Azərbaycanda daha iki nəfərin koronavirusa yoluxduğu açıqlanıb.
Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargahın bugün, martın 10-da axşam saatlarında yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir ki, İran İslam Respublikasından qayıdan 1960 və 1984-cü il təvəllüdlü iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb:
“Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər. Hazırda pasientlərin səhhəti normaldır, vəziyyətləri sabitdir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bundan əvvəl koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar. Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır”.
Bu açıqlamaya qədər Azərbaycanda 11 şəxsin koronavirusa yoluxduğu açıqlanmışdı.
Bu gün, martın 10-da operativ qərargahın yaydığı açıqlamada bu virusla bağlı mart ayında nəzərdə tutulan Növruz şənliklərinin təxirə salındığı açıqlanıb. Habelə, Peşəkar Futbol Liqasının qərarı ilə Azərbaycanda bəzi oyunların azarkeşsiz keçiriləcəyi bildirilib.
Orta və ali məktəblərdə isə martın 27-nə qədər dərslərin dayandırılmasına qərar verilib.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.
Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec - yalnız fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.
Azərbaycanda 10-dan çox şəxsin bu virusa yoluxduğu açıqlanıb. Əsasən İrandan qayıdan 500-dən çox şəxsin isə koronavirus şübhəsi ilə karantinə alındığı söylənir.
Son bir neçə ayda dünyada bu virusdan 4 minə yaxın şəxsin vəfat etdiyi bildirilir.