Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 08:12

Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazanıb


İyunun 26-da sərbəst güləşçi Mahir Əmiraslanov II Avropa Oyunlarında Azərbaycana ilk qızıl medal qazandırıb.

57 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc pəhləvan finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” Avropa Oyunlarının çempionu olub.

O, bu qələbə sayəsində II Avropa Oyunlarında Azərbaycanın aktivinə ilk qızıl medalı yazdırıb.

İyunun 26-da eyni zamanda, Azərbaycan güləşçisi Hacımurad Hacıyev 74 kq çəkidə medal sahibi olub.

Onun həlledici qarşılaşmada isə rəqibi ukraynalı Vasili Mixaylov olub. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən Hacımurad Hacıyev də böyük üstünlüklə qalib gələrək Avropa Oyunlarının bürünc medalına yiyələnib.

Bu, Azərbaycanın II Avropa Oyunlarında 13-cü medalı olub. Azərbaycan idmançıları Minskdə 1 qızıl, 4 gümüş və 8 bürünc mükafat əldə ediblər.

İyunun 21-də Minskdə II Avropa Oyunları başlayıb.

İyunun 30-dək davam edəcək II Avropa Oyunlarına Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı qatılıb.

Orada idmanın 15 növü üzrə 200 dəst medal qazanılmalıdır.

Azərbaycandan Minskə 82 idmançı yollanmışdı. Onlar idmanın 11 növünü təmsil edirdilər.Həmin idmançılardan bəziləri artıq, yarışı medalsız başa vurublar.

Xatırlatma

I Avropa Oyunları 2015-ci ilin iyununda (12-28-də) Bakıda keçirilib. Bakı-2015-də Azərbaycan komanda hesabında ikinci yerdə qərarlaşıb. Onlar 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya tutub.

XS
SM
MD
LG