Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi rəsmi Bakının Krım yarımadasında keçirilən “yerli seçkiləri” tanımadığını bəyan edib.
"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkiləri” tanımır," Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat katibi Leyla Abdullayeva bildirib.
Sentyabrın 8-də Rusiyada və Krımda yerli, regional seçkilər keçirilib.
Sentyabrın 9-da Avropa İttifaqı da Krımda keçirilən seçkiləri tanımadığını bəyan edib.
Xatırlatma
Rusiya Ukraynaya məxsus Krım yarımadasını 2014-cü ilin fevralında ilhaq edib.
Həmin ayın 27-də silahlı, maskalı şəxslər ərazidə parlament binası və 2 hava limanı başda olmaqla bir sıra strateji əhəmiyyətləri obyektləri ələ keçirib.
Onlar Krımla Ukraynanı bir-biri ilə əlaqələndirən bütün telekommunikasiya və internet xətlərini sıradan çıxarıblar.
Moskva Krımın referendum vasitəsilə Rusiyaya birləşdiyini deyib.
Ukrayna isə bunu Rusiyanın işğalçılığı adlandırıb.