Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Azərbaycan və Ermənistan nazirləri danışacaqlar


Zohra Mnatsakanian (sağda) və Elmar Məmmədyarov (Foto arxivdəndir)
Zohra Mnatsakanian (sağda) və Elmar Məmmədyarov (Foto arxivdəndir)

İyunun 29-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri Igor Popov (Rusiya), Stefan Visconti (Fransa) və Andrew Schaffer (ABŞ) ilə videokonfrans formatında görüşü baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, videokonfransda ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib:

“Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma və infrastruktur layihələri daxil olmaqla Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət məsələsini qaldırıb. Həmsədrlər imkan olan ilk fürsətdə iki ölkənin xarici işlər nazirləri arasında birbaşa təmasların qurulmasının əhəmiyyətini vurğulayıblar.”

Açıqlamaya görə, sabah, iyunun 30-da ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulur.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

Münaqişə böyüyərək müharibəyə çevrilib. 1994-cü ildə onlar arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Koronavirus pandemiyası ilə bağlı son belə müzakirələr videokonfrans formatında aparılır.

XS
SM
MD
LG