Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:51

Azərbaycan və Gürcüstan sərhədi bütün nəqliyyat vasitələri üçün bağlanıb


Gürcüstan-Azərbaycan sərhədi

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti məlumat yayıb.

Məlumatda yazılıb ki, martın 13-də Azərbaycan və Gürcüstanın baş nazirləri Əli ƏsədovGiorgi Qaxariya arasında telefon danışığı olub.

Verilən məlumata görə, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının razılığına əsasən, 2020-ci il martın 14-ü saat 00:00-dan etibarən 10 gün müddətində Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün bağlanması barədə qərar verilib:

“Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxmasını, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz də fəaliyyət göstərəcək”.

Martın 14-dən etibarən habelə, Azərbaycanda bütün kütləvi tədbirlər təxirə salınıb.

Bu barədə martın 13-də Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

“Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir” - deyə qurumun açıqlamasında yazılıb.

Dünən, martin 12-də Azərbaycanda koronavirusa yoluxmuş bir şəxsin vəfat etdiyi açıqlanmışdı. Bu virusa ölkədə yoluxanların sayının 19-a çatdığı bildirilib.

Onlardan birinin öldüyü, üçün isə sağalaraq evlərinə buraxıldığı vuğulanıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.

Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec - yalnız fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.

Bu müddət, sonra da daha 2 həftə uzadılıb. Amma bu qərarın yük maşınlarına aid olmadığı bildirilir.

Hazırda əsasən İran və İtaliyadan qayıdan yüzlərcə şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 5 min civarında şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.

XS
SM
MD
LG