Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:52

Azərbaycan təyyarəsi qəzaya uğrayıb


MİQ-29
MİQ-29

Təyyarənin tapıldığı deyilir

İyulun 24-ü təlim-məşq uçuşları həyata keçirən zaman radardan itən Azərbaycan Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsinin artıq tapıldığı bildirilir.

Bu barədə təyyarədəki pilotun yaxını, politoloq Qabil Hüseynli danışıb. Q.Hüseynlinin sözlərinə görə, bu gün, iyulun 26-da hərbi təyyarənin quruya çıxarılacağı gözlənir: «Təyyarənin tapıldığı deyilir. Təxminən Giləzi ilə Şurabad ərazisində olduğu söylənilir. Kranla quruya çıxaracaqlar».

Q.Hüseynli əlavə edib ki, hazırda o da hadisə yerinə yollanır.

Amma rəsmi qurumlar, hələlik, təyyarənin tapılması ilə bağlı hər hansı açıqlama verməyiblər.

Müdafiə naziri müşavirə keçirib

Müdafiə Nazirliyinin rəhbərliyi iyulun 25-də Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzasının səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. «Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib», - nazirliyin açıqlamasında yazılıb.

Müdafiə naziri Z.Həsənov əməliyyat qərargahında
Müdafiə naziri Z.Həsənov əməliyyat qərargahında

Pilotun axtarışları davam edir

İyulun 24-də qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin pilotu Rəşad Atakişiyev politoloq Qabil Hüseynlinin kürəkənidir. Bu barədə Q.Hüseynli özü bildirib.

Q.Hüseynli deyib ki, kürəkəni R.Atakişiyev peşəkar pilotdur və hələ də belə qəzaya düşməsinə inana bilmir.

Politoloq habelə vurğulayıb ki, pilotun axtarışı yüksək peşəkarlıqla aparılır, sahilboyu axtarışa həm təcrübəli peşəkarlar, həm də yaxınlıqdakı əhali cəlb edilib. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri də axtarışa cəlb olunublar.

Q.Hüseynli qeyd edib ki, R.Atakişiyevin iki oğulu var.

Qulluğa səhlənkar yanaşma ilə bağlı cinayət işi açılıb

Azərbaycan hərbi prokuroru Xanlar Vəliyev istintaq qrupu ilə birlikdə Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğradığı əraziyə gedib.

Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb. Həmin maddə üzrə təqsirləndirilən şəxs və ya şəxslərə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzaları verilə bilər.

+++

İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarə qəzaya uğrayıb.

Bu barədə bu gün, iyulun 25-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb: «Saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir».

Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

Xatırlatma

MİQ-29 Sovet İttifaqında dizayn olunmuş ikimühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir. 1970-ci illərdə konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 1983-cü ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG