Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:58

Azərbaycan postsovet avtokratiyasından Yaxın Şərq diktaturasınadək


Suriya əməliyyatında yeniliklər- Türkiyəyə qarşı ABŞ sanksiyaları
Gözlə

No media source currently available

0:00 0:15:44 0:00

Suriya əməliyyatında yeniliklər- Türkiyəyə qarşı ABŞ sanksiyaları

2003-cü il 15-16 oktyabr hadisələrindən 16 il ötür. 16 il öncə bu gün Azərbaycanda prezident seçkiləri keçirilirdi. Amma müxalift səslərin saxtalaşdırıldığını, üzvlərinin məntəqələrdən zorla çıxarıldığını bəyan elədi. Müxalifət əslində seçkilərdə Müsavat Partiyasının başqanı İsa Qəmbərin qalib gəldiyini bildirdi.

Müsavat partiyasının qarşına toplaşan müxalifətçilərlə polis arasında qarşıdurma oldu. Ertəsi gün, oktyabrın 16-da isə səslərin saxtlaşdırılığını bəyan edən müxalifət fəalları Azadlıq Meydanına toplandı. Bu zaman hüquq-mühafizə orqanları ilə onlar arasında toqquşmalar oldu.

Həmin hadisələr zamanı polislə toqquşmada ölənlərin olduğu və yüzlərlə adamın yaralandığı bildirilirdi.

Human Rights Watch təşkilatının həmin illərdə hazırladığı hesabata görə, azı 600 nəfər həbs edilmişdi, onlar işgəncələrə məruz qalmışdılar.

Mərkəzi Seçki Komissiyası İlham Əliyevin seçkilərdə qalib gəldiyini elan etdi. Müsavat Partiyasının ozamankı başqanı İsa Qəmbər deyir ki, seçkinin nəticələri gerçəkləşmiş olsaydı, Azərbaycanda korrupsiyaya böyük zərbə vurulacaqdı, rüşvətxorluq olmayacaqdı.

Ekspert: "Bu rejimin möhkəmlənməsinə Qərb kömək edib"

2003-cü ildə ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycan ofisində siyasi müşavir işləyən Qorxmaz Əsgərov bu hadisələri yaxından müşahidə edənlərdən biridir. O, deyir ki, son 16 ildə Azərbaycan post-sovet avtoritarizmindən Yaxın Şərq tipli neft diktaturası istiqamətində sürətlə uzun bir yol keçib:

“Hazırda Azərbaycandakı vəziyyəti yalnız Orta Asiyanın keçmiş sovet respublikaları ilə müqayisə etmək olar. Bu rejim Səudiyyə, İordaniya, qismən Misirdəki rejimlərə daha oxşardır. Bu rejimin Azərbaycanda qurulmasında və möhkəmlənməsində Qərbin, daha konkret desək, Böyük Britaniya, ABŞ və İsrailin böyük rolu var. Hələ ki, Azərbaycan cəmiyyəti bu ölkənin “ərəbləşməsinə” zəif də olsa, müqavimət göstərir. Amma Azərbaycan onun hazırkı hökuməti və onun xarici müttəfiqləri ardıcıl və sərt şəkildə “ərəbləşmə” yoluna sürüklənir. 16 il əvvəl İlham Əliyev hakimiyyətə öz xalqının əzilməsi hesabına gəldi. Həm 2003-də, həm də indi İlham Əliyev xalqa yox, özünün xarici havadarlarına arxalanıb. Nəticə də göz qabağındadır”.

Millət vəkili, prezidentin sərəncamı ilə yaradılan Sosial Strateji Araşdırmalar Mərkəzinin sədri Zahid Oruc isə hesab edir ki, son 16 ildə Azərbaycan müstəqil, azad bir ölkəyə çevrilə bilib. Onun fikrincə, 2003-cü il seçkilərində müxalifət qalib gəlsəydi, bu gün Azərbaycan faciələr içində ola bilərdi:

“2003-ci ildə hakimiyyət əleydarları düşünürdülər ki, 90-cı illərdəki ssenarini təkrarlayıb, hakimiyyətə gələ bilərlər. Yəni, Ayaz Mütəlibovun qarşısına məhz meydanla çıxmışdılar. Düşünürdülər ki, yenə Azadlıq medyanından yeni hakimiyyəti elan etmək üçün istifadə edəcəklər. Amma Azərbaycan xalqı məchulluğa düşmədi. Müxalifət öz prespektivi ilə Azərbaycanı 2003-cü ildən daha da geriyə aparacaqdı. Buna dair kifayət qədər əsaslar gətirə bilərəm. Amma ehtiyac yoxdur. Azərbaycan insanı hələ də 90-cı illərin ağrılarını yaşayır”.

