün həkim müayinəsindən keçiblər və onların üzərində yeni xəsarətlər aşkarlanmayıb.

“İşgəncə yerləri 7 aydan sonra sağaldı”

Bu cavab təqsirləndirilən şəxsləri də, onların məhkəmə zalında olan ailə üzvlərini də qəzəbləndirib.

“Mən ötən il iyulun 16-da ora köçürülmüşəm. Ondan əvvəl iyulun 13-nə aid ekspert rəyi var və orada mənim üzərimdə xəsarət izləri olması göstərilib. O da yazılıb ki, sağlamlığa zərər vuran xəsarətlər deyil. Mənim xəsarətlərim üç günə keçən xəsarətlər deyildi ki, onlar görməsin. Məndəki işgəncə izləri 7 aydan sonra sağaldı. Bunlar bir yana, axı biz istintaq təcridxanasına gətiriləndə tibb-sanitar hissəsində müayinədən keçirilməmişik. Bu qədər də yalan olmaz...”

Bunu söyləyən Tural Bayramov belə məhkəməyə qatılmağı mənasız bildiyini və bu səbəbdən məhkəmə zalından çıxarılmasını istəyib:

“O biri məhkəmə də “araşdırma aparırıq, axırda qiymət verəcəyik” deyə-deyə bizi aldatdı. Mənə belə məhkəmə lazım deyil. Azərbaycan vətəndaşlığından da imtina edirəm. Altınızda kondisionerli maşınlar, bilmirsiniz, axı biz nə çəkirik”.

Valideynlər də hakimlərə etirazlarını bildiriblər:

“Bu işdə cinayət məsuliyyətinə cəlb olunası adamlar tutulanlara işgəncə vermiş polislər, yalan ittihamları düzüb-qoşan müstəntiqlərdir. Başınızın üstündə Allahı görün. Bu uşaqlar Azərbaycan vətəndaşlarıdır, niyə onlara zülm eləyirsiniz?”.

Məhkəmə iclasında qalmaqal yarandığından hakim ara vermək məcburiyyətində qalıb. Bir müddət sonra, proses davam etdirilərkən, Tural Bayramov iyulun 18-dən aclıq aksiyasına başlayacağını bildirib.

“Yeməyə çörək, geyinməyə ayaqqabı tapmırıq”

Valideynlər deyirlər ki, hər dəfə Gəncədən Bakıya məhkəməyə gələndə xeyli xərc çəkirlər. Hətta bəzi hallarda borc pul tapıb gəlirlər. Valideynlərdən ikisi hakimlərə cırıq ayaqqabılarını göstərərək deyib: “Biz yeməyə çörək, geyinməyə ayaqqabı tapmırıq. Bizə olunan zülmü biz götürsək də, Allah götürməyəcək...”.

Orxan Yağnəliyevin vəkilinin vəsatəti əsasında onun birinci dəfə şahid, ardınca şübhəli şəxs qismində ifadələri açıqlanıb.

O şahid ifadəsində bildirir ki, 10 iyul aksiyasına qatılmayıb, dayısı oğlu ilə birgə qohumunun yasından çıxıb gedərkən yolda polislər onları tutaraq idarəyə aparıb. Amma şübhəli şəxs kimi ifadəsində o, aksiyada olduğunu, polislərə daş atdığını deyib.

“Adam qısa müddətdə necə olub ki, ifadəsini dəyişib? Deməli, onun özünün də dediyi kimi, döyüb ikinci ifadəyə imza atdırıblar. Burada ifadədə yazıblar ki, “daş atdım”, amma ittihamda onun polisə təpik vurduğu qeyd olunub. Bu nə deməkdir? Niyə günahsız adamları tutub dövlətdən narazı salırlar?”, - vəkilin sözləridir.

Avqustun 1-də bu qrupun məhkəməsində çıxışlar mərhələsi başlayacaq.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları bunun terror əməli olduğunu və Yunis Səfərovun Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmağı hədəflədiyini iddia edir.

Yunis Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlanmayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirdiyinə görə, Gəncə olayları ilə bağlı bütövlükdə 6 qrupun (51 nəfərin) işi məhkəməyə göndərilib.

Onlardan, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Hakim önünə çıxarılanlar, əsasən, zorakılıq və talanların törədilməsində, odlu silahdan, partlayıcı maddələrdən istifadədə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər.

Mühakimə edilənlərə 5 ildən 9 ilədək həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.

Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi hələ məhkəməyə göndərilməyib. Bu olaylarla bağlı toplam 70-dən çox şəxsin həbs edildiyi açıqlanıb.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (Rəsmilər 5 şəxsin, hüquq müdafiəçiləri isə daha çox adamın öldürüldüyünü deyirlər). Öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edirlər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri yalanlayaraq bildirilib ki onlar məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG