Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Azərbaycan fermerinin arzuları…


Fermer K.Kərimli
Fermer K.Kərimli

«Koronavirus pandemiyası kənd təsərrüfatından da yan keçməyəcək». Bunu Masallı rayonunun Qızılağac kəndində yaşayan fermer Kərim Kərimli deyib. O, daha sonra da əlavə edib: «İşçi qüvvəsinin azalması artıq özünü büruzə verir. Bir azdan əkinin qızğın vaxtı başlamalıdır. Doğrudur, xəstəliklə bağlı verilən qadağalara əməl etmək lazımdır. Amma belə halda kənd təsərrüfatı da unudulmamalıdır».

«İşlərin əsas hissəsi əl əməyinə əsaslanır»

Bununla belə, fermer vurğulayıb ki, şəxsən o, əkin işlərini, əsasən, virusun Azərbaycanda baş qaldırmasından öncə görüb: «2 hektar yonca, 6 hektar qarğıdalı, 3.5 hektar çiyələk əkmişəm. İşlərin əsas hissəsi əl əməyinə əsaslanır. Torpağın şumlanması, əkinə hazırlanması texnika ilə görülür. Çiyələk əkinində işlər daha çox əl ilə həyata keçirilir. Mən belə hesab edirəm ki, kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün daha çox texnikadan, məhsuldar toxumdan istifadə etmək lazımdır».

Onun sözlərinə görə, kəndli ən çox yetişdirdiyi məhsulun satışından narahatdır:

«Belə şəraitdə dövlət yanımızda olmalıdır»

«Artıq məhsulumuz bazara çıxmaq üzrədir. Qadağalar qalsa, məhsulun satışında problemlər qaçılmaz olacaq. Artıq bazar problemi özünü göstərməyə başlayıb. Belə şəraitdə dövlət yanımızda olmalıdır. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatına dövlətin ciddi dəstəyi var...».

«Bizim ölkə Rusiya üçün təbii istixana rolunu oynayır»

K.Kərimli deyib ki, Rusiya bazarları onların maraq dairəsində qalmaqdadır: «İstehsal etdiyimiz kənd təsərrüfatı məhsullarını, əsasən, Rusiya bazarlarına çıxardırıq. Bizim ölkə Rusiya üçün təbii istixana rolunu oynayır. Bizdə kənd təsərrüfatı məhsulları Rusiyanın məhsullarından tez yetişir. Azərbaycan əkinçiləri valyutanı, əsasən, Rusiyadan ölkəyə gətirirlər. Ölkəmizdə boş qalan məhsuldar torpaqlarımız çoxdur. Biz bu torpaqlardan səmərəli istifadə edə bilsək, qeyri-neft sektorunu ciddi şəkildə inkişaf etdirə bilərik. Xarici ölkələrdən gələn valyutanın həcminin çoxalması üçün dövlət fermerlərə böyük məbləğdə maliyyə dəstəyi vermək haqqında düşünməlidir.

«İşlərin əsas hissəsi əl əməyinə əsaslanır»
«İşlərin əsas hissəsi əl əməyinə əsaslanır»


Kəndlilərə məhsul kreditinin verilməsinə başlanılmalıdır. Krediti birbaşa bank sektoru yox, Kənd Təsərrüfatı Nazirliyi verməlidir. Bu sahədə uğur əldə etmək istəyiriksə, mütləq əkin sahələri sığortalanmalıdır. Mən belə təkliflər paketini Kənd Təsərrüfatı Nazirliyinin yüksəkvəzifəlilərinə təqdim etsəm də, bir nəticəsi olmayıb».

Onun deməsinə görə, cəmiyyətin ən kasıb təbəqələri kəndlərdə yaşayan, əkinlə məşğul olanlardır:

«İşçilərin gündəlik əməkhaqqı 8-13 manat arası dəyişir»

«Onların qazancları artsa, iş axtarmaqdan ötrü şəhərlərə getməzlər, dövlətin də həmin insanlara iş tapmasına ehtiyac olmaz. İndiki halda fermerin gəliri çox olduqda, işçilərə daha çox vəsait ayırır, yeni iş yerləri haqqında düşünməyə başlayır. Qazanc az olanda vəsaitlər də ehtiyatla xərclənir. Məsələn, təsərrüfatım üçün hər gün 10-15 nəfər işçi tələb olunur. İşçilərin gündəlik əməkhaqqı tələbatdan asılı olaraq 8-13 manat arası dəyişir. Bazarla bağlı problemimiz olmasa, məhsul maya dəyərindən baha satılsa, mövsümi işləyənlərə daha çox pul vermək olar. Yeni texnika almaq imkanı yaranar».

K.Kərimli deyib ki, çiyələk sahəsinin aqrotexniki qaydalarla becərilməsi üçün hər hektara 15 min manat xərc tələb olunur: «Bunun müqabilində dövlət il ərzində əkinçilərə hər hektara görə 50 manat pul verir. Eyni zamanda, hər hektara 150 manat güzəştli dotasiya ayırır. Buğda, arpa və başqa taxıl bitkilərinin hər hektarının becərilməsi üçün cəmi 300-400 manat arası xərc çəkilir. Dövlət onlar üçün də eyni miqdarda dotasiya ayırır. Qoyulan xərclərin miqdarına fərq qoyulmur».

Rəsmi məlumat görə, Masallı rayonunda 24 min 964 hektar əkinə yararlı torpaq sahəsi var. Bunun 17 min 330.2 hektarında kənd təsərrüfatı məhsulları əkilib.

Fermerin səsləndirdiyi bu fikirlərə, hələlik, Kənd Təsərrüfatı Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Kiçik sahibkarlar gəlirsiz qalıb. Problemin həll yolları axtarılır
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 35 minə yaxın şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 209 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 15 nəfərin sağalıb evlərinə buraxıldığı, 4 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı minlərcə şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Dünən, martın 29-dan xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG