Bu gün, aprelin 21-də Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda yazılıb ki, tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib:
XİN bildirir ki, müzakirələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirilib:
“Koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olundu. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulandı.Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmasının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olundu”.
XİN habelə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz qalır.
Açıqlamaya görə, bu mövqe münaqişənin BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin (1993-cü ildə işğalı pisləyən 4 qətnamə nəzərdə tutulur-red) həyata keçirilməsinə əsaslanır:
“Tərəflər təmasları saxlamağı və danışıqları mümkün qısa zamanda davam etdirməyi razılaşdırdılar.Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər”.
Bundan bir gün əvvəl, aprelin 20-də isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qupunun həmsədrləri Iqor Popov (Rusiya), Andrew Schofer (ABŞ) və Stéphane Visconti (Fransa) ilə video-konfrans formatında görüşü olmuşdu.
Orada Ermənistan (Zöhrab Mnatsakanyan) və Azərbaycan ( Elmar Məmmədyarov) nazirlərinin həmin bu video-konfrans formatında görüşü ilə bağlı razılıq əldə edilmişdi.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.
1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.
ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.