Bu gün 15 oktyabrda həm də İlham Əliyevin prezident kürsüsündə atasını əvəzləməsindən 16 il keçir.

AzadlıqRadiosu bu münasibətlə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Sizcə, İlham Əliyevin idarəçiliyi Heydər Əliyevdən nəylə fərqlənir?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

İslamçı müxalifət təhlükəsi

Siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, Azərbaycan bu gün təhlükəli durumdadır. Onun fikrincə, İlham Əliyev atasından fərqli olaraq, ölkədə bütün müxalifəti susdurmaq, yox etmək yolunu seçib.

Onun fikrincə, bu da ölkədə dini radikal qrupların yaranması ilə nəticələnib. Rauf Mirqədirov bu halı Azərbaycanın müstəqilliyinə ən böyük zərbə sayır. Onun fikrincə, dövlətçiliyə müəyyən baxışları olan siyasi qüvvələr sıradan çıxırıldığından, populist, qeyri-sabit siyasətçilər meydana gəlir:

“İlham Əliyev müxalifəti siyasi səhnədən silib, süpürməyə çalışır. Ümumiyyətlə, müxalifətin mövcudluğunu belə qəbul eləmək istəmir. Bu bir tərəfdən vəziyyəti sadələşdirə, idarəetməni asanlaşdıra bilər. Amma bunun olduqca ciddi fəsadları var. Ən böyük fəsadı isə opponent kütlə olur. Əslində bu gün ölkədə ciddi təşkilatlana, güclənə biləcək yeganə bir müxalif qüvvə var, bu da “islamçı müxalifədir””.

Rauf Mirqədirov məhz bunu olduqca böyük təhlükə sayır. O düşünür ki, hökumət represiyyaları azaltmalı, tənqidə, siyasi partiyalara imkanlar yaratmalıdır ki, belə qüvvələr güclənməsin. Rauf Mirqədirov hesab edir ki, Heydər Əliyev məhz bu yolla gedirdi, müxalifəti az da olsa siyasi səhnəyə buraxırdı.

Prezident Administrasiyasındakı durum dəyişməyib

ABŞ-ın Azərbaycandakı keçmiş səfəri Richard Kauzlarich Azərbaycandakı prosesləri yaxından izləyənlərdən biridir. Diplomat kimi işini başa vurandan sonra da müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanla bağlı çıxışlar edir. O deyir ki, ötən 16 ildə Azərbaycanda demokratiya və insan haqları sahəsində geriləmə olub. Seçkilər formal keçirilir, siyasi müxalifət isə fəaliyyət göstərə bilmir:

“Siyasi prosesləri idarə edən Prezident Administrasiyasındakı durum isə mən Azərbaycanda səfir olduğum dövrdəki kimidir. İdarəetmə üslubu baxımından İlham Əliyev həmişə olduğu kimi kleptokratik bir avtokratiyanın rəhbəridir. Korrupsiya siyasi sistemi bir araya gətirən yapışqan olaraq qalır. Mən ötən 16 ildə İlham Əliyevin baxışlarının dəyişdiyinə inanmıram. İslahatlardan, xüsusən iqtisadi islahatlardan danışılır, amma heç nə olmur. Yox, həqiqətən islahat aparılsa, bu iqtidarın siyasi nəzarətinə ciddi təhdid olardı".

Bu gün ilham Əliyevin ilk dəfə prezident seçilməsindən 16 il ötür. Ondan sonra keçirilən daha 3 prezident seçkilərində də yenə İlham Əliyev qalib elan edilib.

Son 16 ildə konstitusiya iki dəfə referendum yolu ilə dəyişdirilib. Bir nəfərin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılıb, birinci vise-prezident postu yaradılıb və ora birinci xanım Mehriban Əlieva təyin edilib. Prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılıb. Mövcud qaydalara görə növbəti prezident seçkisi 2025-ci ildə olmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG