Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumatda deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə yanvarın 29-da Cenevrədə keçirilmiş görüşü 7 saat davam edib.
Məlumatda bildirilir ki, “ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər”.
Bu da qeyd olunur ki, danışıqların növbəti raundu yanvarın 30-da keçiriləcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva məlumat verib.
Leyla Abdullayevanın habelə vurğulamasına görə, yanvarın 30-da danışıqlar davam etdiriləcək.
Dünən, yanvarın 28-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdü.
Həmsədirlər sonra da Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla bir araya gəlmişdilər.
Görüşlərdə İgor Popov (Rusiya), Stefan Visconti (Fransa), Andrew Shaffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.
Xatırlatma
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb.
1994-cü ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.