Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Azər Qasımlı ReAL-dan istefa verdi


A.Qasımlı
A.Qasımlı

Respublikaçı Alternativ (ReAL) Partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib. Bu barədə A.Qasımlı bu gün, noyabrın 6-da partiyadakı proseslərlə bağlı keçirdiyi brifinqdə deyib:

«Bu gün Azərbaycan iqtidari avtoritar rejim qurub və avtoritar praktikaları hər yerdə təbliğ edir. Azərbaycan müxalifəti, özünü alternativ hesab edən siyasi təşkilatlar bunun tam alternativlərini göstərməlidirlər. Amma bu gün ReAL-da gedən proses odur ki, onlar avtoritar rejim qurublar, biz də öz avtoritar rejimimizi quraq».

A.Qasımov vurğulayıb ki, o, ReAL ailəsindən yox, İlqar Məmmədovun partiyasından gedir. Eyni zamanda əlavə edib ki, siyasətdən getmək fikri yoxdur.

Ötən həftə ReAL növbədənkənar qurultayla bağlı İdarə Heyətinin 5 üzvündən ibarət Təşkilat komitəsi yaradıb. Partiyanın Ali Məclisi noyabrın 3-də növbədənkənar qurultayla bağlı qərar qəbul edib.

Onda partiyanın Ali Məclisinin rəhbəri A.Qasımlı demişdi ki, sədr İ.Məmmədov bu yaxınlarda partiyanın indiki təşkilat quruluşu barədə status yazıb (həmin statusda İ.Məmmədov dəyişikliklər paketi təklif edəcəyini bildirirdi-red.): «Bugünkü (noyabrın 3-ü) məclis toplantısında növbədənkənar qurultaya getmək üçün iştirakçıların üçdə ikisinin səsinə ehtiyac vardı, bunu əldə etmək həddən artıq çətindir. Ona görə mən məclis başqanı olaraq hər bir məclis üzvündən xahiş etdim ki, sədrin təklifinə səs versinlər».

Ancaq A.Qasımlı özünün Təşkilat komitəsində təmsil olunmayacağını söyləmişdi: «İlkin versiyada dəyişikliklər təkliflərini bəyənmədim... Ancaq İlqar Məmmədov islahatlar aparmaq istəyirsə, ona kart-blanş verilməlidir».

Hələlik, bütün bu deyilənlərə İ.Məmmədovun özündən münasibət almaq mümkün olmayıb.

İlqar Məmmədov nə deyirdi

Amma elə noyabrın 3-də ReAL sədri İlqar Məmmədov zəruri saydığı dəyişiklikləri Facebook səhifəsindən də açıqlamışdı.

«Dövlət qeydiyyatı almaq cəhdi qarşıdakı parlament seçkisi ərəfəsində önəmlidir... Odur ki, rəsmən Təsis Qurultayı keçirilməli, sənədlər Ədliyyə Nazirliyinə göndərilməlidir», - o yazırdı.

İ.Məmmədov habelə, hesab edirdi ki, partiyanın yerli təşkilatları seçki dairələri əsasında qurulmalı idi. «İdarə Heyəti, Partiya Məclisi, Nəzarət-Təftiş Komissiyası adlandırılan qurumlar əvəzində başqa bir proto-parlament tipli qurum – şərti adını, hələlik, Siyasi Komitə qoyaq – olmalıdır», - o qeyd edirdi.

Orada habelə vurğulanırdı ki, partiya sədrini qurultay deyil, Siyasi Komitə seçməlidir ki, avtoritarizm meylləri yaranmasın, yəni, sədr özünü seçkili qurumdan üstün hiss etməsin.

İ.Məmmədov həmçinin yazırdı ki, seçkidən sonrakı 6 ay ərzində yeni qurultay keçirilməli, seçkinin nəticələri dəyərləndirilməli, yeni planlar cızılmalıdır.

N.Cəfərli
N.Cəfərli

N.Cəfərli: «ReAL-ın bir nəfərin partiyası olması imkansızdır»

«ReAL Ali Məclisinin sədri Azər Qasımlının Məclis başqanlığı və partiya üzvlüyündən istefası təəssüf verici haldır. Onun ReAL-a çox ciddi qatqısı olub...».

Bunu isə ReAL Partiyasinin icraçı katibi Natiq Cəfərli deyib.

N.Cəfərli A.Qasımlının partiyada avtoritarizm haqqında dediklərini yanlış və emosional sayıb: «Həddindən artıq emosionallıqdır. ReAL-ın bir nəfərin partiyası olması imkansızdır. Birincisi, partiya sədri İlqar Məmmədov bunu istəmir. İkincisi, istəsə də alınmaz... İ.Məmmədov sədr ola-ola, həbsdə ikən dəfələrlə ReAL-ın İdarə Heyətinə təkliflər göndərib, amma bu təkliflərin bəziləri heç səsvermədən keçməyib. Baxmayaraq ki, partiyanın sədridir, baxmayaraq ki, həbsdə idi. Odur ki, belə bir partiyanın bir nəfərin partiyasına çevrilməsi mümkün deyil».

N.Cəfərli əksinə, düşünür ki, yeni təklif edilən struktur dəyişikliklərindən sonra ReAL sədri İ.Məmmədovun səlahiyyətləri hətta azalır: «Çünki onu qurultay seçmişdi, yalnız dörd ildən bir seçilən qurultay önündə hesabatlıdır. İndi yeni qurultay partiyanın ali idarəedici orqanlarını seçəcək. Həmin ali idarəedici orqan isə sədri seçəcək. Yəni, İ.Məmmədov seçiləndən sonra həmin orqanlar qarşısında məsuliyyətli və hesabatlı olacaq, bu isə daha çox demokratik bir ortamın yaranmasına səbəb olacaq».

Xatırlatma

2009-cu ilin yanvarında bu təşkilat Respublikaçı Alternativ Hərəkatı kimi təsis edilib. Təşkilatın yaranmasının əsas səbəbi kimi Azərbaycanda bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsinə qoyulan Konstitusiya qadağasının referendum vasitəsilə ləğv olunması göstərilib. Yeni qurum bir sıra müxalifət partiyası kimi buna qarşı çıxıb.

2018-ci il aprelin 7-si və 8-də mərhələli şəkildə Real Alternativ Hərəkatı I təsis qurultayını keçirərək ReAL Partiyasının yaradıldığını bəyan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG