Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:25

Azərbaycan-Rusiya sərhəddində sıxlıq olub


Bu gün, aprelin 15-də Azərbaycanla Rusiyanın sərhəddində sıxlıq yaranıb.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda yazılıb.

Komitə bildirir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük postu vasitəsilə ölkə ərazisini tərk edən yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində müvəqqəti sıxlıq yaranıb:

“Problem Rusiya tərəfində sistemdə baş verən texniki nasazlıqla əlaqədar olub. Belə ki, aprelin 13-ü günün birinci yarısında Rusiya Federasiyasının aidiyyəti gömrük qurumları sistemdəki nasazlıqla əlaqədar malların və yük nəqliyyat vasitələrinin qeydiyyatında bir neçə saatlıq fasilənin yaranacağını bildiriblər. Keçən müddət ərzində qarşı tərəflə danışıqlar aparılıb və problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib”.

Məlumata görə, aprelin 15-i saat 16:30-dan etibarən Rusiya tərəfində sistemdə baş verən nasazlıq aradan qaldırılaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilib.

“"Samur" gömrük postu vasitəsilə piyadaların və yüngül minik nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi isə gündəlik iş qrafikinə əsasən həyata keçirilir”.

Xatırlatma

Azərbaycan və Rusiya sərhədində nəqliyyat vasitələrinin sıxlığına tez-tez rast gəlinir. Bu ən müxtəlif səbəblərlə izah edilir.

Hətta bu il martın 29-da Xaçmaz şəhərində Azərbaycan Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri arasında növbəti işçi görüşdə bu məsələyə də toxunulmuşdu. Həmin vaxt Azərbaycan DGK bildirirdi:

“Tərəflər kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin "Samur" və "Yaraq-Qazmalar" sərhəd-buraxılış məntəqələrindən sürətli keçidinin təmin edilməsi, məntəqələrin qarşısında yaranan növbələrin operativ şəkildə aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər”.

XS
SM
MD
LG