Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:30

Azərbaycan-Gürcüstan sərhədləri müzakirə edilir


Qırmızı körpü sərhəd-buraxılış məntəqəsi
Qırmızı körpü sərhəd-buraxılış məntəqəsi

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliya arasında bu gün, mayın 14-də görüş keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, görüş Bakıda baş tutub və orada iki ölkə arasında dövlət sərhədinin delimitasiyası (sərhəddin müəyyən edilməsi) məsələləri üzrə fikir mübadiləsi aparılıb.“Görüşün nəticəsi olaraq iki dövlət arasında razılaşdırılmamış sahələr üzrə müzakirələrin Dövlət Komissiyalarının gələn həftə keçiriləcək növbəti iclasında davam etdirilməsi qərara alınıb”, məlumatda yazılıb.

XİN vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dövründə müəyyən olunub.

Məlumatda qeyd edilib ki, hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası (sərhədlər müəyyənləşənə qədər onları ayıran xətt-red) üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək Komissiyaların 11 iclası keçirilib.

“Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir”, məlumatda bildirilir.

XİN qeyd edir ki, bu ilin Pasxa bayramı ərəfəsində (aprel ayinda-red) Gürcüstan sərhədçiləri Azərbaycanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət ediblər.

“Gürcüstanla mövcud sıx əməkdaşlıq ruhuna uyğun olaraq, bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi barədə yeni müraciət daxil oldu. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan edib. Gözləntimiz ondan ibarətdir ki, Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası qısa müddət ərzində yekunlaşdırılacaq" - XİN-dən bildirilib.

Xatırlatma

Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, son vaxtlar bu ölkə ilə Azərbaycan sərhədində yerləşən Keşikçidağ-David Qareci məbəd kompleksində narazılıq yaşanıb.

Gürcüstanla Azərbaycan arasında sərhəd delimitasiyası məsələləri əsasən razılaşdırılıb. Ancaq bu kompleksin yerləşdiyi ərazidə sərhədin tam müəyyən edilmədiyi bildirilir. Xüsusilə orada mübahisələr Udabno məbədi ilə bağlıdır. SSRİ zamanında ora Azərbaycanın ərazisi olub.

Azərbaycan prezidentin sərəncamı ilə 2007-ci ildə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Orda 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var. Ağstafa rayonunun mərkəzindən 75 kilometr, rayonunun sonuncu yaşayış məntəqəsindən - Böyük-Kəsik kəndindən isə 28 kilometr uzaqda yerləşir.

XS
SM
MD
LG